AZ

Müsavatdan ona görə istefa verdim ki... - Deputat Musa Qasımlı ilə MÜSAHİBƏ

“Millətin üzərində olan ləkəni cənab Prezident təmizlədi”

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı Modern.az saytının redaksiyasında qonaq olub. O, təhsil, siyasət, tarix və seçkilər barədə suallarımızı cavablandırıb.

Deputatla müsahibəni təqdim edirik:
 

- Musa müəllim, Amerika Birləşmiş Ştatlarının Corc Meyson Universitetində akademik fəaliyyətlə məşğul olmusunuz. Oradakı fəaliyyətiniz əsasən nədən ibarət olub?
 

- 2004-cü ildə Azərbaycandan bir neçə alimlə birlikdə İREX-in təşkil etdiyi təhsil proqramı çərçivəsində Corc Meyson Universitetində çalışmışıq. Azərbaycan və ABŞ alimləri orta məktəb müəllimlərinə kömək məqsədilə birlikdə kitab yazıb. Həmin kitab Bakıda da nəşr edilib və Təhsil Naizlriyinin rəsmilərinin iştirakı ilə təqdimatı keçirilib. ABŞ-da olarkən azərbaycanlı tələbələrlə, professor-müəllim heyətilə görüşlərimiz olub. Azərbaycanlı ailələr bizi qonaq aparıblar. Həftəsonu bir yerə toplaşmışıq. Eyni zamanda ABŞ Konqres Kitabxanasında, Milli Arxiv və Hesabatlar İdarəsində tariximizlə bağlı materiallar toplamışam.
Konqres Kitabxanasında düzgün xatırlayıramsa, Azərbaycana aid təxminən 28-29 min kitab var idi. Milli Arxiv və Hesabatlar İdarəsində də tariximizə aid sənədlər toplanmışdı. Həmin sənədlərdən təxminən 118-nin surətini gətirmişəm. Sonralar həmin sənədlər tədqiqatlarımın aparılmasında mənə kömək etdi. Orada dostlar qazanmışam. Sonralar Azərbaycanın qələbəsini təbrik edən dostlar.


- Tarixçi alim kimi orta məktəblərdə tarix fənninin tədrisi ilə bağlı fikirlərinizi bilmək istərdik... Hazırda bu fənnin tədrisində hansısa mənfi cəhətlər görürsünüzmü?


- Hər bir millət tarixinin haradan gəldiyini, indi harada dayandığını və haraya gedəcəyini bilməlidir. Bunu bizə tarix elmi öyrədir. Tarixini bilməyən xalq qaranlıq sel sularına qərq olmuş kimidir. Tarixin qaranlıq küləkləri tarixini bilməyən və hədəflərini müəyyənləşdirməyən xalqları süpürüb aparacaq. Tarixi bilmək buraxılan səhvlərdən ibrət çıxarmaq, dərslər almaq, səhvləri təkrarlamamaq və irəli getmək üçün lazımdır.

Dərslikləri, xüsüsən tarix fənnindən dərsliyi hər adam yaza bilməz. Həm tarix dərsliyini yazanlar, həm onu tədris edənlər, həm də oxuyanlar tarix elminin başlıca ideyasını, fəlsəfəsini, məqsədlərini bilməlidirlər. Tarix sadəcə rəqəmlərdən, statistikadan və faktlardan ibarət deyil. Belə olsa, şagird keçmiş tarixdən heç bir şey əxz etməz. Əzbərlərdikləri də bir müddət sonra unudular. Tarix dərslikləri bəlli ideyalar, meyarlar, strukturlar və standartlar əsasında yazılmalıdır. Tarixdə təsadüfən heç bir hadisə baş vermir. Hər hansı bir hadisə və prosesin səbəbi, bəhanəsi, gedişi, iştirakçıları, onların məqsədləri, biri-birinə qarşı mübarizə üsulları, baş verən hadisə və prosesin nəticəsi və gələcəyə müsbət və ya mənfi təsiri olur. Hadisənin iştirakçıları olan dövlətlərin maraqları nələrdir? Maraqlarını həyata keçirmək üçün bu ölkələr hansı üsullardan istifadə etmişlər? Hər hansı bir dövlətin müharibədə qalib gəlməsinin və ya məğlub olmasının səbəbləri nədir? Bir tərəf üçün müsbət olan, digər tərəf üçün mənfi ola bilər.

Tarix siyasi elmdir. Bu günün siyasəti gələcək üçün tarix, keçmişin siyasəti isə bu gün üçün tarixdir. Tarixdə nəyin düzgün, nəyin yanlış olduğunu fizika və kimya elmlərində olduğu kimi, laboratoriyalarada təkrar-təkrar yoxlamaq mümkün deyildir. Tarixdə dövlətlər və siyasi partiyalar bir-birinə qarşı mübarizə aparır, onların məqsədləri, fəaliyyət üsulları da yazdıqları sənədlərdə əksinin tapır. Hər biri də məsələni öz maraqları baxımından yazır. Bununla bağlı yüzlərlə misallar gətirmək olar. Artıq on illiklərdən sonra tarixçi o dövrə şəxs olaraq gedib çıxa bilmir. O dövrləri arxivlərə gedərək mənbələrdən oxuyur. Mənbələri isə tərəflərin hər biri öz maraqları baxımından yazır. Hər biri də özünü haqlı hesab edir. Bəs belə bir şəraitdə tarixçi tarixi həqiqəti necə müəyyənləşdirə bilər? Bunun da bəlli meyarı vardır. Peşəkar tarixçilər həmişə belə bir başlıca sual verirlər: Hansı işlər sonrakı inkişafa təkan verdi, zəmin hazırladı, yoxsa əksinə? Hansı dövlət rəhbərinin hakmiyyəti illərində millət istəyinə nail oldu, arzularına çatdı, dövləti necə güclü oldu? Hansının zamanında dövlət və millət geriyə getdi? Bütün bunların səbəbləri nədir?

Hər hansı bir cəmiyyətdə dərin, analitik düşünən insanlar adətən 3-5% olur. 3-5% isə hər şeyi- doğruları inkar edir. Hakimiyyət inkarçılara zaman ayırarsa, hədəflərinə çatmaqda çətinlik çəkər. Ona görə də dövlət hakimiyyətləri zamanında millətin və dövlətin maraqlarına uyğun olan ən yaxşını, bu olmadıqda isə bütün pislər içərisində ən az pisi götürüb yoluna davam etməlidir. Deməli, tarix dərsliyi şagirdlərdə dövlətçilik, millətsevrəlik baxışlarını aşılamalı, çətin anlardan çıxmaqdan ötrü dərs verməlidir. Xarici ölkələrin bəzilərində Rəsmi və ya Hökumət tarixi və Xalq tarixi keçirilir. Əlbəttə, bunları bir-birindən ayırmq çətindir. Xalq olmasa dövlət də olmaz. Dövlət də olmasa, xalq da haradan gəlib haraya getdiyini bilməz. Hesab edirəm ki, bizim tarix dərsliklərimiz daha çox dövlətçilik tarixini şagirdlərə aşılamalıdır. Bu tarix elə xalqın da tarixidir. İctimai rəy həmişə güclülərin yanında olar. Dövlət hakimiyyəti ictimai rəyin ardınca sürünməz, onu özü yaradar və ardınca aparar və idarə edər.

Təbiidir ki, ideal tarix dərslikləri demək olar ki, heç bir yerdə yoxdur. Bizim tarix dərsliklərimiz də qüsurlarsız deyildir. Dərsliklərimiz daha çox statistika, yer adları və rəqəmlərlə doludur. Bu rəqəmlər şagirdə heç bir tarixi bilik, düşünməyə material vermir, tarixi təfəkkürün formalaşmasına kömək etmir. Məsələn, filan dövrdə vergi olaraq filan qədər düyü, buğda verilirdi və s. Bunu bilmək ziyanlı deyildir, ancaq başlıca məsələ bu deyil, dövrün vergi sistemini öyrənmək, baş verən böhranlardan neçə, hansı üsullarla çıxmağı öyrnəmək olmalıdır. Digər bir misal: müharibələrdə hərbi əməliyyatların strategiyasını, taktikasını, döyüşənlərin cəsarətini, əzmi, ölkəyə, Silahlı Qüvvələrə rəhbərlik edən rəhbərin rolu, tarixdə şəxsiyyət amili, qələbənin səbəbləri və gələcək inkişafa təsiri öyrədilməlidir. Başqa bir misal, 44 günlük Vətən müharibəsində ermənilər hücumu Ağdamdan gözləyirdilər. Necə oldu Azərbaycan başqa bir yerdən hücuma keçdi? Axı şagirdlərin arasından gələcəyin hərbçiləri çıxacaqdır. Tarix dərslikləri bir millətə vətən, dövlətçilik, millət, torpaq, bayraq sevgisini aşılamalıdır. Hesab edirəm ki, bu sahədə hələ çox işlər görülməlidir.
 

- Qardaş Türkiyədə vətənpərvərliyi artırmaq üçün bir sıra tarixi serial və filmlər çəkilir. Bir tarixçi kimi Azərbaycanın hansı tarixi dönəmi ilə bağlı film və serialların çəkilməsini zəruri hesab edirsiniz?
 

- Azərbaycan xalqının tarixində ən qürurverici hadisə səlib yürüşlərindən bəri quraşdırılan planların Prezident İlham Əliyevin üstün zəkası, böyük sərkərdəlik bacarığı və qəti iradəsi ilə pozulması və 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə, dövlət suverenliyinin tam bərqərar edilməsi, sərhədlər üzərində nəzarətin qurulmasıdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğladan azad edilməsi əhəmiyyətinə görə sadəcə Azərbaycan coğrafiyası ilə məhdudlaşmır. Cənab Prezidentin rəhbərliyi altında Azərbaycan dövləti Ermənistan, dünya erməniliyi, Ermənistanı müdafiə edən nüvə, eləcə də BMT-nin daimi üzvü olan bəzi dövlətlər üzərində qələbə qazandı. Bu misli görülməmiş tarixi qələbədir.

Digər yandan, qazanılan bu qələbə Türk dünyasının özünə olan inamını artırdı. Türk millətinin qaməti düzəldi. İlk dəfə olaraq millətin üzərində olan ləkəni cənab Prezident təmizlədi. O, türk millətlərinə necə yaşamağın yolunu və inkişfın formulunu göstərdi.

Bundan əlavə, qələbəni şərtləndirən amillər də təhlil edilməlidir. Qələbəni şərtləndirən amillərin başında dövlət başçısının biliyi, bacarığı, zəkası, strateqliyi dayanır. Səmimi olaraq söyləyək ki, bu qələbənin memarı cənab Prezident İlham Əliyevdir. Qazanılan qələbəyə həsr edilmuş filmlərin çəkilməsi çox əhəmiyyətlidir. Ancaq nə qədər çəkilsə də, qələbənin miqyasını tam əhatə edən bilməyəcəkdir. Bunu deyərkən mən detalları deyil, ümumi ruhu, bundan sonrakı minilliklər tariximizə işıq tuta biləcək fəlsəfi fikri nəzərdə tuturam. Açıq danışmaq lazımdır, Vətən müharibəsində qazanılan zəfərdən, sərhədlər üzərində tam nəzarətin qurulmasından, dövlət suverenliyimizin bütün ölkə ərazisində bərqərar ediıməsindən ber neçə il keçsə də, beynəlxalq səviyyəyə çıxa biləcək bir iş – kinofilm, roman ortada varmı? Pafosun ömrü az və təsiri isə çox qısa olur. Bu sahə müvafiq qurumları ciddi düşündürməlidir.
 



- Müəllimlərin sertifikasiya imtahanına cəlb olunmasını tənqid edənlər var. Siz bu barədə nə düşünürsünüz?

 

- Ölkəmizdə həm dövlət büdcəsi, həm də Heydər Əliyev Fondunun xətti ilə hətta ən ucqar dağ kəndlərində müasir məktəblər tikilib. Bu, bir neçə il əvvəl heç xəyala da gəlməzdi. Həmin məktəblər avadanlıqlarla, internetlə təmin edilib. Amma bu məktəblərdə dərslər necə keçirilir? Axı, o yaxşı binalarda dərs də yaxşı keçirilməlidir. Valideyn övladını məktəbə göndərirsə, orada yaxşı dərs keçirilmirsə, əlavə vəsait xərcləyib övladını repetitor yanına qoyursa, onlarda narazılıq yaranır və çoxlu suallar meydana çıxır. Soruşurlar: belə məktəb kimə lazımdır və dövlət nə üçün vəsait ayırır? Təhsilimizdə yaranmış bu vəziyyətin səbəbi nədir və ondan necə çıxmaq olar? Cavab çox sadədir. Səbəb məktəb direktorunda, müavinində və müəllimdədir. Məktəb direktoru, müavini və müəllim işinin hakimidirsə, o zaman məktəbdə heç bir cidd problem yaranmır. Mən bütün müəllimləri qətiyyən ümumiləşdirmək istəmirəm. Çox yaxşı müəllimlərimiz vardır. Bu gün Azərbaycanda kimdən soruşsanız, deyəcək ki, təhsil sistemini sağlamlaşıdırmaq lazımdır. Bəs təhsil sistemizimi necə sağlamlaşdırmaq olar? Bunun əsasən iki yolu vardır: inzibatçılıq və sertifikatlaşdırma. Mən inzibati yolun əleyhinəyəm. İnzibati yolla müəllimi məktəbdən kənarlaşdırmaq düzgün üsul deyildir. Burada subyektivliyə yol verilə bilər, şəffaflıq itər, narazılıqlar olar. Ən düzgün və şəffaf yol sertifikatlaşdırmadır. Sertifikatlaşdırma müəllimin bilik və bacarıqlarının üzə çıxarılmasıdır. Bunu kimsə müəllimə qarşı olan hərəkət kimi qiymətləndirməməlidir. Digər ölkələrdə də bu təcrübə vardır. Kimsə Elm və Təhsil Nazirliyini günahlandırmamalıdır. Sertifikasiyadan keçməyən şəxslər özlərinə baxmalıdırlar ki, nə üçün dərs dediyi fəndən suallara cavab verə bilmir. Bir müəllim hər hansı məsələni auditoriya üçün sadə dillə izah edə bilmirsə, bu, onun problemidir. Ən mürəkkəb məsələni müəllim sadə dillə izah etməlidir. Əgər bunu bacara bilmirsə, deməli, o özü də məsələyə hakim deyildir. Ona görə də sertifikasiyanı çox düzgün hesab edirəm. Biz bu məsələyə getməliyik. İndiki şəraitdə sertifikasiyadan keçməyənlərin heç biri Elm və Təhsil Nazirliyini təqsirləndirməməlidir.
 

- Bir az da siyasi məsələlər barədə suallar vermək istərdik. Siz 2003-cü ilə qədər Müsavat Partiyasının üzvü olmusunuz. 2003-cü ildən sonra bitərəf olmağınıza səbəb nə oldu?
 

- O vaxtdan 21 ildən çox müddət keçib. Mən həmişə çoxpartiyalı sistemin, demokratiyanın, fikir müxtəlifliyinin qəti tərəfdarı olmuşam. Bütün cəmiyyətlər fikir müxtəlifliyi ilə irəli gediblər. Əsas oldur ki, cəmiyyətdə beyinlər, fikirlər, ideyalar toqquşsun, küçələrdə yumruqlar toqquşmasın. Şəxslər deyil, problemlər müzakirə olunsun. İnsanları təhqir etmək olmaz. Sual verməlidirlər ki, bizim hansı problemlərimiz var? O problemlərin həllinə hansı təşkilatlar, kimlər necə yanaşır və bizə bu yanaşmaların hansı daha səmərəlidir?

Mən bir tarixçi olaraq həmişə xaos, anarxiya və qarışıqlığın əleyhinə olmuşam, indi də bu mövqedəyəm. Xaos milləti və dövlət geri aparır. Azərbaycan xalqı heç vaxt inqilab, dağıdıcılıq, qarşıdurma yolu ilə getməməli, ona cəhd edənlərə anında qəti cavabını verməlidir. Dünyanın hər bir yerində göyün üzü mavi rəngdədəir, yəni bütün ölkələrdə probelələr bu və ya başa səviyyədə vardır. Əsas məsələ ondan ibarətdir ki, problemlər necə həll olunur? Azərbaycan cəmiyyəti islahatlar yolu ilə getməlidir. Çünki inqilab əks-inqlab yaradır. Həm inqilabda, həm də əks-inqilabda qan, kin-kudurət, cəmiyyətin parçalanması vardır. İnqilab cəmiyyəti bölür. İslahatlar isə milləti, cəmiyyəti vahid məqsəd uğunda bütövləşdirir. Həmişə milli ideya cəmiyyəti irəli aparır. Ona görə mən ölkəmizin islahatlar, təkamül yolu ilə inkişafının tərəfdarı olmuşam.

2003-cü ildə Müsavat Partiyasından ayrılanda da verdiyim bəyanatımdakı başlıca motiv bu idi. Azərbaycan cəmiyyətinin yolu qarşıdurmada, küçə döyüşlərində, yumruq savaşlarında deyil, islahatlardadır, beyinlərin, düşüncələrin toqquşmasındadır. Mən müstəqil deputat olsam da, birmənalı olaraq Prezident İlham Əliyevin yürütdüyü siyasəti müdafiə edirəm. Hesab edirəm ki, bu yol siyasi partiya mənsubiyyətindən, sosial mövqeyindən asılı olmadan bütün Azərbaycan vətəndaşlarının maraqlarına xidmət edir. Gələcəyimiz də bu siyasətlə bağlıdır. Prezident İlham Əliyev tariximizin ən mahir strateqidir.


- 44 günlük Vətən müharibəsindən sonra açıqlamalarınızdan birində "artıq 90-cı illərin Azərbaycanı yoxdur" demişdiniz...


- Bu sualın cavabı çox genişdir. Birincisi, 90-cı illər tarixini artıq dəyişmək olmaz. Necə var olduğu kimidir. O tarixi dəqiq təhlil edib, səhvləri görmək və onu yaradan səbəblərə bir daha yol verməməliyik. 90-cı illərin Azərbaycanı ilə indiki Azərbaycanı müqayisə etmək olmaz. Bu dövrdə Azərbaycan xaricdən maliyyələşən separatçılıqla bölünmək təhlükəsi, vətəndaş müharibəsi astanasında idi. Ölkə ərazisi təcavüzkar Ermənistan tərəfindən işğal edilirdi. Hakimiyyətin qanadları arasında ziddiyyətlər, xalq ilə hakimiyyət arasında uçurum var idi. Ölkə dağılırdı. Azərbaycan təkpartiyalılıqdan çox partiyalı sistemə, diktaturadan demokratiyaya keçirdi. Hakimiyyətdə olanlar məsələləri lazımında dəyərləndirib, hərəkət edə bilmədilər, bacarmadılar. 5 çox pisdən ən pisini seçdilər. 90-cı illərin əvvəlləri də tariximizdir. O tarixi biz dəyişə bilmərik. Amma o tarixi təhlil edib, buraxılan səhvləri görməliyik. Biz bir millət olaraq xaos, anarxiya, qarışıqlıq milləti deyilik. Biz qayda-qanun, dövlət millətiyik. Anarxiya, xaos olan zaman biz həmişə biz geri getmişik. Xaos və anarxiyanın tüğyanı 90-cı illərdə ümumi böhrana gətirib çıxardı. Belə bir vaxtda xalqın sabaha ümidi yox idi. Belə bir vaxtda xalqın istəyi ilə ümumilli lider Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdilər. Bu da səsəbsiz deyildi. Çünki 70-ci illərdə Heydər Əliyevin gördüyü işlərə xalq şahid olmuşdu. Naxçıvanda ağsaqqal deputat və Ali Sovetin sədri olaraq verilən qərarlar bilirdi. 1993-cü ildə Heydər Əliyev Bakıya gələndə dərhal parlamentin sədri seçilmədi, təkbaşına Gəncəyə getdi. Bəzi deputatlar onunla getmək istəyəndə dedi ki, "ya məndən əvvəl gedərdiniz, ya da məndən sonra gedərsiniz". Özü jurnalistlərlə getdi. Geri qayıtdıqdan sonra Parlamentə sədr seçildi.

Heydər Əliyevin 1993-2003-cü illərdəki fəaliyyəti çox dərin təhlil tələb edir. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndə xarici mətbuat yazırdı ki, Azərbaycanda hər şeyi bundan sonra Heydər Əliyevin zəkası, biliyi, bacarığı və qətiyyəti həll edəcəkdir. Doğrudan da, belə oldu. Heydər Əliyev hakimiyyətə gələndə ölkə bərbad halda idi. Onun qarşısında iki yol vardı: ya sonu görünməyən müharibəni davam etdirmək, ya da atəşkəsə gedib, ölkənin inkişafının açarını tapmaq, torpaqları işğaldan azad etmək üçün zəmin hazırlamaq. Ümumilli lider məhz ikinci yolu seçdi. Bu işi Prezident İlham Əliyev yerinə yetirdi. Bu isə millətin və dövlətin tarixinin ən şərəfli səhifəsidir.
 

- Növbəti parlament seçkilərində iştirak edəcəksiniz?
 

- Hələ seçkinin tarixi bəlli deyil. Bu barədə qərar vermək tezdir. Vaxtı çatanda qərarımı açıqlayacam.

 

- Yaşı 70-i ötmüş, hamısı olmasa da, bir çox köhnə simanın deputat mandatı ilə vidalaşacağı iddia olunur. Sizcə, deputatlar üçün yaş həddi olmalıdır? 

 

- Mənim 70 yaşım yoxdur. Bunu 70 yaşında olanlardan soruşun.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
modern.az

1Mənbələr