AZ

Ətraf mühiti qoruyaq: Sağlamlığımız ekologiyamızın vəziyyətindən asılıdır

6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi

Ekologiya və ətraf mühitin problemləri bütün dünyanı əhatə edir və qlobal xarakter daşıyır. Bütün ölkələrin olduğu kimi, Azərbaycanın da prioritet məsələlərindən biri ətraf mühiti qorumaq və onun məhvinin qarşını almaqdır.

Bakıvaxtı.az-ın məlumatına görə, Azərbaycan dövləti ətraf mühitin qorunması, məhvinin qarşının alınması istiqamətində bir çox işlər görüb, qlobal ekoloji problemlərin həllində fəal iştirak etmək üçün beynəlxalq konvensiyalara qoşulub.

Belə ki, Azərbaycan 1993-cü ildə “YUNESKO-nun Ümumdünya mədəni və təbii irsin qorunması haqqında Konvensiya”, 1998-ci ildə “ Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında Konvenisya”, 1999-cu ildə “Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”, 2004-cü ildə “BMT-nin Avropa İqtisadi Komissiyasının Sənaye qəzalarının trassərhəd təsiri haqqında Konvensiya” kimi bir çox belə beynəlxalq ekoloji konvensiyalara qoşulub.

Yaşadığımız mühiti qorumaq, ətraf mühitin qayğısına qalmaq hər kəsin borcudur. Ekologiyanın və ətraf mühitin mühafizəsi məsələsi daim ölkəmizin diqqət mərkəzində olmuş, yaranan problemlər hər birimizi narahat etmişdir. Çünki bizim sağlamlığımız bir növ ekologiyamızın vəziyyətindən asılıdır.

Özümüzün və gələcək nəsillərin sağlam mühitdə yaşaması üçün hər birimiz bu işdə öz məsuliyyətimizi dərk etməli və bu məsələnin ciddiyyətini dərindən anlamalıyıq.

Bu istiqamətdə insanların maarifləndirilməsi, təbiəti qorumağın mümkünlüyü barədə cəmiyyətə məlumatlar verilir və bir sıra tədbirlər həyata keçirilir.

Amin Məmmədov: Ermənilərin Qarabağda ətraf mühitə vurduğu zərəri dünyaya çatdırmaq üçün imkanımız olacaq

Mövzu barədə Bakıvaxtı.az-a məlumat verən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov bildirib ki, ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı son 20 ildə çox işlər görülüb. Onun sözlərinə görə, Ümumilli lider Heydər Əliyevin sərəncamı ilə 2002-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb və bu nazirlik yaradılandan sonra bu istiqamətdə fəaliyyət göstərən bir neçə qurum birləşdirilib:

“Meşə ehtiyatları, su ehtiyatları, biomüxtəliflik, torpaq və hava, yəni bunların hamsı ilə bağlı mövcud olan qurumlar hamsı birləşdirilib və bir nazirlik təsis olunub”.

Amin Məmmədov qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi təsis olunandan bu günə kimi ölkədə ətraf mühit və təbii ehtiyatların qorunması siyasətinin istiqamətini müəyyən edən əsas dövlət qurumudur.

Müsahibimiz Azərbaycanın ətraf mühitin qorunması sahəsində bir çox beynəlxalq konvensiyalara qoşulduğunu və bu konvensiyalar üzrə ölkəmizin öz öhdəliklərini uğurla yerinə yetirdiyini söyləyib.

Havanın çirklənməsinin canlıların sağlamlığına zərər vurması, oların məhvinə gətirib çıxarması ilə yanaşı, ekoloji tarazlığı pozması məlumdur. Karbon qazının ekologiyaya vurduğu ziyanı nəzərə alaraq, bu ilin noyabrında keçiriləcək COP-29 tədbirinin ekologiyanın və ətraf mühitinin qorunması istiqamətində mühüm tədbir olduğunu deyə bilərik. Çünki COP29-un məqsədi karbon qazının miqdarını sənayeləşdirmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq və yaşıl enerji növlərinin yaradılmasıdır.

Ekoloq keçən il COP28-in Birləşmiş Ərəb Əmirliklərində keçirildiyini və iqlim dəyişikliyi ilə mübarizənin tərəflərinin növbəti görüşünün, yəni COP29-un Bakıda keçirilməsi ilə bağlı qərar verildiyini xatırladıb.

Həmsöhbətimiz bu tədbir çərçivəsində ölkəmizə dünyanın 100-dən çox ölkəsindən nümayəndələrin gələcəyini diqqətə çatdırıb:

“Azərbaycana dünyanın 100-dən çox ölkəsindən təqribən 70-80 minə yaxın nümayəndələr gələcək. Ölkə başçıları, baş nazirlər, ətraf mühitə cavabdeh nazirlər, beynəlxalq qeyri-hökümət təşkilatları, BMT-nin müxtəlif proqramları və s. hər biri ətraf mühitlə bağlı fəaliyyət göstərən təşkilatlar ölkəyə gələcək. Həmçinin xaricdə olan və ətraf mühitlə bağlı çalışan fəallar Azərbaycana noyabrda bu tədbirdə iştirak üçün gələcəklər”.

Ekoloqa görə, COP29 Azərbaycan üçün unikal bir fürsətdir ki, dünya ictimaiyyətinə ətrah mühit sahəsində gördüyü işlər barədə məlumat versin və İqlim Dəyişikliyi ilə Mübarizə üzrə Çərçivə Konvensiyasının əsasında üzərinə götürdüyü öhdəliklərin icrası ilə bağlı təqdimatlar etsin:

“Bildiyimiz kimi, SOCAR Dubaydakı COP28 tədbirində metan tullantılarının sıfıra endirilməsi ilə bağlı könüllü öhdəlik götürüb. Həmçinin 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35%, 2050-ci ilə qədər isə 40% azaldılmasını öhdəlik olaraq götürüb”.

Həmsöhbətimiz həmçinin Qarabağın işğal altında olduğu dövrdə ətraf mühitə vurulan ziyanla bağlı dünya ictimaiyyətinə məlumat vermək imkanının yarandığını və bu istiqamətdə artıq hazırlıq işlərinin getdiyini vurğulayıb.

Qeyd edək ki, COP29-un yüksək səviyyədə keçirilməsi üçün Prezident Administrasiyanın rəhbəri Samir Nuriyevin başçılığı ilə Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsində bütün dövlət qurumlarının çoxunun rəhbərləri, vətəndaş cəmiyətinin nümayəndələri təmsil olunur.

Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilmiş torpaqları “Yaşıl enerji” zonası elan edib və 2022-2026cı illər üzrə tədbirlər planı təsdiqlənib və 2050-ci ilədək bu ərazilərin “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulub.

Onu da vurğulayaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

Sərəncamda deyilir ki, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Mina Mikiayılova

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
bakivaxti.az

1Mənbələr