AZ

“Göyçəyə dönəcəyik!”

Şahanə MÜŞFİQ

Qudsal 44 gündən geriyə qalan çox şey oldu-qürur, şəhid xəbərlərinin ruhumuzda yaratdığı göynək, sevinc göz yaşlarıyla kədər göz yaşlarının bir-birinə həyan olması-dolayısı ilə, həyatın özü! Ən əsası isə o günlər xalqımıza əvəzolunmaz yurd vüsalı yaşatdı! 

Onlar isə həmişəyaşıl olan ümidlərini bu vüsalla suladılar, Zəfər adlı günəşə doğru bir boy daha ucaltdılar. Onlar Qərbi Azərbaycanın illərdir ki, yurdlarından didərgin düşmüş sakinləridir. Şair, nasir Güldərən Vəli Göyçə mahalının Dərə kəndində anadan olub. İlk dəfə məktəbə o kənddə gedib, təbiətin sehrinə o kənddə qapılıb... Suyundan içib, nemətlərindən dadıb, böyüyüb, şəxsiyyət kimi formalaşıb. İlk şeirini orada yazıb, ilk hekayəsinin qəhrəmanları o kəndin sakinləri olub. İki körpəsini o kənddə qucağına alıb, təbiətin, həyatın çoxçalarlı palitrasına batırdığı xəyal fırçasıyla ümidlərini o kənddə rəngləyib... 

“Basarkeçər rayonunun Dərə kəndi... Mən kəndimizi xatirələrimdə “Gül Dərə” deyə əzizləyirəm. Mənim adım da kəndimizlə bağlıdır. Atamın anası Dursun nənəm təbiəti çox sevərdi. Hər çiçəyin, otun adını ondan öyrənmişəm, kəndimizin əhatələndiyi dağların hər cığırında bələdçim olub. Dursun nənəm kəndimizin güllü-çiçəkli halını o qədər sevib ki, adımı Güldərən qoyub. Kəndimiz bir nağıl idi mənimçün. Hə, oxuduğum bütün nağıllardakı “Gülüstani-İrəm”i heç vaxt təsəvvürümdə canlandırmırdım. Elə gözümü hərləyib kəndimizin dörd yanına baxmaq yetirdi ki, özümü “Gülüstani-İrəm”də hiss edim. 

1988-ci ilin noyabrında çıxdıq kəndimizdən. Amma mən xəyalən heç ayrılmadım oradan. Bu gün belə xəyalən hər gün ordayam. “Qatarqaya”nın başında dayanıb ətrafa baxıram tez-tez xəyalımda. “İskəndər ocağı”na doğru addımlayıram. “İskəndər ocağı” qurbanlarımızı kəsdiyimiz, nəzirlərimizi payladığımız yer idi. İndi tez-tez o kənddə-bu kənddə su problemləri olduğunu çəkib göstərirlər televizorda. Bizim kəndimiz Göyçə gölünün sahilində idi, bu, ayrı. Amma kəndimizin dörd yanından da bulaqlar qaynayırdı. “Zirincli bulaq”, “Gurbulaq”. “Orucoğlu” kolxoz naxırının yaylaq yeriydi. Başdan-başa lalələrlə örtülən bir dərəmiz vardı, adına “Xınna” deyirdik. Yəni xına... Qoyun sürülərinin yaylaq yerinə “Məntəqə” deyirdik. Çoban comalarının ətrafında qurulan çax-çaxların eni-uzunu bir baxışda görünmürdü. Göyçədə sanki meşələr də daha sıx, ağaclar daha uzun idi... Ya da mənim həsrətim illərlə içimdə yığılıb, oraları bir ayrıcalaşdırıb, bilmirəm... “Qara quzey” dediyimiz meşədə ağacların dibinə gün işığı düşmürdü. O qədər dərin meşəydi... “Gurbulağ”ın suyu o qədər gur idi ki, “Qara quzey”in yanında şəlaləyə çevrilirdi”. 

Güldərən Vəli “Qara quzey”in başındakı düzəngahda 7 rəng çiçək bitdiyini danışanda kövrəldiyini gizlətmir, oradan topladığı 3 solmazçiçəyini hələ də yaylığının arasına büküb saxladığını deyir. Yaş artdıqca zəifləyən yaddaşından şikayətçi olduğunu etiraf edən müsahibim bir şeydən əmindir: 

“Heç vaxt solmayan 3 solmazçiçəyi Göyçə ilə bağlı bütün xatirələrimi diri saxlayır. Bir ay əvvəl, bir həftə əvvəl baş verənləri unuduram hərdən, amma Dərə kəndi ilə bağlı heç nəyi, heç kimi unutmuram. Xatirələrim nənəmin mənə öyrətdiyi kilim, gəvə naxışıdır mənimçün. Hər naxışla gələcək nəslə bir gözəllik ötürülür ha, bax elə! Mənim də xatirələrimlə Göyçədə doğulmayan göyçəlilərə Göyçənin göyçək şəkilləri ötürülür. Şəkil demişkən, kəndimizin bütün şəkillərini saxlayıram. Ağ-qara olsalar da, mən hansı ağacın yarpağının açıq-yaşıl və ya tünd-yaşıl olduğunu bilirəm. Barmağımı qoyan kimi deyirəm”. 

Şeirlərinin birində “Göyçə dərdim, boyat dərdim” deyən Güldərən Vəli qaçqınlıq həyatının ilk günlərində qələmə aldığı şeirində Göyçəyə qayıtmaq ümidini dilə gətirir: 

“Əlvida” demədim, “hələlik” dedim,

 O Ulu Göyçəyə dönərik dedim”. 

 Dərdinə “boyat” deməsini isə belə izah edir: 

 “Dərd qaldıqca boyatlayır... Elə zənn etmişdim. Yanılmışammış. İndi dərdimi bağrıma basıram, televizorda Qarabağa qayıdan köç karvanlarını seyr edirəm, işə bax ki, ağlamıram. Bir gün o köç maşınlarının üzü Göyçəyə gedəcəyindən əminəm. Bir dəfə Dursun nənəm məni “Nazlı bulağı”na aparmışdı. Bulağa niyə “nazlı” deyildiyini soruşdum. Cavab verdi ki: “Bu bulağın başına həmişə nazənin qızlar gəlir, ona görə”. O bulağın ətrafından quşəppəyi (digər adı yolotu), lilpar, sırğan (gicitkən), yarpız, kəklikotu yığardıq. Həm mövsümündə növbənöv yeməklər hazırlayardıq bu bitkilərdən, həm də qurudub qışa saxlayardıq. İndi də bazardan quşəppəyi, sırğan, kəkotu alıram, amma dad o dad deyil. Göyçədə hər şey bir ayrı cür dadırdı...”

Güldərən xanım erməni xislətinin mənfurluğunun şahidinə çevrildiyi anları da tez-tez xatırlayır, ermənilərin bizə qarşı olan düşmən münasibətinin həmişə olduğunu deyir: 

“Diplomumu alandan sonra atamla getdik rayon mərkəzinə. Bütün idarələrdə rəhbər vəzifələrdə ermənilər işləyirdilər. Çox az azərbaycanlı tapılardı o idarələrdə, onlar da ən kiçik işlərdə işləyirdilər. “Əmək təlimi” müəllimi olmaqçün müraciət etmişdim. Amma məni işə götürmədilər. Harada boş yer vardısa, oraya bir erməni göndərirdilər. Məsələn, kəndimizdə komsomol təşkilatına adam lazım idi. Kəndimizin cavanları da, maşallah, hamısı ağıllı-kamallı, bacarıqlı oğlanlar idilər. Heç birini işə götürmədilər, haradansa Xaçik adlı bir ermənini gətirib qoydular. Ermənilər də ki, harada əllərinə fürsət keçdi, bizə zülm edirdilər. Tütün idi təsərrüfatımız. Təhvilvermə məntəqəsi vardı, aparıb təhvil verirdik. Orada çərçivələri sayıb təhvil götürürdülər. Ermənilər bizimkilərin üstünə qışqırır, qəsdən sayı az yazırdılar ki, əmək haqqı az yazılsın. Öz göyçəlimiz vardı, Qızıl Temir deyirdik ona. Əgər Qızıl Temir orda olsa, çəkinirdilər, bizim tütünümüzü düzgün sayırdılar. Qızıl Temir olmasa, ermənilər bacardıqları qədər qışqırır, pisikdirir, əməyimizi heçə sayırdılar. Bağ-bağatımızın məhsulunu almağa gələndə bacardıqca aşağı qiymətlə alırdılar. Yazıq kəndli də neyləsin? Meyvədir, qaldıqca xarab olur, məcburdu ki, mövsümündə satsın. Ermənilər o meyvənin də pulunu düzgün hesablayıb vermirdilər. Bu kimi çox şeyi sadalamaq olar... Qorxaq idilər, düzdür, amma atalar dediyi kimi, “dərə xəlvət olanda tülkü bəy olur”. Min şükür ki, “Vətən müharibəsi”ndə tülkünün bəyliyi sona çatdı, aslanın əzmini bir daha gördülər! Bir gün aslan Azərbaycan oğulları Göyçəni də azad edəcək. O günü gözləyirəm!”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Mənbələr