AZ

Baş naziri güllələməyi KİM ƏMR VERİB? – Sui-qəsddə Avropa İttifaqı, Rusiya, radikal dindar izi…  

Ötən gün Slovakiyanın baş naziri Robert Fitsoya sui-qəsd edilib. Məlum olub ki, sui-qəsdə cəhd edən müxalif “Proqressiv Slovakiya” partiyasının tərəfdarı, 71 yaşlı yazıçı Yuray Tsintula imiş. Amma bu sui-qəsdin arxasında Avropa Birliyinin dərin güclərinin dayandığı iddia olunur. Bildirilir ki, bu, Slovakiyanın baş nazirinin Azərbaycana səfəri zamanı Avropa İttifaqını kəskin tənqid etməsinə cavabdır. Başqa bir ehtimalda isə Baş nazirin “Üzr istəyirəm, bu qəribə səslənə bilər, amma Slovakiyada İslama yer yoxdur. Problem miqrantlarda deyil, onların ölkənin simasını dəyişməsindədir”, – fikirləri xatırlanaraq, onun müsəlman təşkilatlarının sifarişi ilə güllələndiyi qeyd olunur. Slovakiya Baş nazirinə sui-qəsd cəhdində “Rusiya izi” də ortaya atılıb.

Bu iddialar nə dərəcədə əsaslıdır? Məgər “Qoca qitə” Avropa İttifaqını qorumaq üçün terror siyasətinə keçir? Baş nazirin güllələnməsini sifariş verənlər arasında radikal İslam təşkilatları, dindarlar, yaxud Rusiya varmı? Ümumiyyətlə, Robert Fitsonun güllələnməsinə əsl səbəb nədir?

Mövzu ilə bağlı Medianews.az-a danışan Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu bildirib ki, R.Fitsoya sui-qəsdin arxasında duran səbəblər haqqında çoxsaylı versiyalar ortaya çıxacaq.

Onun sözlərinə görə, artıq Azərbaycan mediası da bu sui-qəsd hadisəsi ilə bağlı öz fantaziyasını var gücü ilə ortaya qoyub: “Guya, Fitsonun Bakıda verilən bəyanatları az qala onun sui-qəsdinə səbəb olub. Bu absurd bir iddiadır. Görünür ki, bu cür yazı yazanlar, ümumiyyətlə, onu araşdırmayıblar və onun haqqında məlumatları yoxdur. Robert Fitso avroseptik sayılır. Yəni, Avropa İttifaqının standartlarına, onun fəaliyyətinin bütün Avropa İttifaqı üzvü olan Avropa ölkələrinə yayılmasına qarşı çıxan siyasətçilərdəndir. O və onun kimi bir neçə nəfər siyasətçi mərkəzləşmiş Avropa idarəçiliyinə qarşı çıxırlar. Əsasən, Macarıstanın Baş naziri Viktor Orban və Rober Fitsodur. Halbuki Slovakiya və Macarıstan bu gün öz mövcudluğunu məhz Avropa İttifaqından aldıqları vəsaitlər hesabına qoruyub saxlayırlar. Məsələn, Macarıstanın bir ildə Avropa İttifaqından aldığı dotasiyaların həcmi təxmin 15 milyard avro civarındadır. Slovakiya da bu qaydada Avropa İttifaqından dotasiya alır”.

Politoloq vurğulayıb ki, Viktor Orban və Rober Fitsonun fəaliyyəti Avropa İttifaqında, xüsusi ilə də Avropa Komissiyasının, Avropa İttifaqının rəhbərliyində qıcıq doğurur: “Macarıstan və Slovakiya Ukraynaya yönəlmiş siyasətə qarışı çıxırlar, hər ikisi Rusiyapərəstdir. Lakin bu o demək deyil ki, Avropanın hər hansı bir dərin dövləti, dərin gücü, onun Bakıda söylədikləri fikrə görə, baş nazirə sui-qəsd hazırlasın. Bu absurddur bir şeydir. Robert Fitso Bakıdan kənar, elə Slovakiyanın özündə belə, bundan qat-qat tənqidi fikirlər söyləyib. Yəni Azərbaycan ictimai rəyinə yenidən bir sensasion yalan təqdim olunur. Mən ona görə də, bunu heç şərh etmək istəmirəm. Çünki, istənilən bir cinayətin əvvəlcə istintaqı aparılır və ortaya müəyyən bir ehtimallar, istintaqın versiyası qoyulur. Bu olmadan, tanımadığımız bir ölkə haqqında, onun lideri haqqında fikir söyləmək qeyri-peşəkarlıqdır. Sadəcə, Avropada, dünyada elə bir tendensiya var ki, cəmiyyətdə parçalanma və siyasi qütbləşmə gedir. Siyasi qütbləşmə bir sıra hallarda radikal meyllərin güclənməsi, bir sıra hallarda nifrətin artması ilə müşayiət olunur. Fitso da həmin nifrəti artıran siyasətçilərdən biridir”.

Ə.Oruclunun qənaətincə, R.Fitsoyun qaçqınlara dair ümumi olaraq, özəlliklə müsəlman miqrantlarla bağlı nifrət yayan və doğuran bəyanatları var ki, bu da cəmiyyətdə, o cümlədən də, onun özünə qarşı olan radikal meyllərin güclənməsinə səbəb olur: “Yəni burda müsəlman izi axtarmaq, Avropanın olmayan dərin güclərinin meyllərini axtarmaq qeyri-peşəkarlıq əlaməti olardı. Mən elə şeylərə qiymət vermək istəmirəm. Düşünürəm ki, ilk növbədə istintaqın gedişatını izləmək, versiyasını gözləmək və sui-qəsdi həyata keçirən şəxsin motivlərini bilmək lazımdır. O da öz növbəsində istintaqda ifadəsində onu bildirəcək. Düşünmürəm ki, Avropada hansısa saxta, yalan versiya ortaya atılacaq və bunun istintaqı gizli saxlanacaq. Düşünürəm ki, “Qoca qitə” Avropa İttifaqını qorumaq üçün terror siyasətinə keçir?” sualının qoyuluşu da düzgün deyil. Çünki, bu gün Avropa İttifaqının hansısa bir qurumunun terrora əl atmaqda şübhəli bilməyimiz üçün əlimizdə bir fakt yoxdur. Yüksək ehtimalla, bu, Slovakiyanın daxilində siyasi radikallaşmanın, qütbləşmənin təzahürüdür. Hətta bu versiya da yanlış ola bilər. Ona görə də, belə bir məsələdə ehtiyatlı və diqqətli olmalıyıq”.

Politoloq söyləyib ki, R.Fotsoya sui-qəsdin Rusiya tərəfindən təşkil olunması versiyası da inandırıcı deyil: “Bir qədər əvvəl vurğuladığım kimi, həm Slovakiyanın, həm də Macarıstanın baş naziri rusiyapərəstdir. Hər iki hökumət başçısı Rusiyanın maraqlarına uyğun davranış nümayiş etdirir. Rusiyanın öz tərəfdaşlarına qarşı sui-qəsd təşkil etməsi bu baxımdan inandırıcı deyil. Əgər rusiyapərəst bir hökumət başçısına sui-qəsd olunursa, bu, istər-istəməz onun kimi düşünənləri öz mövqeyindən bir qədər çəkindirəcək. Belə olan halda Rusiya bunu niyə etsin? Bütün prosesləri diqqətlə izləyəndə belə qənaətə gəlmək olur ki, Baş nazir Robert Fitsoya qarşı sui-qəsd Avropa cəmiyyətlərində son illər baş verən radikallaşmanın fəsadıdır. Niderland, İsveç, Danimarka, Finlandiya kimi tolerant və demokratik ölkələrdə də son on il ərzində radikal, ekstremist millətçilər partiya şəklində peyda olublar. Bu qüvvələr parlamentlərdə, hökumətlərdə də təmsil olunurlar. Bütün bu proseslər cəmiyyətləri parçalanmaya, qütbləşməyə, radikallaşmaya gətirib çıxarır. Belə bir fonda, ictimai-siyasi mühitdə zorakılığın, sui-qəsdin baş verməsi gözləniləndir. Çünki siyasi opponentlər bir-birinə qarşı nifrət aşılayırlar. Belə şəraitdə hər şey baş verə bilər. Bu, həm də dünyanın yeni geosiyasi mərhələyə qədəm qoyması ilə də əlaqədardır. Amma kimlərinsə hansısa siyasətçiləri geosiyasi səbəblərdən aradan götürməsi inandırıcı deyil”.

Lamiyə MİRZƏYEVA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
223
50
medianews.az

10Mənbələr