AZ

1976-cı il müəmması: Qaytarılacaq ərazilərin xəritəsi genişlənir – Dörd kənd başlanğıcdır

Qazax-Tavuş istiqamətində Azərbaycan və Ermənistanın yaşayış məntəqələri arasında sərhəd xəttinin SSRİ Baş Qərargahının 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq müəyyənləşdirildiyi bildirilir. Bu çərçivədə Bağanıs Ayrım, Xeyrimli, Qızılhacılı və Aşağı Əskipara kəndlərinin Azərbaycana qaytarılması razılaşdırılıb. Ermənistan təkid edir ki, bütün sərhəd 1976-cı il xəritəsi əsasında müəyyən edilməlidir. Bəs niyə 1976-cı il xəritəsi – Ermənistanın bu təkidinin səbəbi nədir?

Tarixçi Zaur Əliyev Teleqraf.com-a açıqlamasında sərhəd və ərazi məsələsi ilə bağlı bir sıra maraqlı məqamlara diqqət çəkib.

Onun sözlərinə görə, Ermənistan ötən illər ərzində Qərbi Azərbaycanda törətdiyi cinayətləri ört-basdır etmək üçün ən müxtəlif üsullara əl atır:

“Beynəlxalq hüquqa görə, bu məsələ BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində dolayı yolla əks olunub. Müstəqil prinsip kimi bu, Helsinki Yekun Aktında da təsbit edilib. Göstərilən prinsipin başlıca məzmunu ondan ibarətdir ki, dövlətlər bir-birlərinin ərazi bütövlüyünə hörmət etməlidir. Hər bir dövlət başqa bir dövlətin ərazi bütövlüyünün pozulmasına yönəlmiş hüquqazidd hərəkətlərdən çəkinməlidir. Dövlətin ərazisi qanunsuz güc tətbiqi nəticəsində hərbi işğal obyekti ola bilməz. Ərazi bütövlüyü prinsipi özündə digər bir prisipi – hələ XIX əsrdə Latın Amerikasında formalaşmış və 1986-cı ildə Burkina Faso-Mali işində BMT-nin Beynəlxalq Məhkəməsi tərəfindən ümumi beynəlxalq hüquq norması kimi xarakterizə edilmiş uti possidetis prinsipini ehtiva edir.

Uti prossidetis prinsipinin məğzi ondan ibarətdir ki, müstəmləkələr və ya federasiya subyektlərinin əvvəlki sərhədləri müstəqil dövlətlərin beynəlxalq sərhədləri olur və müvafiq razılıq olmadan dəyişdirilə bilməz.

Bu hüquqdur, dəyişmək olmaz. Ancaq Ermənistan sərhədlərin delmitasiyası və demarkasiyası məsələsində beynəlxalq hüquq və tarixi sənədləri qəbullanmayaraq gah 1976, gah 1979, gah da 1988-ci il və digər dövrlərə aid xəritələr üzrə sərhədlərin müəyyən edilməsini istəyir. Bütün hallarda Ermənistan yenə də uduzmuş hala düşəcək. Hesab edirəm ki, xəritə məsələsinin məhz 1976-1979-il olmasının önəmli səbəblərindən biri, Ermənistanın ötən illər ərzində Qərbi Azərbaycanda toponimlər, abidələr, tarixi yerlər, mədəni irsimiz, yer adları və sairədə törədiyi cinayətləri ört-basdır etmək niyyəti ilə bağlıdır.

Sərhəd sürüşdürmələrini də gizlətməyə cəhd edirlər. Niyə Azərbaycan-Gürcüstanın sərhədinin demarkasiyası 1963-cü ildə tərtib edilmiş topoqrafik xəritələr əsasında aparılır, amma Ermənistanla 1976, yaxud 1979-cu il xəritələri ilə? Çünki Ermənistan Azərbaycandan qeyri-qanuni qopardığı əraziləri özünüküləşdirmək istəyir. Bu ərazilərə Qazax rayonunun 3 min hektar torpaq sahəsi, Qaragölün “suvarma məqsədi”lə ayrılmış 74 faiz hissəsi, Zəngilan, Qubadlı, Cəbrayıl və Laçın rayonlarının Ermənistanın inzibati ərazisinə qatılan böyük otlaq sahələri, Zəngəzur dağının Yağlıdərə, Vişlan düzü kimi yaylaq yerləri daxildir.

Ermənistan tərəfi unudur ki, hüquqi sənədlər daha önəm daşıyır. O dövrdə bu ərazilər SSRİ Nazirlər Sovetinin qərarı əsasında təsərrüfat xidməti məqsədilə ayrılmışdı, Ermənistana inzibati ərazi kimi verilməmişdi. Hüquqi nöqteyi-nəzərdən istifadə üçün verilən ərazilər sənədləşmə ilə təsdiqlənib. Ermənistan qeyri-qanuni olaraq bu əraziləri öz sərhədlərinə daxil edib. Bu xəritədən Paşinyan bərk bərk yapışsa belə, hüquqi sənədlər yenə də onları ifşa edir.

Ermənistanın baş nazirinə müraciət edirəm ki, delmitasiya və demarkasiya prosesi tək xəritə ilə həll edilmir. Bu xəritələrin istinad mənbəyi olması üçün onlar beynəlxalq hüquqi sənədlərə söykənməli, o cümlədən hər iki ölkə tərəfindən hansısa formada təsdiqlənməlidir”.

Bir də Almatı bəyannaməsi var. Həmin bəyannamədə göstərilən sərhədlə 1976-cı il xəritəsi arasında fərq varmı?

Zaur Əliyev suala belə cavab verib:

“1991-ci ildə Sovetlər Birliyi dağıldı, yeni respublikalar yarandı. “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında” Müqavilənin 5-ci maddəsinə uyğun olaraq, 1991-ci il dekabrın 8-dən etibarən “Razılığa gələn tərəflər Birlik çərçivəsində biri-birlərinin ərazi bütövlüyünü, mövcud sərhədlərinin toxunulmazlığını tanıyır və hörmət edirlər”. Bu yanaşma, həmçinin, 1991-ci il dekabrın 21-də Azərbaycan və Ermənistan da daxil olmaqla, 11 keçmiş sovet respublikaları arasında imzalanmış Almatı deklarasiyasına da şamil edilib. Yəni bu sənədləri imzalamaqla Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.

Niyə Ermənistan bu sənəddən qaçır? Çünki o dövrdə imzalanan sənəddə qeyd olunur ki, adları çəkilən dövlətlər gücdən istifadə və güc təhdidi, iqtisadi və hər hansı digər təzyiq üsullarına yol verməməklə mübahisələri sülh yolu ilə həll edəcək. Ermənsitan isə imza atdığı bu sənədi pozub Azərbaycan torpaqlarını işğal etdi, sülh əvəzinə işğalçı müharibəni seçdi.

Deklarasiyada digər maddə belədir: “MDB üzvləri insan hüquq və azadlıqlarına, o cümlədən milli azlıqların hüquqlarına hörmətlə yanaşacaq, öhdəliklər və beynəlxalq münasibətlərin digər tanınmış prinsip və normalarının vicdanla yerinə yetirilməsinə hamılıqla əməl edəcək”.

Ermənistan tərəfindən bu da pozuldu, Qarabağ və ətraf rayonların 800 mindən çox sakini doğma torpaqlarından zorla məcburi köçkün vəziyyətinə salındı. Ermənistan hansı üzlə, hansı haqla Almatı deklarasiyasında nəzərdə tutulan prinsipləri tələb edə bilər?”.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
12
teleqraf.com

10Mənbələr