AZ

1-ci liqada çempion müəyyənləşə bilər - YENİLƏNİR

Dünən futbol üzrə ölkə çempionatının 1-ci liqasında 26-cı tura start verildi.

Şamaxıda keçirilən “Difai Ağsu” – MOİK matçında qalib müəyyənləşmədi. Elgiz Kərəmlinin komandası ilk hissədə üstünlüyü ələ alsa da, ikincidə buraxılan qol qələbənin əldən verilməsiylə nəticələndi. Halbuki 3 xal Ağsu təmsilçisinin pley-off sınağından uzaqlaşmaq məqsədinə fayda verə bilərdi.

Çempionluqdan əlini üzmüş MOİK isə son 4 matçda bir qələbə qazanmaqla ruhdan düşdüyünü göstərir. İkinci oyunda “Zaqatala” “doğma divarlar” arasında “İrəvan”ı məğlub etdi. Meydan sahibləri güclülərlə autsayderlərin arasında qərarlaşmağa layiq olduğunu göstərdi. Hər halda, 3 xal əvvəlki 3 turda qələbəyə həsrət qalan komanda üçün motivasiya mənbəyidi. Qərbi Azərbaycan təmsilçisinə gəlincə, Nazim Süleymanovun komandası son vaxtlar qeyri-sabitliyi ilə seçilir.

Aran derbisi də maraqlı və baxımlı oyunla yadda qaldı. “Karvan”ın Ondonun qoluyla qələbə qazandığı matç “Mingəçevir”i məyus tərəf etdi. Maraq üçün bildirək ki, mövsüm ərzində üç Aran derbisi keçirilib. Bunların ikisində “Karvan” (4:1, 1:0), birində “Mingəçevir” qalib gəlib (1:0).

Tura bu gün keçiriləcək matçlarla yekun vurulacaq. Əvvəl “Qaradağ Lökbatan” – “Şamaxı” duelinə şahidlik edəcəyik. Çempionluğa iddialı iki komandanın qarşılaşması həyəcanla gözlənilir (bu haqda bu səhifədəki başqa yazıda oxuya bilərsiz). Sonuncu matçda “Araz Saatlı” evdə güclü “İmişli”ni məğlub etməyə çalışacaq. Düzü, bu oyunun prinsipial əhəmiyyəti yoxdu. Çünki meydan sahiblərinin 1-ci liqanı tərk edəcəyi dəqiqləşibsə, qonaqlar çempion ola bilməyəcək. Buna baxmayaraq, baxımlı oyun izləyəcəyimizə ümid edirik...

16 may
Qaradağ Lökbatan – Şamaxı

Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu. Saat 17.00.

Araz Saatlı – İmişli
Saatlı. Olimpiya İdman Kompleksinin stadionu. Saat 17.00.

15 may
Difai Ağsu – MOİK 1:1

Tahir Zeynalov, 35 – Nihad Qurbanlı, 85.

Zaqatala – İrəvan 2:1
Kevin Ozimo, 63. Roini İsmayılov, 85-p. – İmran Azaxov, 44

Karvan – Mingəçevir 1:0
Uensley Ondo, 74

Xal durumu: Qaradağ Lökbatan – 53, Şamaxı – 51, İmişli – 47, MOİK – 46, Karvan – 41, Zaqatala – 30, İrəvan – 27, Mingəçevir – 26, Difai Ağsu – 22, Araz Saatlı – 10.
Bombardirlər: Elmir Rəhimzadə (MOİK) – 16, Elşad Tağıyev (Şamaxı) – 15.

KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
160
football-plus.az

1Mənbələr