AZ

Otuz iki ildən sonra şuşalılar doğma Şuşaya qayıtdılar

Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşa şəhərinə köçmüş ilk sakinlərlə görüşdülər. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günündə yaşanan bu tarixi hadisənin böyük rəmzi mənası var. Ulu Öndərin ən böyük arzusu Qarabağı, Şuşanı, Xankəndini azad görmək idi. Bu gün Onun ruhu şaddır. İşğaldan azad edilmiş bütün torpaqlarımızda Azərbaycan Bayrağı ucaldılıb, genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Bu gün Şuşanın timsalında bütün azad edilmiş şəhər və kəndlərimizdə aparılan işlərin aydın mənzərəsi yaranır.

Cənab İlham Əliyev Şuşa sakinləri ilə görüşündə bir daha şanlı Qələbəyə gedən yoldan, 44 günlük İkinci Qarabağ münaqişəsinin reallıqlarından, tarixi Zəfərimizdən və hazırkı dövrdə qarşıda dayanan hədəflərdən geniş bəhs etdi. Bildirdi ki, otuz iki ildən sonra şuşalılar doğma Şuşaya qayıtdılar. Bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşdi.
44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək. 44 gün ərzində hər gün irəli getdik. Ermənistan ordusundan fərqli olaraq bir nəfər də olsun hərbçimiz döyüş meydanını tərk etmədi. Müharibənin birinci günündə əldə olunmuş qələbə - bir neçə kəndin azad edilməsi sonuncu günə qədər davam etdi və 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı. Şuşa əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi.
Dövlət başçısı İlham Əliyev bütün bunların fonunda bu reallığı da diqqətə çatdırır ki, biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Bizə müharibə lazım deyil, bizə torpaqlarımız lazım idi. Minsk Qrupunun 28 ildəki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdir. Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər, torpaqları ermənilərə vəd vermişdilər: “Necə ki, sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da, Amerika da, həmçinin.” Bu çağırış da səsləndirildi ki, Fransa və Amerika bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil. Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik.
İşğal dövründə mədəniyyət paytaxtımız Şuşanın erməniləşdirilməsi üçün nə qədər cəhdlər etdilər. Amma buna nail ola bilmədilər. Çünki Şuşa əzəldən Azərbaycan şəhəri olub, işğal dövründə də öz azərbaycançılıq simasını qoruyub saxlayıb. Əgər ermənilər bunu özlərinə doğma şəhər sayırdılarsa Şuşanı quraydılar, yaradaydılar, dağıtmayaydılar. Bir daş daş üstə qoyulmayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha bildirdi: “Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq.”
Bu gün paytaxt Bakı ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimiz, o cümldən Şuşa beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul olunur. Bu məkandan dünyaya birlik, həmrəylik, əməkdaşlıq mesajları ünvanlanır. Mayın 11-də dünyanın diqqəti növbəti dəfə Şuşaya, Cıdır düzünə yönəldi. Bu məkanda VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirildi. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak etdilər. Builki musiqi festivalı Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsinə həsr olundu. Tədbiri bir özəlliyi də ondan ibarət idi ki, məkanı genişlənərək Laçını da əhatə etdi. Dünyanın bir çox ölkələrindən çoxsaylı musiqiçilərin iştirak etdikləri bu dostluq və musiqi bayramı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə töhfə verir. Dövlət başçısı İlham Əliyev çıxışında bildirdi ki, İslam həmrəyliyi istiqamətində ardıcıl fəaliyyət göstəririk. Azərbaycan İslam dünyasının birləşməsi, İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir. Ölkəmizdə bir çox beynəlxalq tədbirlər, musiqi festivalları, mədəni tədbirlər keçirilir. Təbii ki, Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı olması bizə əlavə imkan verəcək ki, öz mədəniyyətimizi həm müsəlman ölkələrinin ictimaiyyətinə, həm də dünya ictimaiyyətinə çatdıraq. Şuşa Azərbaycanın bir çox dahi mədəniyyət xadimlərinin vətənidir. Şuşada doğulmuş, burada boya-başa çatmış görkəmli və dahi mədəniyyət xadimləri bizim qürur mənbəyimizdir. Şuşa nəinki Azərbaycanda, bütövlükdə Qafqaz bölgəsində və daha böyük coğrafiyada tarixən mədəniyyət ocağı kimi tanınırdı. İşğala baxmayaraq, Şuşa öz ruhunu - Azərbaycan ruhunu qoruyub saxlaya bildi. Şuşaya gələn hər bir insan əyani şəkildə görür ki, burada Azərbaycan ruhu var.

Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
sesqazeti.az

1Mənbələr