AZ

"Qəbələ"nin narahatlığı

“Futbolçular da mətbuatı izləyirdilər. Öz aralarında söhbət edirdilər ki, Premyer Liqada qalmaq ehtimalı var”.

Bunu “İdman Bizdə” verilişinin qonağı olan “Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlı deyib.

Klub rəsmisinin sözlərinə görə, AFFA Premyer Liqanı sonuncu yerdə bitirən klubun aşağı diviziona düşmək qərarını açıqlamaqda tələsib. O bildirib ki, çempionatda qalmaq ehtimalı futbolçuları tonusda saxlayırdı: “Qərarın çempionatın bitməsinə 2 tur qalmış verilməsi narahatlıq yaratdı. Əgər dəyişiklik olmayacaqdısa, bu qərarı bir qədər gec də vermək olardı. Dəyişiklik tez elan edilir ki, hamı işini bilsin. Bu da olmadı. Fikrimcə, qərarı 2 həftə sonra vermək daha düz olardı. Turnir cədvəli baxımından vacib oyunlar var. “Sumqayıt”la görüş vacibdir. Onların avrokuboklarda iştirak şansı davam edir. Belə komandalara qarşı psixoloji cəhətdən hazırlıqsız çıxmaq digər komandalara haqsızlıq olacaq. Amma qərarda haqsızlıq olduğunu deyə bilmərəm. Sonuncu yeri tutan çempionatı tərk etməlidir və biz də bununla barışmalıyıq. Sadəcə çox istəyirik və inanırıq ki, bundan sonrakı qərarlarda bu prinsipiallıq, idman prinsipləri və ədalət hər zaman qorunsun. Çünki bizim futbolda uzun müddətdir ki, ən böyük problemlərdən biri bu prinsiplərin qorunmaması idi. Premyer Liqaya baxsaq, 4-5 klub birbaşa Azərbaycan çempionatında mübarizəyə başlayıb. Aşağı liqalarda oynamayıblar. Amma bu qərara heç bir etirazımız yoxdur. Güzəşt olsaydı, təşəkkür edərdik. Belədə də faciəvi bir şey yoxdur”.

Qeyd edək ki, “Qəbələ” son 2 oyunda - mayın 19-da “Araz-Naxçıvan”la evdə, ayın 25-də isə “Sumqayıt”la səfərdə qarşılaşacaq.

Emin Ağa
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
idman.biz

1Mənbələr