AZ

Putinin Çinə səfərində əsas MƏQAMLAR: Qərb əleyhinə genişmiqyaslı ittifaq qurulur?

“Rusiya prezidenti Vladimir Putin, demək olar ki, hər prezident seçkilərindən sonra ilk səfərini Çinə edir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib.

Siyasi təhlilçi Rusiya prezidenti Vladimir Putinin Çin səfərinin pərdəarxası məqamlarına toxunub.

Onun sözlərinə görə, xüsusilə də Çinlə Rusiya arasında hazırda çox geniş şəkildə ticarət və iqtisadi əlaqələr inkişaf edir.

“Həmçinin xarici siyasətlə bağlı tərəflər arasında yüksək səviyyəli əməkdaşlıq mühiti mövcuddur. Məsələn, Yaxın və Uzaq Şərqdə Rusiya ilə Çinin mövqeləri üst-üstə düşür və onların arasında çox güclü iqtisadi tərəfdaşlıq mühiti mövcuddur. Moskva və Pekin həmin mühiti daha da inkişaf etdirmək istəyirlər və bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər”, – deyə o bildirib.

Siyasi şərhçinin fikrincə, eyni zamanda, Rusiya və Çin nə qədər çalışsalar da, Qərb əleyhinə genişmiqyaslı bir ittifaq qura bilmirlər:

“Çünki tərəflərin hər nə qədər ortaq mövqeləri olsa da, ziddiyyətli mövqeləri də az deyil. Məsələn, Mərkəzi Asiya regionunda tərəflərin arasında ciddi şəkildə fikir ayrılıqları mövcuddur. Eləcə də, Qazaxıstan və Qırğızıstanda Rusiya ilə Çin geniş şəkildə toqquşurlar və onların bu ölkələrdə siyasi-iqtisadi mənafeləri üst-üstə gəlmir. Buna görə də tərəflərin arasında birlik yaratmaq mümkün deyil”.

“Bundan əlavə, hər iki dövlət beynəlxalq səviyyəli güc olmaq yolunda irəliləyir, addımlayırlar. Lakin buna baxmayaraq, Yaponiyaya qarşı Şimali Koreyanın dəstəklənməsi və bir çox məsələlərdə Pekinlə Moskva arasında müttəfiqlik münasibətləri mövcuddur. Həmçinin onların mövqeyi Yaxın Şərqdə – Suriyada üst-üstə düşür. Çin Ukrayna məsələsində Rusiyanı dəstəkləyir, İran-İsrail məsələsində də eynilə. Hesab edirəm ki, Rusiya ilə Çinin arasında daha geniş əlaqələrin qurulması yaxın gələcəkdə daha da geniş vüsət alacaq”, – deyə o, fikirlərin yekunlaşdırıb.

Rafi Müslümov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
yenicag.az

1Mənbələr