AZ

Analitik: Gürcü xalqının düşünməyə vaxtı var

Qərb bütün gücünü qoyub, seçkilərdə İvanişvilini məğlub etməyə çalışacaq

“İvanişvili də bunun fərqindədir. Ona görə də seçkilərə qədər gürcü xalqının düşüncəsini dəyişməyə çalışacaqlar”

  Gürcüstan parlamenti mübahisəli “Xarici təsirin şəffaflığı haqqında” qanun  layihəsini böyük səs çoxluğu ilə qəbul edib. Deputatların 84-ü lehinə, 30-u layihənin əleyhinə səs verib.“Xarici agentlər haqqında” qanun kimi təqdim edilən bu layihənin qəbulu qonşu ölkədə siyasi böhran yaradıb. Parlamentin bu qərarı ilə razılaşmayan gürcü müxalifəti Tbilisidə geniş xalq kütləsinin iştirakı ilə etiraz aksiyası keçirib. Aksiyaçılarla gürcü polisi arasında ciddi qarşıdurma yaşanıb. İlkin məlumata görə, insident zamanı onlarla aksiya iştirakçısı həbs olunub. Etirazçıların açıqlamalarından aydın olur ki, qərbyönümlü  gürcü müxalifəti  “Xarici agentlər haqqında ” qanun layihəsinin qəbulu ilə barışmayacaq. Onlar heç aksiyaları  dayandırmaq fikrində də  deyillər. Gürcüstan iqtidarı isə böyük xalq kütləsinin etirazına rəğmən geri çəkilməyəcəyini açıqlayıb.
  Sözügedən qanunun qəbul edilməsini Rusiyanın qərb üzərində qalibiyyəti kimi dəyərləndirən siyasi şərhçilər isə hesab edir ki,  bundan sonrakı proseslər arzuolunmaz nəticələr doğura bilər.
Gürcüstandakı gərginlik və etirazların kuliminasiya nöqtəsinə bu ilin payızında keçiriləcək parlament seçkilərində yüksələcəyi gözlənilir. 
 Gürcüstan Prezidenti Salome Zurabişvilinin rəhbərliyi altında gürcü müxalifləri növbəti seçkilərə hazırlaşır, əldə rəhbər tutulan əsas ideya isə “Gürcü arzusu” Partiyasının Rusiyameyilli olması və Gürcüstanı Avropa İttifaqından ayırıb Moskvanın yedəyinə bağlaması fikridir.
Ehtimallara görə, Rusiyaya qarşı olan və bütün ümidlərini Aİ-yə bağlayan gürcü ictimaiyyətində bu şüurun yaradılması, həqiqətən də, indiki hakimiyyətin arzuladığı səsi ala bilməməsi ilə nəticələnə bilər. Gürcüstan Prezidenti Salome Zurabişvili Latviya, Litva, Estoniya və İslandiya XİN başçıları ilə mətbuata birgə açıqlamasında məlumat verib ki, bu ilin oktyabrında keçiriləcək parlament seçkiləri ilə əlaqədar “Avropa platforması” formalaşdırıb.
O bildirib ki, artıq bir neçə həftədir üzərində işlədiyi platformanı rəsmi şəkildə ictimaiyyətə təqdim edəcək. Prezident qeyd edib ki, platformanın məqsədi qarşıdan gələn seçkilərlə bağlı Gürcüstanı birləşdirmək, əhalini səfərbər etmək və ölkəni seçkilər yolu ilə “öz yoluna qaytarmaq”dır.  “Biz Gürcüstanı sülh yoluna, Avropa yoluna qaytarmaq üçün birlikdə qalib gələcəyik”.
  Gürcüstanda nə baş verir? Proseslər qonşu  ölkəni hansı istiqamətə yönəldəcək? 
Qısası, payızda “cücə”ni Qərb, yoxsa Rusiya sayacaq?

  Siyasi şərhçi Səxavət Məmməd “Sherg.az”a açıqlamasında deyib ki, Gürcüstanda baş verən proseslər Rusiyanın Qərb üzərində qələbəsi kimi qiymətləndirilir: 

“Ancaq nə gürcü xalqı, nə də Qərb məğlubiyyətlə barışacaq. Gürcülər etirazçıdır. Hətta sovetlər dönəmində belə dövlət dilinin gürcü dili olması üçün mitinqlər keçirib və buna nail olmuşdular.
  Hazırda hakimiyyətdə olan İvanişvilinin rəhbərlik etdiyi "Gürcü arzusu" siyasi partiyası bundan əvvəki seçkilərdə qalib gəlmişdi. Məsələ ondadır ki, partiyanın reytinqi hələ də yüksək göstərilir. İddialar var ki, Rusiya Abxaziya və Cənubi Osetiyanı Gürcüstana verə bilər. Gürcüstanın federativ ölkə olacağı iddiaları da mövcuddur. İvanişvili qanuna dəstək mitinqi keçirəndə göründü ki, dəstəkləyənlərin sayı da az deyil. Abxaziya və Cənubi Osetiyanın qaytarılması düşüncəsi sanki üstünlük təşkil edir. Ümumiyyətlə, postsovet məkanında Azərbaycan Rusiya ilə dil tapa bilirsə, niyə də biz dil tapmayaq tezisi ortaya atılıb. Bu fikri həm Gürcüstanda, həm Ukraynada eşidirik.
Ehtimal edilir ki, qarşıdan gələn seçkilərdə Qərb bütün gücünü qoyub, seçkilərdə İvanişvilini məğlub etməyə çalışacaq. ABŞ-nin bu məsələdə dezavantajı ondan ibarətdir ki, özünün də başı prezident seçkilərinə qarışacaq. Təbii ki, buna hələ  zaman var və  İvanişvili də bunun fərqindədir. Ona görə də, seçkilərə qədər gürcü xalqının düşüncəsini dəyişməyə çalışacaqlar. Ehtimal olunur ki, mitinqlərin dayandırılması üçün gürcü polisi güc tətbiq edə bilər”.

  S.Məmmədin fikrincə, Gürcüstan Qərb üçün çox önəmli bir yerdir. Həm Qara dənizə və Cənubi Qafqaza, hətta Orta Asiyaya çıxış bu regiona nəzarət imkanından keçir. Həm də  Rusiya  Cənubi Qafqaza təsirini məhz Tbilisi üzərindən həyata keçirir. Ona görə də bu savaşın bitdiyini demək olmaz.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
sherg.az

1Mənbələr