AZ

“İş adamı kəndin torpaqlarını məhv edir” – Göyçay sakinindən şikayət +FOTOLAR

“Göyçay rayonunun Çaxırlı kəndindən olan iş adamı Əsgərov Vidadi Faxrət oğlu adıçəkilən kəndin 20 hektardan çox örüş yerində qanunsuz qazıntı işləri apararaq yaratdığı süni gölün kənarındakı xeyli sayda yurğun və söyüd ağaclarını yandıraraq məhv edib. Bu barədə etdiyimiz şikayətdən sonra əraziyə baxış keçirilib, V. Əsgərovun bu əməlinin qanuna zidd olduğu sübuta yetirilsə də, səlahiyyətli qurumlar tərəfindən indiyə qədər heç bir tədbir görülməyib. Bu, onu deməyə əsas verir ki, Vidadi Əsgərov bütün qanunsuz işlərini pulla həll etdiyi kimi, bu əməlinin də üstünü ört-basdır etməyə nail ola bilib...”.

Bu barədə Göyçay rayonu, Çaxırlı kənd sakini Əsgərov Samir Zahid oğlunun “AzPolitika”-ya ünvanladığı şikayət məktubunda bildirilir.

Şikayətçi qeyd edir ki, V. Əsgərov və onun qanunsuz əməllərinə göz yuman vəzifəli şəxslər cəzalanmalıdırlar: “İş adamı vəzifəli şəxslərlə əlbir olub kəndin torpaqlarını məhv edir.V. Əsgərovun qanunsuz yaratdığı süni göl 3 km-dən çox ərazinin torpaqlarının şoranlaşmasına səbəb olub. Digər tərəfdən, V. Əsgərovun yurğun və söyüd ağaclarını məhv etməsi cinayət əməli hesab olunur.Həmçinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsində balıqçılıq təsərrüfatı məqsədilə süni göl yaradıb ki, bu da ətraf ərazilərdə qrunt suyunun səviyyəsinin qalxmasına, nəticədə yüzlərlə hektar torpaq sahəsinin şoranlaşmasına səbəb olub. Şəxsən bizim bağımızdakı 2108 ədəd ağac bu gölə görə quruyub məhv olmuşdur”.

Şikayətçi müraciətinin sonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi başda olmaqla, digər aidiyyatı qurumların ərazidə təcili yoxlamalar aparmasını, eləcə də qanuna zidd əməllər törədən şəxslərin cəzalandırılmasını xahiş edir.

Yazıda qeyd olunanlarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

“AzPoltika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
azpolitika.info

1Mənbələr