AZ

İrakli Qoqava: “Qərbə bizim müstəmləkə olmadığımızı öyrədəcəyik” – MÜSAHİBƏ

“Gürcüstanda 5-ci kolona praktiki olaraq çevriliş etmək əmri verilib, lakin biz müstəqilliyimizi qoruyub saxlayacağıq”

Beynəlxalq münasibətlər üzrə gürcü ekspert, politoloq İrakli Qoqava “Caliber” analitik mərkəzinə müsahibəsində Gürcüstanda baş verən hadisələri şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

– ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayen bu həftə Tbilisiyə səfər etdi, lakin bunu əlbəttə ki, dostluq səfəri adlandırmaq olmaz; faktiki olaraq, o, parlamentin qəbul etdiyi “Xarici təsirin şəffaflığı” haqqında qanun layihəsinin Qərbin tələblərinə uyğun olaraq köklü şəkildə dəyişdirilməcəyi təqdirdə ABŞ-ın Tiflisə qarşı təhdidlərini səsləndirib. Bidzina İvanişvilinin onu qəbul etməkdən imtina etdiyini nəzərə alsaq, O`Brayen-in Gürcüstana səfərinin ümumi gündəliyi nə idi?

– ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayen baş nazir İrakli Kobaxidze, parlamentin sədri, liberal müxalifət, elit qərbyönlü QHT-lərlə, eləcə də bəzi biznes nümayəndələri ilə görüşlər keçirib. Xarici yüksək vəzifəli qonaqlar ənənəvi olaraq Gürcüstan ictimaiyyətinin nümayəndələri ilə görüşmürlər. Onlar tərəfindən maliyyələşdirilən və dəstəklənən qruplarla görüşmək daha rahatdır. Bu halda bəyanatlar məhz bu liberal qruplara söykənir və onların dedikləri gürcü xalqının mövqeyi kimi təqdim olunur. Texnologiya budur: yəni öz-özünə danışır, gürcü xalqının fikrinə məhəl qoyulmur. Reallıqda sosiologiya göstərir ki, Gürcüstan əhalisinin 80%-i bu qanunun tərəfdarıdır, yalnız 20%-i liberal qüvvələri dəstəkləyir.

Qərblə Gürcüstan arasında münaqişə göz qabağındadır və bu, Gürcüstan hakimiyyətinin ölkədəki qərarların qəbulu prosesinə xarici mərkəzlərin təsir alətini aradan qaldırmaq qərarı ilə bağlıdır. Bu alət digər ölkələrin maraqlarına xidmət edən, bəzən Gürcüstanın milli maraqlarına xələl gətirən yüzlərlə yaxşı maliyyələşən QHT, liberal media, 15 siyasi partiya və saxta elitadan ibarətdir. Biz mahiyyətcə 5-ci kolondan danışırıq.

Təbii ki, Qərb Gürcüstan üzərində təsir rıçaqlarını itirmək istəmir. Görünür, onlar hələ suveren dövlət kimi ölkəmizlə bərabərhüquqlu, qarşılıqlı faydalı münasibətlər qurmağa əqli cəhətdən hazır deyillər. Axı 2004-cü ildən Gürcüstan tam kənar nəzarətdədir və bunun nəticəsində çoxlu problemlər yaranıb. İqtisadi baxımdan Qərb-Gürcüstan münasibətləri klassik “metropolis-müstəmləkə” münasibətləri anlayışına tam uyğun gəlir- bu zaman Gürcüstan ucuz işçi qüvvəsi və qızıl, mis, manqan, taxta, diatomit, metal, əlvan metallar verir və əvəzində Qərbdən sənaye məhsulları alır. Bizə fabrik tikmək qadağandır və bunun üçün bizə kredit də verilmir.

– Hakim partiya bununla bağlı hansı qərarı verdi?

– Gürcüstan hakimiyyəti bu formatda münasibətlərə son qoymaq niyyətindədir və öz suverenliyini qorumaq yolunu tutub. Xalq bu işdə onları dəstəkləyir və aprelin 29-da 200 mindən çox insan Tbilisinin mərkəzində keçirilən ümumgürcü toplantısına qatılaraq öz dəstəyini bildirib. Bir milyon əhalisi olan bir şəhərdə bu, təsirli bir rəqəmdir. Müqayisə üçün: Gürcüstan müxalifəti mayın 11-də keçirilən mitinqə cəmi 38 min tərəfdar çıxarıb.

Siyasi vəziyyətin gərginləşməsinə səbəb olan “Xarici təsirin şəffaflığı haqqında” qanunun özü də unikal deyil. Müxtəlif ölkələrdə oxşar qanunlar var: ABŞ, Avstraliya, Macarıstan, İsrail, Böyük Britaniya, Fransa, Rusiya.

Əsas münaqişə ondan ibarətdir ki, Qərb Gürcüstanı total nəzarətdən çıxarmaq istəmir. Gürcüstanda 5-ci kolona praktiki olaraq çevriliş etmək əmri verilib, lakin onlar o qədər marjinaldırlar ki, bu vəzifənin öhdəsindən gələ bilmirlər. Bunun obyektiv səbəbləri var - Gürcüstanda hakimiyyət güclüdür, dövlət sistemləri yaxşı işləyir. Əhalinin əksəriyyəti isə hakimiyyətə müxalif qüvvələrin yaydığı saxta şüarlara inanmır. Xalqımız başa düşür ki, çevriliş uğur qazansa, Gürcüstan Rusiya ilə yeni müharibəyə mütləq cəlb olunacaq. Ona görə də iqtidar tərəddüd etsə də, əlamətləri müşahidə olunmasa da, xalq 5-ci kalona sərt müqavimət göstərəcək. Onların hakimiyyətə gəlməsinə imkan verməyəcəyik.

Əslində, Gürcüstan geosiyasi qaydaları dəyişməyə çalışmır, biz heç kimlə münasibətləri kəsmək istəmirik. Bu, anti-Qərb proses deyil, bu, anti-müstəmləkəçilik üsyanıdır. Biz Avropaya və hər kəsə dövlətimizin suverenliyinə hörmət edərək bizimlə bərabər şərtlərdə ünsiyyət qurmağı öyrədəcəyik. Gürcüstan bütün vektorların açıq olduğu, heç kimin buradan təhdid olunmadığı bir yerə çevrilməlidir- Soyuq Müharibə dövründə Avstriyanı model kimi göstərmək olar.

– İvanişvili ilə ABŞ hakimiyyəti arasında münaqişənin mahiyyəti nədir?

– Bidzina İvanişvili şəxsi 2 milyard dollarını Qərbə etibar edərək Qərb banklarına yerləşdirdi və onlar onun şəxsi vəsaitlərinə çıxışını dondurdular. Təbii ki, bizdə bu, Gürcüstanın milli maraqları hesabına qərarların qəbulu prosesinə təzyiqin başqa bir yolu kimi qəbul edilir. İvanişvilinin mövqeyi son dərəcə aydındır: tərəfdaşları şantaj dilindən istifadə etdikcə, o, belə şərtlər altında onlarla danışmayacaq. Bunun mənası nədi? O, ölkənin maraqlarını girişi dondurulmuş şəxsi vəsaitləri ilə mübadilə etməyə hazır deyil. Reallıqda o, artıq sanksiyalar altındadır, baxmayaraq ki, heç kim onları rəsmi şəkildə açıqlamayıb. Görünən odur ki, Qərb öz bank sisteminə bu cür reputasiya ziyanına məruz qaldığından, paylar çox yüksəkdir. Bu proses hər kəsə görünür və bir çox imkanlı xarici müştərilər, o cümlədən siyasətçilər gələcəkdə şantaj və təzyiq obyektinə çevrilməmək üçün artıq Avropa banklarından pullarını çıxarırlar.

Qərb siyasətçiləri Gürcüstanın daxili işlərinə qarışmağı dayandırmalı və praqmatik dialoqa şərait yaratmalıdırlar. Biz Avropa ilə Gürcüstanın maraqlarını nəzərə alan yeni münasibətlər qurmaq niyyətindəyik. Bu gün belə bir şey yoxdur; Məsələn, Gürcüstana Avropa ölkələrinin 4 xarici işlər naziri gəldi. Onları heç kim dəvət etmədi, bizim səlahiyyətlilərdən razılıq belə istəmədilər, amma gəldilər. Bu necə münasibətdir? Bu harda görülüb? Aydındır ki, onlar ehtirasları qızışdırmağa gəliblər. Ona görə də Gürcüstan avropalı siyasətçiləri yenidən maarifləndirmək niyyətindədir. Onlar təkəbbürlüdürlər və Cənubi Qafqaz ölkələrinin nümayəndələrinə cəngəllik sakinləri kimi baxırlar. Amma unutmaq olmaz ki, gürcü dövlətçiliyinin 3000 yaşı var. Biz onlarla imperiyadan sağ çıxdıq və həmişə xarabalıqlarımızdan qalxdıq. Atalarımız bizə elə mədəni-mənəvi kod qoyublar ki, o, hər zirehdən yaxşıdır. Millət təkcə bu gün mövcud olanlar deyil, həm də keçmişdə olanlar və gələcəkdə olacaqlardır. Millət müqəddəs, dinamik bir hərəkatdır, zamanla uzanır və onun mühafizəçiləri var. Gürcüstan güc yeridir, lakin Qərb bunu başa düşmür, görünür, sadəcə, ona görə ki, Avropanın sivilizasiya dövrü hələ də tarixi standartlara görə gəncdir; Fikrimcə, Qərb danışıqlar masası arxasına əyləşib, Gürcüstanın suverenliyinin birinci yerdə olacağı yeni qaydalar üzərində razılaşmalı olacaq. Bu prosesi başa düşməyənlər üçün bunu daha aydın izah edəcəyəm: biz yeni müstəqil Gürcüstan qurmağa başlamışıq, Allah bizimlədir!

– Yeni baxış işığında Azərbaycan, Gürcüstan və Ermənistan arasında əməkdaşlığı necə görürsünüz?

– İlk növbədə, Cənubi Qafqazdan bütün xarici oyunçuları sıxışdırmalıyıq. Onlar ancaq daxili işlərimizə qarışanda bəla gətirirlər. Yalnız suveren Azərbaycan, Ermənistan və Gürcüstan regionumuzda sabit sülh bərqərar edə bilər. Mən Cənubi Qafqazın mülayim iqtisadi inteqrasiyasının tərəfdarıyam, burada inteqral iqtisadi modelin prinsiplərinə əsasən, əmək və iqtisadi funksiyalar bölünməli, eyni zamanda bir-birinə zəmanətli satış bazarı təmin edilməlidir. Birinci mərhələdə 3 dövlət regionumuzun hara getdiyini müəyyənləşdirməli və prinsipləri razılaşdırmalıdır. Yəni ilk “üç” ölkəni dostluq şəbəkəsinə alırıq. Bundan sonra biz quru qonşularımız olan Rusiya, Türkiyə, İranla praqmatik münasibətlər qurmalıyıq. Bu, artıq regionda tərəfdaş ölkələrin ikinci “üçlüyü”dür. Üçüncü mərhələ bizim dünya güc mərkəzləri ilə: ABŞ, Avropa, Çin, Hindistanla əlaqələrimizin qurulmasıdır. Nəticədə, 7-8 ildən sonra biz “3+3+4” düsturuna uyğun hərtərəfli əməkdaşlığın səmərəli modelini əldə edəcəyik.

Fikrimcə, bizim əməl etməli olduğumuz əsas prinsip dövlətlərimizin ərazilərindən heç kimə təhlükənin olmamasıdır. Əgər biz buna nail olsaq, Cənubi Qafqaz dünyanın ən sabit və zəngin regionlarından birinə çevriləcək. Bunun üçün hər şeyimiz var.

Tərcümə - Elçin Bayramlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
sesqazeti.az

1Mənbələr