AZ

Bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq

Şuşaya ilk qayıdış Azərbaycan üçün çox böyük tarixi hadisədir. Biz əvvəllər Azərbaycanda məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından danışardıq. Bunu ona görə xüsusi vurğulayıram ki, bu insanlar öz torpaqlarında qaçqın və məcburi köçgün vəziyyətinə düşmüşdülər. Baxmayarq ki BMT-nin Təhlükəsizlik Şurası bununla bağlı 4 qətnaməsi imzalamışdı və 30 ilə yaxın bir müddət ərzində yerinə yetirilmədi. Bütün qətnamələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu və xalqı yerinə yetirdi. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi apararaq ərazilərinin böyük bir hissəsini, təxminən 10 min kvadratkilometri işğaldan azad etdi. Rəşadətli Azərbaycan Ordusunun 2020-ci ilin noyabrın 8-də Qarabağın tacı olan Şuşanı misli görünməmiş bir qəhrəmanlıqla 28 illik işğaldan azad etməsi dünya hərb tarixinə bir yenilik gətirdi. Məhz sıldırım qayaları, keçilməz dağ cığırlarını aşaraq burada düşmənin ən çevik ordu birləşmələrini darmadağın edən Azərbaycan hərbçiləri Şuşada üçrəngli bayrağımızı dalğalandırdılar.

2023-cü ilin sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri nəticəsində isə qanunsuz xunta rejiminin sığındığı digər ərazilər də separatçılardan təmizləndi. Bir sutkadan az davam edən antiterror tədbirləri nəticəsində Azərbaycan həm öz ərazi bütövlüyünü, həm də dövlət suverenliyini tam bərpa etdi. Beləliklə, Azərbaycan işğal altında olan torpaqlarını erməni təcavüzkarlarından təmizləyərək, yeni bir həyata qədəm qoydu.
Mayın 10-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günündə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya möhtəşəm və unudulmaz səfərlərindən biri oldu. 32 ildən sonra öz doğma yurd yerlərinə dönən şuşalılarla görüşündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu şəhərə ilk qayıdan sakinlərə onlar üçün yeni tikilmiş mənzillərinin açarlarını təqdim etdilər. Sakinlərlə görüşündə çıxış edən dövlət başçısı bu tarixi gün münasibətilə şuşalıları təbrik etdi və qeyd etdi ki, mayın 10-u hər birimiz üçün, təbii ki, mənim üçün əziz gündür - Ulu Öndərin doğum günüdür. Onun ən böyük arzusu bu reallıqları görmək idi, işğala son qoymaq idi və məhz onun fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq. Bundan sonra Şuşanın yeni tarixi başlayır. Mən 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bax, bu gün biz dirçəldilən Şuşanı görürük. Bu gün Ulu Öndərin doğum günündə Şuşada üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdur. Bu birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Onun bir hissəsi artıq hazırdır. Bu gün siz bu mənzillərə köçəcəksiniz. Mən əminəm ki, uzun fasilədən sonra şuşalılar burada rahat yaşayacaqlar, yaradacaqlar, quracaqlar, öz doğma şəhərlərinin tarixi simasını qoruyacaqlar.
Bəli, bu gün Şuşa gündən günə inkişaf edir, tarixi əzəmətini bərpa edir və sürətlə işğaldan əvvəlki xoşbəxt çağlarına qovuşmağa çalışır. Şuşanın ən böyük sevinci isə illərdir həsrətini çəkdiyi doğma sakinlərinə yenidən qovuşmasıdır.

Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
sesqazeti.az

1Mənbələr