AZ

"İnsanın estetik əməliyyatlara başlaması narkotika kimidir, həmişə davamını istəyir"-SOSİOLOQ

Son zamanlar estetik əməliyyatlar gənclər arasında geniş yayılmaqdadır. Bu əməliyyatlara üz tutan hər kəs bir-birinə oxşamağa çalışır sanki. Estetik dəyişikliklərə bu qədər təlabat olması nədən irəli gəlir?

Mövzu ilə bağlı BiG.AZ-A sosioloq Lalə Mehralı açıqlama verib.

O bildirib ki, ölkədə çox qızlarda eyni burun var. Daha qövslü burnu olan da yoxdur, fındıq burunlular da. Burun dəlikləri qarşı küçədən görünən estetikli qızlar hər gün artır. Estetik həkimlər "copy-paste" üsulu ilə işləyir, hamıda eyni tip burun var. İplərlə dartılıb gicgaha bağlanmış badam gözlülər, tülkü gözlülər, bir-birinin eynisi olan qızlar çoxalır.

"Miyanə anlayışı ortadan yoxa çıxıb. Küçədə qarşılaşdığın hər 10 qızdan 8-i bir birinin eynidir. "Qonçə dodaq", "yarpaq dodaq" deyə vəsf edilib tarixən gözəllər. "Ağız nazik, dodaq nazik, dil nazik" deyən Vaqif indiki şar dodaqları görsə nə cür təsvir qoşardı, kim bilir. Daha nazik dodaqlı qızlar gözəl hesab edilmir, o qədər lağ obyekti olurlar ki onlar da gedib şar kimi edirlər dodaqlarını. Mən hələ ombasına silikon qoydurub gülünc bədən quruluşu düzəltdirənləri demirəm. İndi gözəllik etalonu sinəsi qabağa, burnu nöqtə boyda, dodağı üfürülmüş şar kimi olmaqla ölçülür.

Çənə sümüyünü yonub üçbucaq görüntü verirlər. Ağız içindən kəsib xüsusi cihazla girib çənəni rəndələyirlər. Nə estetikası var bu cür yanağın? Ölkə dolub Malefisenta görünüşlü qadınlarla, özlərinə xoş görünürlər sadəcə. Gözəllik anlayışı sərhəd tanımır, insan təbii görüntüsünə qane olmur, həmişə daha yaxşısını istəyir. İnsanın estetik əməliyyatlara başlaması narkotika kimidir, davamını istəyir həmişə. Əvvəl gözəlləşmək üçün edir, sonra fərqlənmək üçün, axırda da həyatda qala bilmək üçün. Sözsüz ki psixoloji vəziyyətləri qaydasında deyil. Gözəllik uğrunda gedən bu mübarizədən qazanclı çıxan hələ ki, estetik həkimlərdir. Bazar onlara işləyir. Əvvəlcə öz bədənimizi olduğu kimi qəbul etməliyik. Sağlam bədənə sahib olmaq həm də sağlam psixologiya deməkdir. İstədiyimiz qədər trendlərlə ayaqlaşmağa çalışaq, ruhumuz həmişə olduğu kimi qalacaq. Özünü olduğun kimi qəbul etsən, insanlar səni olduğun kimi qəbul edəcəklər. Əsas olan insanların səni necə gördüyü deyil, özünü necə gördüyündür. Gözəllik spesifikdir. Bunu qəbul etmək lazımdır".
AYSEL ƏKBƏR


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
big.az

1Mənbələr