AZ

Azərbaycan tolerantlıq və multikulturalizm ənənələrinə sadiq ölkədir - TƏHLİL

Prezident İlham Əliyev: "Tolerantlıq və multikultural dəyərlər Azərbaycan cəmiyyətinin demokratik birgəyaşayış normasıdır"

"Fərqli sivilizasiyaların qovşağında yerləşən Azərbaycanda heç vaxt etnik-dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməmiş, tarixən qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olmuşdur».Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Kral Abdullah bin Əbdüləziz Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Lissabonda təşkil etdiyi Qlobal Dialoq Forumunun iştirakçılarına məktubunda yer alıb.

“Tolerantlıq və multikultural dəyərlər Azərbaycan cəmiyyətinin demokratik birgəyaşayış normasıdır. Bakıda keçirilən ənənəvi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forum, Dünya Dini Liderlərinin Sammiti kimi nüfuzlu tədbirlər mədəniyyətlərarası münasibətlərin inkişafında mühüm rol oynayır. Biz inanırıq ki, etnik-mədəni müxtəliflik ayırıcı xətt deyil, əksinə, xalqlar arasında ahəngdar inkişafa xidmət edən unikal sərvətdir”, - deyə dövlətimizin başçısının məktubunda qeyd olunub.

Prezident ilham Əliyevin məktubunda o da bildirilir ki, Azərbaycanda heç vaxt etnik-dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməyib: "Fərqli sivilizasiyaların qovşağında yerləşən Azərbaycanda heç vaxt etnik-dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməmiş, tarixən qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olmuşdur".

Dövlət başçısı qeyd edib ki, tolerantlıq və multikultural dəyərlər Azərbaycan cəmiyyətinin demokratik birgəyaşayış normasıdır. Bakıda keçirilən ənənəvi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forum, Dünya Dini Liderlərinin Sammiti kimi nüfuzlu tədbirlər mədəniyyətlərarası münasibətlərin inkişafında mühüm rol oynayır. Biz inanırıq ki, etnik-mədəni müxtəliflik ayırıcı xətt deyil, əksinə, xalqlar arasında ahəngdar inkişafa xidmət edən unikal sərvətdir.

"COP29 ÇƏRÇİVƏSİNDƏ DÜNYA DİNİ LİDERLƏRİNİN ZİRVƏ GÖRÜŞÜ İQLİM DƏYİŞMƏLƏRİ PROBLEMLƏRİNİN HƏLLİNDƏ SİYASƏT VƏ DİN XADİMLƏRİNİN HƏMRƏYLİYİNİN VACİBLİYİNİ TƏSDİQLƏYƏCƏK"

"Bu ilin noyabrında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində nəzərdə tutulmuş dünya dini liderlərinin zirvə görüşü, əminəm ki, qlobal iqlim dəyişmələri problemlərinin həllində siyasət və din xadimlərinin həmrəyliyinin vacibliyini bir daha təsdiq edəcəkdir".

Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Kral Abdullah bin Əbdüləziz Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Lissabonda təşkil etdiyi Qlobal Dialoq Forumunun iştirakçılarına məktubunda yer alıb.

“Hazırda planetimizin müxtəlif bölgələrində, fərqli coğrafiyalarda baş verən geostrateji ziddiyyətlər beynəlxalq təhlükəsizlik arxitekturasının dəyişməkdə olduğunu göstərir, ikitərəfli və çoxtərəfli münasibətlərdə yeni yanaşmalar tələb edir. Müasir çağırışlar dinin cəmiyyət həyatında və beynəlxalq münasibətlərdə rolunun düzgün müəyyənləşdirilməsi, dindən siyasi məqsədlər üçün istifadəyə yol verilməməsi və sivilizasiyalararası əməkdaşlığın gücləndirilməsi zərurətini qarşıya qoyur”, - deyə məktubda vurğulanıb.

Prezident İlham Əliyevin Kral Abdullah bin Əbdüləziz Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Lissabonda təşkil etdiyi Qlobal Dialoq Forumunun iştirakçılarına ünvanladığı məktubunda o da bildirilir ki, bu gün bəşəriyyətin üzləşdiyi qlobal problemlərin vaxtında qarşısının alınması üçün hər kəs öz məsuliyyətini dərk etməli, dövlət rəhbərlərinin və dini liderlərin bütün səy və imkanları narahat dünyamızın firavan, sabit və dayanıqlı gələcəyi naminə səfərbər olunmalıdır.

AZƏRBAYCAN BÖLGƏDƏ MULTİKULTURALİZM DƏYƏRLƏRİNİN ÜSTÜNLÜK TƏŞKİL ETMƏSİNİN TƏRƏFDARIDIR

Bu gün dünyanın müxtəlif bölgələrində baş verən qarşıdurmaların və bu qarşıdurmalardan törəyən faciələrin də əsas səbəbi dini və milli dözümsüzlük və anlaşılmazlıqdır. Bu anlaşılmazlıqların aradan qaldırılmasının isə bir yolu var: qarşılıqlı əməkdaşlıq və dialoq. Bunun üçün də maraqlı tərəflərin bir yerə toparlanaraq dialoqa girmək üçün münbit məkana ehtiyac yaranır. Belə məkanlardan biri də son 15-20 ildə özünü dünyaya multikultural və tolerant bir dövlət kimi təqdim etməyi bacaran Azərbaycandır.

Çoxəsrlik tolerantlıq ənənələrinə malik Azərbaycanda tarix boyu müxtəlif xalqların və dinlərin nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayıb. Azərbaycan dövləti demokratik, hüquqi prinsiplərə əsaslanan birgəyaşayışa, yüksək dözümlülük mühitinin, multikultural dəyərlərin təşviqinə xüsusi əhəmiyyət verir. Azərbaycan müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub. Bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Azərbaycan Respublikası indi bütün dünyada həm də etnomədəni münasibətlərə, fərdiliyə, özünü ifadə tərzlərinə tolerant münasibət göstərən nümunəvi dövlət kimi tanınır. Odur ki, biz “ümumbəşəri mədəniyyət” dedikdə, onun bütün etnik mədəniyyətlərin toplusu, bəşəriyyətin ortaq tarixi-mədəni irsi olduğunu xüsusi qeyd etməliyik. Onu da vurğulamalıyıq ki, müasir dövrdə tolerantlıq prinsipləri həm də dünyada sülh və təhlükəsizliyin, qarşılıqlı faydalı əməkdaşlığın, xalqların hüquq bərabərliyinin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun bərqərar olunmasına istiqamətləndirilmiş beynəlxalq səylərin ayrılmaz tərkib hissəsidir. Azərbaycan müasir dövrün həyəcan, narahatlıq doğuran çağırışlarına özünün ən böyük uğurlarından biri – multikulturalizmin Azərbaycan modeli ilə cavab verməkdədir. Bu, həm də onunla əlamətdardır ki, dəyişən, yeniləşən dünyada Azərbaycan xalqının mədəni müxtəlifliyə qayğısı, onun inkişafında, daha da möhkəmlənməsində marağı dünyanın diqqət mərkəzindədir və bu proses beynəlxalq səviyyədə uğurla dəstəklənir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev seçim yolunun xalqlar və dinlər arasında bərabərliyin və qarşılıqlı faydalı əməkdaşlığın olduğunu göstərmişdir. Azərbaycan xalqı onun bu istiqamətdə bütün müdrik tövsiyə və çağırışlarını yekdilliklə dəstəkləmişdi. Bu, xalqımızın tarixi missiyasında əsaslı dönüşə səbəb olub. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin birlik, bərabərlik konsepsiyasına yeni nəfəs verib, onu daha da zənginləşdirərək təkmilləşdirib, reallaşdırıb. Bu proses davamlı və mükəmməl olan Azərbaycan multikulturalizmi modeli kimi formalaşıb, ölkəmizi sosial-mədəni müxtəlifliyin unikal xəzinəsinə çevirib. Azərbaycanda tolerantlıq mühiti hər zaman ən yüksək səviyyədə olduğu üçün burada multikulturalizm, millətlər və dinlər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər, elmi konfranslar keçirilir. Respublikamızda dini dözümlülüyün, dini müxtəlifliyin, milli və dini tolerantlığın, multikulturalizmin, milli-mənəvi dəyərlərin inkişafında və təbliğ edilməsində Heydər Əliyev Fondunun əvəzolunmaz xidmətləri vardır. Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə 2016-cı il “Multikulturalizm ili” elan edilmişdir. Ölkəmizdə mədəniyyətlərarası dialoqun formalaşmasını şərtləndirən əsas amillərdən biri də Azərbaycanın coğrafi baxımdan qərarlaşdığı məkanın Şərqlə Qərbin qovuşağında yerləşməsidir. Azərbaycan bu gün iki fərqli sivilizasiya arasında körpü rolunu oynamaqla, Şərq və Qərb yarımkürələrində öz nüfuzunu gücləndirməkdədir. Bu ideya dövlətin xarici siyasət kursunda da kifayət qədər özünü əks etdirir. Bu gün Azərbaycan BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı kimi mötəbər təşkilatların tamhüquqlu üzvüdür. Azərbaycan Avropa İttifaqının həyata keçirdiyi “Şərq tərəfdaşlığı” layihəsi çərçivəsində Avropaya inteqrasiya prosesini uğurla davam etdirir.

Əminliklə demək olar ki, bu gün Azərbaycan multikulturalizmi regionda və dünyada sabitliyə, təhlükəsizliyə, etnomədəni müxtəlifliyin qorunmasına, mədəniyyətlərin dialoquna qarşı yönəldilmiş bir çox təhdidlərə layiqli humanitar cavabdır. Bu məqsədlər təcavüzkar Ermənistanla müqayisədə Azərbaycan Respublikasının beynəlxalq münasibətlərdə mövqeyini və nüfuzunu xeyli gücləndirməkdədir. Odur ki, dünya birliyi Azərbaycanın təkcə ərazi bütövlüyünün bərpa olunmasına yönəlik səylərini deyil, həm də onun dünyada sabitliyin, əmin-amanlığın, mədəniyyətlər arasında dialoqun qurulması istiqamətində fəaliyyətini dəstəkləyir.

ÖLKƏMİZDƏ DİNİ VƏ YA MİLLİ ZƏMİNDƏ HEÇ BİR ZAMAN QARŞIDURMA OLMAYIB, MÜXTƏLİF DİNLƏRİN, MƏDƏNİYYƏTLƏRİN, MİLLƏTLƏRİN NÜMAYƏNDƏLƏRİ SÜLH, QARŞILIQLI HÖRMƏT ŞƏRAİTİNDƏ YAŞAYIBLAR

Azərbaycan sülhsevər, qədim sivilizasiyaya, mədəniyyətə və tarixə malik olan bir ölkədir. Ölkəmizdə dini və ya milli zəmində heç bir zaman qarşıdurma olmayıb, müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin nümayəndələri sülh, qarşılıqlı hörmət şəraitində yaşayıblar. Bu gün Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin məqsədlərindən biri də mədəniyyətlərin bir-birinə inteqrasiyası, uğurlu, sağlam və firavan cəmiyyətin formalaşdırılmasının əsaslarının müəyyənləşdirilməsidir. Azərbaycanda dövlət səviyyəsində multikulturalizm siyasəti yürüdülür, müxtəlif beynəlxalq və yerli əhəmiyyətli tədbirlər təşkil olunur.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bildirmişdir ki, Azərbaycan bölgədə multikulturalizm dəyərlərinin üstünlük təşkil etməsinin tərəfdarıdır. Ölkə başçısı tolerantlığın və multikulturalizmin artıq dövlət siyasətinə və cəmiyyətin həyat tərzinə çevrildiyinə xüsusi önəm verir.

Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələri ölkəmizin aparıcı partiyası olan Yeni Azərbaycan Partiyasının Nizamnaməsində də öz əksini tapmışdır. Belə ki, Yeni Azərbaycan Partiyasının ali məqsədi irqindən, milliyyətindən, sosial mənşəyindən, dilindən və dinindən asılı olmayaraq şəxsiyyətin hüquq və azadlıqlarının hərtərəfli və etibarlı müdafiəsinin təmin edilməsi, qanunçuluq, möhkəm əmin-amanlıq, ictimai həmrəylik və firavan həyat üzərində qurulmuş vətəndaş cəmiyyətinin formalaşdırılması və insanların müstəqil dövlətçilik ətrafında birləşdirilməsindən ibarətdir. Partiyanın vəzifələri sırasına daxil olan əsas məsələlərdən biri də məhz "millətlərin, etnik qrupların, mədəniyyətlərin və dinlərin azad inkişafına nail olmaqdır. YAP özünün bütün fəaliyyəti boyu multikulturalizm ideyalarına sadiq qalmış, onun inkişafı üçün əlində olan bütün imkanları ortaya qoymuş və hər sahədə olduğu kimi burada da böyük uğurlara imza atmışdır. Təsadüfi deyil ki, 800 minə yaxın YAP üzvlərinin 20 minə qədəri digər millətlərin nümayəndələridir. Bu mənada, YAP multikulturalizmin, tolerantlığın təcəssümüdür və burada Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri təmsil olunmuşlar. Partiya sıralarında azərbaycanlılarla yanaşı, digər xalqların nümayəndələri də var.

Azərbaycanda bütün xalqlar və dinlərin nümayəndələri ta qədim zamanlardan bəri bir ailə kimi yaşayırlar. Prezident İlham Əliyev də bütün mötəbər tədbirlərdə çıxışı zamanı qeyd edir ki, ölkəmizdə milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması tarixi faktdır və bu, Azərbaycan xalqının güc mənbəyidir: "Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir". Bu fikirlər Prezident İlham Əliyevin multikultural və tolerant dəyərlərə verdiyi ciddi önəmi özündə əks etdirir. Bu gün multikulturalizmin alternativi yoxdur və mənəvi dəyərlər baxımından ölkəmizin bu sahədə liderə çevrilməsi və dünya xalqları üçün əvəzsiz nümunə kimi qəbul olunması qürurvericidir.

AZƏRBAYCANIN MULTİKULTURAL DƏYƏRLƏRƏ SADİQLİYİ, TOLERANTLIĞI BEYNƏLXALQ ALƏMDƏ DƏSTƏKLƏNİR

Son günlərdə ölkəmizdə baş verən hadisələr, keçirilən biri-birindən əhəmiyyətli görüşlər, müzakirə olunan məsələlər bir daha göstərdi ki, Azərbaycan həqiqi mənada siyasi, iqtisadi, humanitar, mədəniyyət platforması kimi, siyasi sabitliyin, etimada əsaslanan xalqlar, dövlətlərarası münasibətlərin möhkəmlənməsinə töhfələr verən tolerant ölkə olmaqla yanaşı, həm də mühüm çağırışların səsləndiyi məkan rolunu davam etdirir. «Dünya özünün qəbul etdiyi dayanıqlı inkişaf yolunda uğursuz olmaqla yanaşı, təhdidlər də artır. İqlim dəyişmələri, biomüxtəlifliyin pozulmasından tutmuş qiymətli su ehtiyatlarının qeyri-düzgün idarə olunmasına qədər qlobal çağırışlar bütün bəşəriyyəti əhatə edir. Dünyanı bürümüş pandemiyadan yenicə çıxdığımız dövrdə növbəti belə hadisəyə hazır olmaq üçün heç bir dərs götürmədik. Qlobal çağırışlar qlobal cavab tədbirləri tələb edir. Lakin biz, eyni zamanda, elm, texnologiya və innovasiya sahələrində inanılmaz inqilabın astanasındayıq. Süni zəka hazırda hər şeyə təsir göstərir» sözləri ilə ümumi evimiz olan dünyamızın sülhə, sabitliyə daha çox ehtiyac duyduğunu diqqətə çatdıran Prezident İlham Əliyevin qlobal proseslərə təsiretmə imkanları daha da artıb.

Ötən həftənin yaddaqalan hadisələrindən olan Şuşada birinci yaşayış kompleksinin açılış mərasimi Azərbaycanın iqtisadi qüdrətinin ifadəsi idisə, mədəniyət paytaxtımızda keçirilən "Xarıbülbül" festivalı ölkəmizin multikultural dəyərlərə, xalqlararası birlik və həmrəyliyə verdiyi dəyərin nümunəsi idi. Ölkəmizdə keçirilən görüşlər isə dünyada sabitliyin qorunmasına, iqtisadi əməkdaşlığın möhkəmlənməsinə töhfə kimi yaddaşlarda qaldı.

Bəli, bu gün Qərbdə tolerantlıq ənənələrinin təbliğini və yayılmasını əhəmiyyətsiz hesab edənlər də var. Lakin tolerantlıq hüquqi dövlətin yox, mədəni və mənəvi cəhətdən inkişaf etmiş cəmiyyətin məhsuludur. Bu gün Azərbaycanı və azərbaycanlıları fərqləndirən xüsusiyyət də məhz budur. Azərbaycan dünyada multikulturalizm və tolerantlıq nümunəsidir. Döələt başçımızın söylədiyi kimi: "Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların ¬arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır".

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
192
2
sesqazeti.az

3Mənbələr