AZ

Separatçıların istintaqı nə vaxt yekunlaşacaq? – Məhkəmə önünə çaxırlacaqları gün…

Qarabağda qondarma separatçı rejimin “rəhbərləri” olmuş Bako Saakyan, Arayik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddəti uzadılıb. Baş Prokurorluqdan verilən məlumata görə, Binəqədi Rayon Məhkəməsində onlar barəsində olan həbs qətimkan tədbirinin müddəti daha beş ay uzadılıb.

Maraqlıdır, separatçıların istintaqı nə vaxt yekunlaşacaq? Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlər törətmiş bu şəxslər nə zaman məhkəmə önünə çıxarılacaq və layiqli cəzalarını alacaqlar? Proses niyə yubanır?

Mövzu ilə bağlı Medianews.az-a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib ki, Azərbaycan torpaqları Ermənistan işğalı altında olduğu dövrdə Qarabağda separatçı rejim fəaliyyət göstərib.

Hüquq müdafiəçisinin sözlərinə görə, bu separatçı rejim silahlı və mütəşəkkil cinayətkar dəstə tərəfindən idarə olunub: “Uzun illər Azərbaycan vətəndaşlarına qarşı törədilən vandalizm, qətl, terrorçuluq və digər hərəkətlər bilavasitə bu separatçı rejimin rəhbərliyi altında baş verib. 44 günlük Vətən müharibəsindən sonra separatçı rejim yenə də Qarabağın bir hissəsində, xüsusən də Xankəndi şəhərində qalmaqla, Azərbaycana qarşı hədələr, təhdidlər səsləndirib, ölkəmizə qarşı mübarizə aparmaq üçün qanunsuz silahlı dəstələr formalaşdırıb. Bununla onlar Azərbaycan xalqına qarşı cinayətkar əməllərdən əl çəkmədiklərini bir daha nümayiş etdiriblər. Nəticədə ötən ilin 19-20 sentyabrında bir sutkalıq antiterror tədbirləri ilə Azərbaycan torpaqlarında kök salmış separatizm birdəfəlik məhv edilib. Bu separatçı rejimə müxtəlif illərdə rəhbərlik etmiş, Azərbaycan xalqına qarşı döyüşlərdə iştirakçı olmuş, hərbi cinayətlər törətmiş bir qrup şəxs də saxlanılaraq Bakıya gətirilib”.

Ç.Qənizadə deyib ki, separatçıların istintaqını Baş prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə istintaq əməliyyat qrupu aparır, cinayətkarların törətdiyi əməllər hərtərəfli araşdırılır: “Ötən ilin sentyabr ayından indiyə qədər onların istintaq müddəti bir neçə dəfə artırılıb. Mülki həyatda baş verən cinayət hadisələrində prokurorluğun təqdimatı əsasında məhkəmə tərəfindən dörd aylıq həbs qətimkan tədbiri seçilir. Əgər istintaq tamamlanmayıbsa, yenidən məhkəmənin qərarı ilə istintaq müddəti uzadılır. İstintaqın uzadılması bilərəkdən, məqsədli halda baş vermir. Təbii ki, Azərbaycan xalqı separatçılara rəhbərlik etmiş bir qrup şəxsin istintaqının yekunlaşmasını, ədalət məhkəməsinə çıxarılmasını səbirsizliklə gözləyir. Lakin bizdən asılı olmayan səbəblərdən istintaqın müddətinin uzadılması yolu ilə onların törətdiyi cinayətlər tam və obyektiv araşdırılır. Bunun üçün isə zaman lazımdır”.

Hüquqşünas qeyd edib ki, sözügedən cinayətkar dəstə insanlıq və sülh əleyhinə müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğu maliyyələşdirməkdə, qətldə, qanunsuz silahlı birləşmələr yaratmaqda və sair ağır cinayətlərdə ittiham olunurlar: “Deməli onların istintaqının 4 ay deyil, daha çox çəkməsi mümkündür. Qanunla müəyyən edilmiş istintaq müddəti var. Azərbaycan qanunvericiliyinə uyğun olaraq, həmin istintaq müddəti məhkəmə qərarı ilə uzadılır, istintaq davam etdirilir. Fikrimcə, separatçıların nəinki Azərbaycanda törətdiyi cinayətlər, hətta onların xarici əlaqələri, maliyyələşmə, onlara kimlərin dəstək verməsi və digər məsələlər də istintaq müddətində araşdırılır. Ona görə də bu istintaq cari ilin payız fəslinə qədər, bəlkə də bir il altı ay və daha uzun müddətə davam edə bilər. Çünki qanunvericilik buna yol verir”.

Ç.Qənizadə vurğulayıb ki, Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlər törətmiş bu şəxslərin məhkəmə önünə çıxarılaraq layiqli cəza almalarını hər kəs səbirsizliklə gözləyir: “Hamılıqla gözləyir və ümid edirik ki, Azərbaycan xalqına qarşı cinayətlər törətmiş bu şəxslərin istintaqı ədalətli qaydada aparılacaq, ittihamları elan olunacaq və sonda iş məhkəmə baxışına göndəriləcək. O gün uzaqda deyil. Məhkəmədə onların törətdiyi cinayətlərin nədən ibarət olduğu, onlara dəstək verən xarici dövlətlərin, o ölkələrdəki vəzifəli şəxslərin, oliqarx məmurların, biznesmenlərin, təhrikçi qüvvələrin kimliyi də ortaya çıxacaq. Əminəm ki, bu cinayətkarlar Azərbaycan məhkəmələri vasitəsilə layiqli cəzalarını alacaqlar”.

Vüqar MƏMMƏDOV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
3
medianews.az

4Mənbələr