AZ

Bədən Tərbiyəsi və İdman Akademiyasında növbəti dəfə karyera sərgisi keçirilir

Bakı, 16 may, AZƏRTAC

Mayın 16-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) gənclərin məşğulluğunu artırmaq məqsədilə tələbə və məzunlar üçün karyera sərgisi təşkil olunub. Sərginin keçirilməsində əsas məqsəd tələbə və məzunların müəssisə və təşkilat nümayəndələri ilə birbaşa ünsiyyətinə imkan yaratmaq və onların işlə təmin olunmasına dəstək verməkdir.

AZƏRTAC xəbər verir ki, müxtəlif idman federasiyalarının, dövlət qurumları və təşkilatların, eləcə də Akademiya ilə sıx əməkdaşlıq edən idman müəssisələrinin nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən ASAPES-in rektoru Fuad Hacıyev sərginin əhəmiyyətinə toxunub. Rektor bildirib ki, belə sərgilər tələbə və məzunların karyera imkanlarını inkişaf etdirmək, məşğulluqlarını artırmaq, əmək bazarında ixtisaslarına uyğun şirkətlərlə əlaqə yaratmaq və real iş imkanlarından yararlanmaq məqsədilə təşkil olunur.

Əmək və Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli çıxış edərək Azərbaycanda tələbə və məzunların öz seçimlərinə uyğun işlə təmin olunmasında belə sərgilərin vacibliyindən danışıb. O deyib ki, karyera sərgilərində tələbələr və universitetlərlə işbirliyi həm də əmək bazarına olan tələbləri müəyyənləşdirmək üçün əlverişli platformadır.

Beş yüzdən çox tələbə və məzunun iştirak etdiyi sərgidə müəssisə və təşkilatların nümayəndələri təmsil etdikləri müəssisələrdəki vakansiya və təcrübə proqramları haqqında tələbə və məzunlara ətraflı məlumat veriblər. İş axtarışında olan gənclər isə şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə birbaşa ünsiyyət quraraq təhsil və bacarıqlarına uyğun vakansiyalar üzrə CV-lərini təqdim ediblər.

Qeyd edək ki, karyera sərgisində tələbə və məzunlara ümumilikdə 47 müəssisədən 220 vakansiya, 78 təcrübə proqramı təklif olunub.

Sonda sərgidə iştirak edən tələbələr arasında maraqlı yarış təşkil olunub və hədiyyələr verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
172
4
azertag.az

4Mənbələr