AZ

“Yaşasın Azərbaycan! Yaşasın Ulu Heydər!”

Biz Aşıq Müseyibin aşıq yaradıcılığını geniş mənada təqdir etmişik. Budəfəki yazımızda onun ədəbi yaradıcılığı barədə fikirlər səsləndirmək niyyətindəyik. Bildiyimiz kimi, Aşıq Müseyib yaradıcı aşıqdır. Onun bir çox əsərləri ədəbiyyatımız üçün də mühüm əhəmiyyət kəsb edir. Aşıq Müseyibin xüsusən də ümummilli lider Heydər Əliyevə həsr etdiyi məsnəvi janrındakı məzmunlu, ürəkyaxıcı ovqatda olan şeiri, əslində, ədəbi hayqırtısı bu gün də öz aktuallğı, fikir səciyyəsi ilə diqqət çəkir. Aşıq Müseyib bu şeirdə Heydər Əliyevin böyük siyasətə qayıdışını dövlət prioritetinin əsas göstəricisi sanır, onun xalqımızın çətin günündə yenidən Azərbaycana qayıdışını Allaha minnətdarlıq kimi təqdir edir.

Həmin şeiri mümkün qədər təhlil edək:

Hərdən fikrə dalıram, düşünürəm dərindən,
Ötüb keçən günlərin ötmürəm üzərindən.

Nələr gördü, İlahi, bu dünyada gözümüz,
Tapdalandı haqqımız, tapdalandı sözümüz.

Zindanlara atıldı bu vətənin mərdləri,
Aşdı, həddini aşdı, insanların dərdləri.

O dövrün çoxumuza bəlli olan ağır situasiyalarını Aşıq Müseyib şeirin dili ilə çox ağrılı şəkildə vəsf edib, içimizdəki təlatümü poetik həddə cilalayıb. Aşkar şəkildə demək istəyib ki, o çətin, o ağır xaos dövründə Azərbaycanın taleyi sual altında idi və əks tədbirli bir təsirdən ölkə tamamilə məhv ola bilərdi. Bu acınacaqlı halı təbii ki, çoxumuz müşahidə etmişik...

Yazda palçıqlı yollar, qışda şaxta, qar, boran,
Bir tərəfdə xəstəlik, bir tərəfdə qansoran.

Ürəklərdə həyəcan, Sibir, sürgün qorxusu,
Qaçırdı səhərəcən gözümüzün yuxusu.

Sübhəcən qəlbimizdə yalvarırdıq Allaha,
Özü çatsın köməyə, özü çatsın pənaha.

Bəli, o illərdə xalqımız hətta yuxu belə yatmır, Heydər Əliyev üçün Allaha yalvarır, onun tezliklə Bakıya qayıtmasını təkidlə tələb edirdi. Çünki xalqımız yaxşı bilirdi ki, onu düşdüyü bəladan yalnız Heydər Əliyev qurtara bilər...

Əyilməyə qoymadı Yaradanım dizləri,
Xoş xəbərlə bir səhər sevindirdi bizləri.

Dahi Heydər Əliyev rəhbər gəldi millətə,
Bütün dünya mat qaldı onda olan qeyrətə.

Aşıq Müseyib bu hissədə səmimi demək istəyib ki, xalqımızın Allaha yalvarışları hasilə yetdi, Allah Heydər Əliyevi Azərbaycana qaytardı, ölkəmizin xilas yolunu bir məsuliyyət kimi onun üzərinə qoydu. Və ən əsası, Heydər Əliyevin qısa zamanda atdığı addımlarbütün dünyanı heyrətə gətirdi. Bu, belə də olmalı idi, çünki Heydər Əliyev dünyanın ən nüfuzlu liderlərindən, ən böyük siyasət xadimlərindən biri idi.

İradəylə, inamla hey yaratdı, hey qurdu,
Millətin arxasında o dayandı, o durdu.

Azərbaycan qazandı keçici bayraqları,
Pöhrə verdi, gül açdı yurdumun torpaqları.

Bəlli ki, çağdaş həyat təkcə öz daxili məntiqi ilə yaşaya bilməz. Tarixin öz qanunauyğunluğu var. Buna görə Heydər Əliyev deyirdi: "Tarix heç nəyi silmir", "tariximiz bizim üçün dərs olmalıdır". O, bununla heç də yalnız tarixi öyrənməyi və hafizələrdə yaşatmağı nəzərdə tutmurdu. O, tarixin həm də məhz çağdaş proseslərin iştrakçısı kimi nəzərə alınmasını tövsiyə edir, yeni dövrün tarixini yaradarkən də, onu həmişə böyük tarixin kontekstinə uyğunlaşdırmağa çalışırdı. Və o, bunun öhdəsindən də layiqli şəkildə gəldi. Elə Aşıq Müseyib də şeirində bu ali hislərə işarə vurub, məhz Heydər Əliyevin qayıdışı ilə ölkəmizdə yeni bir mərhələnin başlandığna diqqət çəkib.

Ağ qızılla Mil-Muğan bəzəndi başdan-başa,
Yaşıl üzüm bağları tamaşaydı, tamaşa.

Dillərdə dastan oldu limonumuz, çayımız,
Elə bil İlahidən verilmişdi payımız.

Kərpic evlər sökülür, daş evlər tikilirdi,
İnsanların üzündən qəm-kədər çəkilirdi.

Hamı Azərbaycana həsəd ilə baxırdı,
Sevincimiz düşməni yandırırdı-yaxırdı.

Görəndə yaratdığın, qurduğun tərəqqini,
Moskvaya çağırdı Sovet dövləti səni.

Aşıq Müseyibin bu misralarından belə bir fikir formalaşdırırıq: “Əslində, iqtisadiyyatın inkişafı da dövlətin möhkəmləndirilməsi kimi olduqca vacib şərtdir. Lakin nə iqtisadiyyat, adamların güzəranı, rifah halı, nə də dövlət quruculuğu müstəqillik yolunun son məqsədi ola bilməz. Əgər xalq dövlət qurur, iqtisadiyyatı inkişaf etdirir, sərhədləri möhkəmləndirirsə və bu sərhədlər daxilində özünə yad bir mənəviyyat saxlayırsa, bu, hələ müstəqillik deyil. Mənəvi buxovlardan azad olmayan, öz milli mənliyini dərk etməyən xalq azad xalq sayıla bilməz”. Elə Heydər Əliyevin də dövlətçilik işi bu tezislərdən ibarət idi və Aşıq Müseyib onun siyasi baxışlarını, hətta Moskvada ona verilən yüksək dəyəri lirik səmimiyyətlə ifadə edib. Burada bir nüansa da diqqət yetirək: hörmətli aşığımız Heydər Əliyevin qayıdışından sonra hətta kənd təsərrüfatı məhsullarımızın dillərdə dastan olmasını vurğulayıb, torpağın da bu qayıdışa sevindiyini poetik ifadə edib.

Böyüdüldü vəzifən, artdı şanın-şöhrətin,
Dünyada həmin günü bayram etdi millətin.

Parladı günəş kimi, şöhrətin aya çatdı.
Kainatın üzündə “hay” xalqı yasa batdı.

Baxdıqca qüruruna, işıq saçan çöhrənə,
Başı xallı Qorbaçov düşmən kəsildi sənə.

Onun namərdliyinə etiraz edərək sən,
Dərhal istefa verdin tutduğun vəzifədən.

O zamandan “hayların” açıldı əl-ayağı,
Sənsiz, inan, millətin parçalandı dayağı.

Ermənilər zəlitək canımıza çökdülər,
Evimizi yandırıb, qanımızı tökdülər.

Qırdılar Xocalıda günahsız insanları,
Töküldü qar üstünə körpələrin qanları.

Yandı, işğal olundu bir neçə şəhərimiz,
Zülmətə qucaq açdı işıqlı səhərimiz.

Bu hal millətimizi, həvəsdən salammadı,
İçimizdə dolanan inamı alammadı.

Qoymadıq bu Vətəni sahibsiz, başsız qala,
Əldən əllərə keçə, torpasız, daşsız qala.

Aşıq Müseyibin Heydər Əliyevlə bağlı bu fikirlərini dinləyərkən, oxuyub dərindən təhlil edərkən bir daha əmin oluruq ki, müstəqilliyin ali məqsədi milli-mədəni və mənəvi dəyərlərin bərpa olunması, xalqın özünü dərk etməsi, öz mənliyinin sahibi olmasıdır. Heydər Əliyev nədən başlayıb nəyə doğru getmək lazım olduğunu çox gözəl bilirdi. Onun yolu təkcə siyasi müstəvidə deyildi, həm də iqtisadi və mədəni-mənəvi müstəvidə istiqlal yolu idi. Buna görə Qorbaçov Heydər Əliyevə paxıllıq etdi və hətta onu təhdid etməkdən çəkinmədi. Üstəlik, o, Azərbaycanda qırğınların baş verməsinə zəmin yaratdı, ermənilərə havadarlıq etdi. 1990-cı ildən sonra ölkəmizdə baş verənləri Qorbaçovun xəyanəti, Heydər Əliyevə qarşı qısqanclığı kimi də şərh etmək olar. Aşıq Müseyibin yuxarıdakı misralarda demək istədiyi də elə bu vacib nüanslardır.

Oğlu, qızı bu xalqın and içib Allahına,
Saf ürəklə, inamla sarıldı silahına.

Qarabağ başdan-başa od içində yanırdı,
Baş ölkələr sadəcə, bu qırğını danırdı.

Çoxlarının bir anda çilikləndi valları,
Sıxdı sənin əlini dünyanın kralları.

Millət sənə söykəndi, çəkinmədin yolundan,
Daşa bağladın daşa, lobbiləri qolundan.

Xarici səfirləri gərək bildin özündə,
Qüsur tapa bilmədi kimsə sənin sözündə.

Dünya liderləri yaxşı bilirdi ki, əgər Heydər Əliyev Azərbaycana qayıtsa, o dövlətin öz maraqlarına uyğun müstəqil siyasi kursu olacaq. Belə də oldu, Azərbaycan ilk növbədə, öz milli maraqlarından çıxış etdi. Həm də bu maraqların rəhbər tutulması elə incə siyasətlə həyata keçirildi ki, böyük dövlətlərin maraqları ilə uyğun gəldi. Hamı anladı ki, Heydər Əliyev siyasəti iqtisadiyyatdan, mədəniyyətdən, milli-mənəvi dəyərlərdən təcrid etmir. Əksinə, o, bu siyasətlə Azərbaycanın müstəqilliyini böyük nailiyyət kimi təmin etmək üçün ciddi-cəhd göstərir və göstərdi də. Xalq bir yumruq kimi onun ətrafında sıx birləşdi. Elə xain qüvvələri də qorxudan məhz Heydər Əliyev-Xalq birliyi oldu. Ölkəmiz bu birlik sayəsində özünün istiqlal yolunu aydın görə və tapa bildi.

Qan-qada yaradanın özün kəsdin üstünü,
Dağıtdın yurdumuza çökən qara tüstünü.

Hamı “Yaşasın Heydər! Var olsun Əliyev!” dedi,
Bu düyünü açmağa özün sinə gər dedi.

Yoxuymuş bir çoxunun bazarları, behləri,
Sənin səcdənə gəldi dünyanın fatehləri.

Çəkilməz bu dərdləri sən özün tənha çəkdin,
İnsanların qəlbində ümüd toxumu əkdin.

Qaranlıq gecələrdə döndün nurlu çırağa,
Dağılmış bu ölkəni sən qaldırdın ayağa.

Güclü dövlət yaratdın, güclü ordu yaratdın,
Bu imzanı, fərmanı ağ kağıza sən atdın.

Bu sətirlərdən bəlli olur ki, dövlət işini duyğular, hisslər, ictimai-şüur səviyyəsində ümumxalq işinə çevirmək Heydər Əliyevin siyasi xətti idi və o, bu işin öhdəsindən çox bacarıqla gəldi. Nəticədə dövlət işi ümumxalq işinə çevrilidi. Bu da böyük qayıdışın əsas amili idi. Aşıq Müseyib də elə öz məsnəvisində oxucuya bunu açıb, aşkar göstərib ki, Heydər Əliyev ikinci dəfə Azərbaycana hakimiyyətə qayıdışı ilə xalqın mübtəla olduğu ağrı-acılara son qoydu, ölkədə apardığı uğurlu, həm də səmərəli siyasətlə dünyanın fatehlərini belə mat qoydu.

Qüdrətli Ordumuzla birgə getdin savaşa,
“Ali Baş Komandanım, səni yaşa, min yaşa!”.

Asıldı Horadizdən üçrəngli bayrağımız,
Sevindi dostlarımız, sevindi torpağımız.

Aşıq Müseyib o gün, sazını aldı ələ,
Yaydı sənin vəsfini hər obaya, hər elə.

Vətən min alqış dedi adına axşam, səhər,
“Yaşasın Azərbaycan! Yaşasın Ulu Heydər!”

Bu sətirlər də bizə bəyan edir ki, Heydər Əliyevin rəhbərliyə qayıdışı ilə ölkəmizdə başlıca qayəsini müstəqillik, Azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratdı. Aşıq Müseyib də elə bu imkandan istifadə edib xalqımıza xoşbəxt günlər nəsib edən Heydər Əliyev şəxsiyyətini, siyasi fəaliyyətini təqdir-təhlil etdiyimiz bu misralarda, bu sanballı məsnəvidə özünəməxsus şəkildə vəsf edib, onun Azərbaycan üçün heç vaxt sönməyəcək bir Günəş olduğuna eyham vurub...

Eldar Həsənli,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
sia.az

1Mənbələr