AZ

Təhsil ocağında dəhşətli QƏTL: Direktor müavinləri işə götürülərkən barələrində ARAŞDIRMA APARILSIN - TƏKLİF

Təhsil ocağında dəhşətli QƏTL: Direktor müavinləri işə götürülərkən barələrində ARAŞDIRMA APARILSIN - TƏKLİF

Xəbər verdiyimiz kimi, mayın 9-da Bakı şəhərinin Xətai rayonu ərazisində 55 nömrəli məktəbin təsərrüfat işləri üzrə direktor müavini Elsevər İslamov orada mühafizəçi işləyən Natiq Mehdi Məhəmməd oğlunu öldürüb. Direktor müavini iş yoldaşını öldürəndən sonra Xəzər rayonu ərazisində basdırıb.

Göründüyü kimi uşaqların təhsil alması üçün göndərilən təhsil müəssisəsində direktor müavini qətl hadisəsi törədib. Məktəbdə bu cür vəzifələrdə çalışan şəxslər ilə bağlı qabaqcadan məlumat alınmalıdır. Azərbaycanda direktorlar, o cümlədən məktəbdə inzibati vəzifələrdə çalışan şəxslərin işə qəbulu necə həyata keçirilir. Bu istiqamətdə hansı nəzarət mexanizmi var?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan təhsil məsələləri üzrə ekspert Elşən Qafarov deyib ki, bu hadisə məktəblərin birində baş verib. Sözügedən cinayət hadisəsi istənilən bir müəssisə və sahədə baş verə bilərdi. Cinayət hadisəsi iş prosesində olmayıb:

"Düşünürəm ki, cinayət hadisəsini məktəb və təhsil ilə əlaqələndirmək doğru deyil. Ümumiyyətlə belə bir qayda var idi ki, cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər Elm və Təhsil Nazirliyində fərdi qaydada araşdırılırdı. Onların araşdırılmasından sonra müəllim kimi işləməsinə icazə verilirdi. Müəllimlərin işə qəbulu müsabiqəsində, direktor və onların müavinlərin işə qəbul prosesində bu məsələ nəzərə alınmır. Direktorların imtahandan sonra müsabiqəyə qədər qurumlara sorğular göndərilir və müvafiq məlumatlar alınır. Amma direktor müavinlərinə bu addım atılmır".

Ekspertin sözlərinə görə, hadisə şəxsi münasibət zəminində baş verib. Direktor müavini olmaq üçün, xüsusilə təsərrüfat işləri üzrə direktor müavinindən söhbət gedirsə, ilk olaraq onlar ali təhsilli olmalıdır:

"3 illik stajı olmalıdır. Eyni zamanda imtahan yolu ilə işə qəbul olunur. Bu hadisə barədə yalnız istintaq bitdikdən sonra danışmaq olar. Bu məsələ tədris, təlim-tərbiyə prosesi ilə bağlı deyil. Düşünürəm ki, direktor müavinlərinin də vəzifəyə təyini zamanı müvafiq orqanlardan onlar barəsində məlumatlar alınmalı və araşdırılmalıdır. Məktəb kifayət qədər ciddi bir müəssisəsidir. Burada işə götürülən hər bir şəxs haqqında ətraflı araşdırmalar aparılmalıdır. Məlumatları aldıqdan sonra onlar haqqında son qərar verilməlidir".

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Elsevər İslamov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Sevda Səfərova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
sonxeber.az

1Mənbələr