AZ

Makronun ritorikası sülh yox, hərb, diktatura, aqressiya, kolonializm ritorikasıdır-Sultan Zahidov- ÖZƏL

"Fransanın bugünkü xarici siyasəti neokolonializmdən fərqlənmir. Bu gün Fransanın həm  Afrikada, həm Yaxın Orta Şərq, Qafqaz, Sakit Okean, Hind Okeanı hövzəsinə yönəlik yürütdüyü siyasətdə açıq-aşkar kolonial, istismar elementlərini görə bilərik". 

Bu fikirləri politoloq  Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:

"Fransa son vaxtlar Afrikadakı siyasətində böyük uğursuzluğa düçar oldu. Onun Mali, Niger, Burkino-Faso kimi ölkələrdən çıxarılması, Fransanın Afrika regionundakı təsir dairəsini xeyli  zəiflədən faktorlardan oldu. Məhz  bu səbəbdən Fransa hazırda çalışır ki, digər regionlarda öz mövqeyini möhkəmləndirsin. Burada da Sakit Okean, Hind Hövzəsi regionu  xüsusi diqqət kəsb edir. Həmin regionda Fransanın nəzarətində olan müəyyən bölgələr mövcuddur. Fransa məhz bu baxımdan həmin regionda gah Çinlə, gah Avstraliya ilə, gah Hindistanla müxtəlif növ əməkdaşlıq sazişlərinə imza ataraq regionda öz dayaqlarını möhkəmləndirməyə çalışır. Məhz bu səbəbdən  Fransa Afrikadakı fiaskonu Sakit Okean, Hind hövzəsi regionunda yaşamamaq üçün öz kolonial ərazilərində heç bir halda nüfuzunu itirmək istəmir. Məhz bu səbəbdən də Yeni Kaledoniyada baş verən etirazlara aqressiv müdaxilə edir, heç bir halda Yeni Kaledoniyanın müstəqilliyinə rəvac vermir. Bu onu göstərir ki, Makronun ritorikası sülh yox, hərb, diktatura, aqressiya, kolonializm ritorikasıdır. Uzun illər ərzində özünün Afrika və digər regionlardakı koloniyalarına qarşı istibdad rejimini sürdürən Fransa bu gün eynisini həm də Sakit Okean hövzəsindəki koloniyalarına qarşı həyata keçirir. Fransanın Afrikadan qətliamlar törədərək çıxarıldığını bilirik. 1954-1962-ci ilin Fransa-Əlcəzair müharibəsində baş verən o qətliamlar, aqressiv ritorika bu günün özündə də davam etməkdədir. Həm Afrikada, həm Sakit Okean hövzəsində insanların Fransaya qarşı çıxdığının, Fransanın istibdad rejimindən bezərək müstəqilliyə can atdığının şahidi oluruq. Afrikada ölkələrin hamısı müstəqildir, amma Sakit Okean hövzəsində hələ də Fransanın nəzarəti altında olan ada ölkələr mövcuddur. Hansı ki, Fransa heç bir halda onların müstəqilliyini vermək niyyətində deyil. Bu da sözsüz ki, beynəlxalq hüququn prinsipləri ilə müəyyən mənada ziddiyyət təşkil edir, çünki Yeni Kaledoniya ilə bağlı ən son qəbul olunan qərarda da razılaşdırılmışdı ki, Kaledoniya xalqının özü Kaledoniyanın gələcəyi ilə bağlı iradə ortaya qoymaq hüququna malikdir. Amma Fransa bu günə kimi ələlxüsus da Makronun dönəmində Kaledoniya xalqının öz iradəsini ortaya qoymaq imkanı tanımır, hər vəchlə bu imkanlara müdaxilə edərək oranın müstəqilliyinə qarşı çıxmağa çalışır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
olaylar.az

1Mənbələr