AZ

Əliyar Ağayevlə Fərid Hacıyevin köməyinə VAR çatdı - HAKİMLƏRİN MÜHAKİMƏSİ

28 sarı, 2 qırmızı vərəqənin göstərildiyi turunu səliqəli, intizamlı keçdiyini demək olmaz.

Bununla belə, baş məşqçilər oyunsonrası mətbuat konfranslarında idarəçiliklə bağlı ciddi irad bildirmədi. Təbii ki, Rəşad Sadıqov istisna olmaqla! “Zirə”nin çalışdırıcısı “hakimlik haqda danışmaq istəmirəm, hər şey ortadadı” deyəndən sonra VAR hakimi Cavid Cəlilovun “eninə-uzununa döşədi”.

Neftçi – Kəpəz, FƏRİD HACIYEV
Avrokuboklar uğrunda mübarizədə büdrəmək istəməyən “Neftçi” bütün gücündən istifadə edəcəkdi. “Kəpəz” isə xeyli itki üzündən meydana axsaq çıxmışdı. “Ağ-qaralar” fürsətdən istifadə edib hesabına böyükhesablı qələbə yazdırdı. Meydan sahiblərinin üstünlüyü şəraitində keçən oyunu idarə etmək çətin deyildi. Bakılılar istədiyini ala bilmək üçün ciddi qayda pozuntusuna ehtiyac duymurdu. Qol buraxdıqca aqressivləşən “Kəpəz” isə xeyli səhvə yol verdi. İstər “ağ-qaralar”ın, istərsə də “sarı-göylər”in cəzalandırılmasında qüsur görünmür. Şakir Seyidova göstərilən qırmızı vərəqə də ədalət çərçivəsində oldu. Hər halda, Gəncə təmsilçisinin üzvü özünü yaşıl meydanda yox, hansısa karate turnirindəymiş kimi apardı. Hacıyev üçün Şakirə əvvəl “sarı”, VAR-a baxandan sonra qərarını dəyişib “qırmızı” verməkdən başqa irad tutmayacağıq.

Sumqayıt – Səbail, RƏVAN HƏMZƏZADƏ
“Səbail”in üstün oynasa da, məğlub olduğu matçda nəticəyə görə hakimi qınaya bilmərik. Çünki Həmzəzadə xırda səhvləri çıxmaq şərti ilə qənaətbəxş idarəçiliklə yadda qaldı. “Dənizçilər” fürsətləri boşa verməkdəykən “kimyaçılar” iki dəfə standart vəziyyətdən fərqlənə bildi. Yaxşı haldı ki, futbolçular qaydalar çərçivəsində çıxış etməkdə maraqlı oldular. Xüsusilə “Sumqayıt” qarşıdan gələn iki çətin sınaqdan əvvəl vərəqə cəzası və ya zədə ilə üzləşmək istəmirdi. “Neftçi” – “Kəpəz” matçında olduğu kimi, burda da baş hakimin VAR-a ehtiyac duyması ürəkaçan olmadı. Ona görə ki, epizodun yaxınlığında olan ədalət təmsilçisi topun Adil Nağıyevin əlinə toxunduğunu görməliydi. İnsafən, hakimin pis performans sərgiləmədiyini qeyd edə bilərik.

Araz-Naxçıvan – Turan Tovuz, KAMAL UMUDLU
Ümümilikdə oyun sakit şəkildə keçdi. Yeganə qolla da matçın taleyi həll olundu. Ədalət təmsilçiləri hansısa epizodla bağlı çətinlik çəkmədi. Təkcə Mohammed Kadirinin başla zərbəsindən sonra Denis Marandiçinin topu qapı xəttindən çıxardığı epizoda görə nominal meydan sahibləri etiraz etdilər. Onlar topun qapı xəttini keçdiyini düşünsələr də, VAR-dan gələn qərarla topun xətti keçmədiyi bildirildi. Epizodun təkrarına baxanda da topun xətti keçmədiyini aşkar şəkildə görmək mümkündü. Ümumilikdə isə hakim idarəçiliyinin yaxşı səviyyədə olduğunu deyə bilərik.

Qəbələ – Sabah, ELÇİN MƏSİYEV
Gözlənilmədən autsayeder “Qəbələ”nin üstünlüyü şəraitində davam edən görüş Elçin Məsiyevin rəhbərlik etdiyi hakimlər briqadasına tapşırılmışdı. Oyunda diqqəti çəkən epizodlardan biri Emmanuel Apehin cərimə meydançası daxilində Emil Səfərovla mübarizədə yerdə qalması idi. Videotəkrara baxanda epizodun cərimə meydançasının xəttində və ya daxilində olmasıyla bağlı qərar vermək çətindi. Amma Emilin rəqibi itələdiyi aşkar görünür. Məsiyev isə bu durumu adi mübarizə kimi qiymətləndirdi. Daha bir epizod Davit Volkovun qırmızı almasıdı. Ki, məncə, burda hakim haqlı idi. Çünki gürcü legioner rəqibə aşkar şəkildə başla vuraraq qaydanı pozmuşdu.

Zirə - Qarabağ, ƏLİYAR AĞAYEV
Turun mərkəzi görüşü olduqca maraqlı alındı. Artıq ilk yarıda iki mübahisəli epizod yaşandı. 29-cu dəqiqədə Qismət Alıyevin Hamidu Keytaya qarşı kobudluğu penalti kimi qiymətləndirildi. Epizod öncə FİFA referisinin gözündən yayınsa da, o, VAR-ın müdaxiləsindən sonra “nöqtə”ni göstərdi. Videotəkrarda Alıyevin Keytanın ayağına zərbə endirdiyi göründü. İkinci mübahisəli epizod 43-cü dəqiqədə yaşandı. Vladislav Kulaçla Bəhlul Mustafazadənin mübarizəsində ukraynalı yerdə qaldı. Baş hakim cərimə zərbəsi təyin etsə də, “Zirə”nin futbolçuları israrla penalti istədi. Lakin təcrübəli referi doğru qərar verdi və cərimə zərbəsi təyin etdi. Videotəkrarda toxunuşun cərimə meydançasından kənarda olduğu göründü. Ümumilikdə Ağayev və briqadası matçı ideala yaxın idarə etdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
football-plus.az

1Mənbələr