AZ

Azərbaycanla Belarus arasında qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə olunub

Azərbaycanla

Bakı, 16 may, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri (AQTA) Qoşqar Təhməzli və Belarus Respublikasının kənd təsərrüfatı və ərzaq naziri Sergey Bartoş arasında görüş keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib, iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib.

Həmçinin Azərbaycanla Belarus Respublikasının qida obyektləri üzrə təsdiq sisteminin ekvivalentliyinin tanınması və baytarlıq preparatlarının birgə istehsalı üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. Belarusla əməkdaşlıq çərçivəsində imzalanmış, eləcə də imzalanması nəzərdə tutulan sənədlər nəzərdən keçirilib, müvafiq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.

Görüşdən sonra Belarusun kənd təsərrüfatı və ərzaq naziri Qida Təhlükəsizliyi İnstitutunda olub, iş prinsipini öyrənmək məqsədilə İnstitutun laboratoriyalarına baxış keçirib. O, laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıb, eləcə də bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub.

Laboratoriyalara baxış keçiriləndən sonra jurnalistlərə açıqlama verən Sergey Bartoş Qida Təhlükəsizliyi İnstitutunda laboratoriya sisteminin peşəkarlıqla qurulduğunu vurğulayıb. Həmçinin müvafiq müayinələrin yüksək səviyyədə aparıldığını bildirib.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Q.Təhməzli Agentliklə Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında qida təhlükəsizliyi sahəsində səmərəli əməkdaşlığın mövcud olduğunu qeyd edərək bildirib ki, Belarusun kənd təsərrüfatı və ərzaq naziri ilə aparılan danışıqlarda bu ölkədən respublikamıza idxal olunan yüksək riskli qida məhsulları üzərində dövlət nəzarətinin daha da gücləndirilməsi müzakirə edilib. Eyni zamanda bəzi məhsul qrupları istisna olmaqla, AQTA-nın Belarusun qida obyektləri üzrə təsdiq sisteminin ekvivalentliyini tanıması barədə razılıq əldə olunub və bu sahədə danışıqların davam etdirilməsi qərara alınıb. AQTA sədri ölkəmizdə baytarlıq preparatlarının istehsalı ilə bağlı Belarusla birgə ekspert qrupunun yaradıldığını da vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
4
azertag.az

5Mənbələr