AZ

“Sumqayıt”la “Neftçi”ni Avropaya aparan yol - TƏHLİL

Sabah Azərbaycan Premyer Liqasında XXXV tura start veriləcək.

İdman.biz xəbər verir ki, çempionatın sonuncudan əvvəlki turu avrokuboklara iki vəsiqənin sahibinin adına aydınlıq gətirə bilər.

İlk və son oyun günlərindəki “Qarabağ” – “Turan Tovuz” və “Qəbələ” – “Araz-Naxçıvan” görüşləri turnir cədvəli baxımından formal xarakter daşıyır. Avrokubok baxımından həlledici ola biləcək matçlar isə ikinci oyun gününə təsadüf edəcək.

Bu qarşılaşmaların üçü də eyni saatda başlayacaq. “Sabah” – “Sumqayıt” görüşündə avrokubok iddiaçılarından ikisi üz-üzə gələcək. Digər namizədlər isə səfərdə oynayacaq. Həmin anda “Səbail” – “Neftçi” və “Kəpəz” – “Zirə” qarşılaşmaları keçiriləcək.

“Sumqayıt”a qələbə yetər
Turnir cədvəlində ikinci olan “Sumqayıt”ın işi daha asan görünür. Samir Abasovun yetirmələri digər komandaları xal hesabında da üstələyir. Düzdür, komanda çətin səfər matçına çıxacaq. “Sabah”ın qonağı olacaq “Gənclik şəhəri” təmsilçisi indidən avrokubok vəsiqəsini qazanmaq üçün mütləq qalib gəlməlidir.

Bu, avrokuboklara vəsiqə verəcək. “Sumqayıt” “Sabah”a qalib gəlsə, ən azı “dördlük”də yerini təmin edəcək ki, onları yalnız “Neftçi” və “Zirə” keçə bilər. Sonuncuların kubokun finalında oynaması isə sumqayıtlıların qitə miqyaslı turnirlərə yolunu açır.

Abasovun komandası təkcə “dördlük” və Avropada deyil, mükafatçılar sırasında yerini təmin etməsi üçün isə “Neftçi” və “Zirə”dən biri turu qələbəsiz başa vurmalıdır. Əgər hər iki klub xal itirsə, “Sumqayıt” hətta gümüş medalı təmin edəcək.

“Neftçi”nin “Sumqayıt” sevgisi
“Səbail”in qonağı olacaq “Neftçi”yə tək qələbə yetərli deyil. Miodraq Bojoviçin yetirmələri qalib gəlməli, üstəlik “Sumqayıt”ın “Sabah”ı məğlub etməsini gözləməlidir. Onda hər iki qalib komanda “dördlük”də yerini təmin edəcək və avrokuboklara yüksələcək. Çünki “Neftçi” də “Sumqayıt” kimi “Sabah” üçün əlçatmaz olacaq.

“Ağ-qaralar” da təkcə “dördlük” deyiı, “üçlük”də, mükafatçılar sırasında da yerini təmin edə bilər. Bunun üçün daha çox şərt tələb olunur. Paytaxt təmsilçisinin özü “Səbail”i, “Sumqayıt” “Sabah”ı məğlub etməlidir və üstəlik “Zirə” də “Kəpəz”ə qalib gəlməməli, xal itirməlidir.

Qeyd edək ki, mayın 18-də keçiriləcək “Səbail” – “Neftçi” və “Kəpəz” – “Zirə” qarşılaşmaları saat 17:00-da başlayacaq.

Vüqar Xeyrullayev
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
idman.biz

1Mənbələr