AZ

ABŞ Hindistanla İran arasındakı razılaşmadan narahatdır

Hindistanın Tehranla liman istismarına dair 10 illik müqavilə imzaladıqdan bir neçə saat sonra ABŞ İranla işgüzar sövdələşmələri nəzərdən keçirən istənilən ölkəyə qarşı potensial sanksiyalar barədə xəbərdarlıq edib.

Hindistan 2016-cı ildə İranın Pakistanla sərhədinə yaxın olan strateji əhəmiyyətli Çabahar limanının inkişafı ilə bağlı saziş imzalamışdı. Bazar ertəsi Hindistan İranla limanın daha da inkişaf etdirilməsi üçün uzunmüddətli müqavilə imzalayıb. Hindistanın gəmiçilik naziri bunu "Hindistan-İran əlaqələrində tarixi an" adlandırıb.

Lakin Hindistanın bu addımı son üç ildə İranla əlaqəli qurumlara 600-dən çox sanksiya tətbiq edən ABŞ-la düz gəlməyə bilər.

Çərşənbə axşamı mətbuat brifinqində Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel razılaşma ilə bağlı suala cavabında bildirib ki, ABŞ-ın İrana qarşı sanksiyaları hələ də qüvvədədir. Vaşinqton sanksiyaları tətbiq etməyə davam edəcək.

“İranla biznes sövdələşməsini düşünən hər kəs potensial risklərdən xəbərdar olmalıdır. Xüsusilə də sanksiyaların potensial riskini gözə almalıdırlar”, o deyib.

Hindistan hələlik bəyanata cavab verməyib.

Şahin Elxanoğlu

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
visiontv.az

1Mənbələr