AZ

Sülhə doğru NÖVBƏTİ ADDIM: Azərbaycanın siyasi iradəsi ilə…

2024-cü il mayın 15-də Azərbaycan-Ermənistan sərhədində baş nazirlərin müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi ilə ölkələr arasında dövlət sərhədinin delimitasiyası, delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Dövlət Komissiyalarının doqquzuncu görüşü keçirilib. Görüşün gedişində komissiyalar iki ölkə arasında sərhədə dair SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq, yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş Protokol-təsviri razılaşdırıblar. Görüşün yekunu olaraq müvafiq protokol imzalanıb.

Tərəflər arasında imzalanan bu protokolun siyasi, hüquqi əhəmiyyəti Medianews.az-a şərh edən politoloq İlyas Hüseynov bildirib ki, görüşlərin mütəmadi, planlı şəkildə olması çox müsbət bir haldır.

Onun sözlərinə görə, sülh və sabitliyin tez bir zamanda əldə olunması, birbaşa, sərhədlərin müəyyənləşdirilməsi ilə əlaqədardır: “Azərbaycanla sərhəddə yerləşən 4 kəndin topoqrafiya əsasında həll edilməsi təqdirəlayiq addımdır. SSRİ-nın (Sovet Sosialist Respublikaları İttifaqı) süqutu ərəfəsində onun Müdafiə Nazirliyinin Baş Qərargahının hüquqları çərçivəsində olan xəritələr müəyyən edildi. Azərbaycan və Ermənistan Baş nazirləri müavinlərinin də protokol imzalaması məsələnin hüquqi çərçivədə olduğunun göstəricisidir”.

Politoloqun qənaətincə, bu razılaşmalar müstəsna əhəmiyyətə malikdir: “Bütün bunlar sülh müqaviləsinin imzalanmasına təkan verən amillərdir. Tərəflər arasında görüşlər və razılaşmalarda vasitəçilərin olmaması əlamətdar hadisədir. Bu da hər hansı kənar müdaxilə olmadan problemlərin öhdəsindən gələ bilərik testinin reallaşmasıdır. Testin müəllifi də Azərbaycandır. Bütün görüş və danışıqlar Azərbaycanın siyasi iradəsi ilə həyata keçirilir. Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyaların qarşıya qoyduğu məqsədləri həyata keçirəcəyinə ümid edirik. Ermənistan tərkibində baş verən təlatümlər ölkələrin sülh istiqamətində iradəsinə təsir etməyəcək”.

Vüqar MƏMMƏDOV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
medianews.az

1Mənbələr