AZ

Azərbaycanın xarici ticarət saldosu kiçilir – Manata təzyiq yenidən artacaq?

2024-cü ildə Azərbaycanın xarici ticarət saldosunun həcmində ciddi azalma müşahidə edilir. 


Sfera.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-aprel ayları ərzində xarici ticarət saldosunun məbləği 2,7 milyard dollar olub. Bu məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 2,69 dəfə azdır. 2023-cü ilin ilk 4 ayı ərzində xarici ticarətdə 7,29 milyard dollar müsbət saldo qeydə alınmışdı. Bu il xarici ticarətdəki saldonun məbləği 2021-2024-cü illərin ən kiçik göstəricisidir. 


Cari dövrdə ticarətdə müsbət fərqin kiçilməsinin əsas səbəbi ixracın kəskin azalması ilə bağlıdır. İlk 4 ayda ixracın dəyəri 8,17 milyard dollar olub ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 4,41 milyard dollar və ya 35 faiz azdır. Bulki ixrac 2022-ci ilin eyni dövründən isə 3,65 milyard dollar və ya 31 faiz azdır. 
İxracın azalmasına səbəb neftin ixrac miqdarının azalması, eləcə də təbii qazın ixrac qiymətlərinin xeyli aşağı düşməsidir. 


Xarici ticarətdə saldonun kiçilməsinə ixracın azalması ilə yanaşı idxalın artması da təsir edir. 2024-cü ildə son 4 ilin ən yüksək idxal göstəricisi qeydə alınıb. Yanvar-aprel aylarında idxalın dəyəri 5,464 milyard dollara yüksəlib ki, bu da 2023-cü ilə nisbətən 164 milyon dollar, 2022-ci ilin eyni dövrünə nisbətən 1,42 milyard dollar çoxdur. 


Həm ixracın azalması, həm də idxalın artması xarici ticarətdə müsbət fərqi kiçildir. 


Xarici ticarətdə saldonun məbləğinin bu qədər sürətlə kiçilməsi Azərbaycan üçün arzulanan hal deyil. Çünki cari əməliyyatlarda, həmçinin tədiyə balansında tarazlığın təmin edilməsi məhz xarici ticarətin vəziyyətindən asılıdır. 


Azərbaycanın tədiyə balansının vəziyyəti elədir ki, maliyyə hesabı bölməsində yaranan böyük kəsir məhz cari əməliyyatlardakı profisitlə bağlanır. Buna görə də cari əməliyyatlarda müsbət fərq kiçiləndə maliyyə hesabında yaranan mənfi fərqi bağlamaq mümkün olmur. 


Biz bunu 2020-ci ildə müşahidə etmişik. 2020-ci ilin birinci yarısında xarici ticarətdə saldo 2,29 milyard dollara düşdüyündən həmin dövrdə cari əməliyyatlarda müsbət fərq 600 milyon dollara qədər azaldı. Maliyyə hesabında isə mənfi fərq 950 milyon dollar olduğundan ümumən tədiyə balansında tarazlığı təmin etmək mümkün olmadı. 


Tədiyə balansında kəsirin yaranması manatın məzənnəsinə təzyiqi artırır. Bu halda manatın məzənnəsində sabitliyi təmin etmək üçün yaranan kəsir ya Mərkəzi Bankın, ya da Dövlət Neft Fondunun vəsaitləri hesabına bağlanmalıdır.


Bu il ölkəmizdə dollara tələbin nisbətən yüksək olmasında məhz xarici ticarət saldosunun kiçilməsinin böyük təsiri var. Növbəti aylarda əgər xarici ticarətdə saldo bir qədər də kiçilərsə, yəqin ki, dollar təklifi azalacaq və manata təzyiq bir qədər də artacaq. 


Vasif
 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
17
sfera.az

10Mənbələr