AZ

Dünyada yeni güc mərkəzi 

TDT-nın Aİ ilə birgə fəaliyyət planı

Türk Dövlətləri Təşkilatı (TDT) ilə ayrı-ayrı beynəlxalq təsisatlar arasında əməkdaşlıq əlaqələri genişlənir. Bu günlərdə qeyd olunan istiqamətdə daha bir addım atılıb. Belə ki, TDT ilə Macarıstanın Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi arasında “Birgə fəaliyyət planı” imzalanıb. Sənəd TDT-Avropa İttifaqı (Aİ) əlaqələrinin inkişafına dəstək məqsədi daşıyır. Təşkilatın yazılı açıqlamasında verilən məlumata əsasən, sənəd TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev ilə Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri Peter Siyartonun görüşü zamanı təsdiqlənib.  Görüşdə “Birgə fəaliyyət planı”, o cümlədən Macarıstanın Avropa İttifaqına iyul ayında başlayacaq sədrliyi dövründə TDT-Aİ əlaqələrinin inkişafı istiqamətində atılacaq addımlar və Macarıstanda keçirilməsi planlaşdırılan tədbirlər müzakirə olunub.  Nazir Macarıstanın TDT və təşkilata üzv ölkələrlə çoxşaxəli əməkdaşlığını daha da gücləndirməkdə qətiyyətli olduğunu bir daha vurğulayıb. Xatırladaq ki, Macarıstan 2018-ci ildən etibarən Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvüdür.

Tarixi zərurətdən yaranan və yaxud qüvvələr balansını təmin edən qurum

TDT-nın yaranmasına aparan yol Naxçıvandan başlayıb. 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə Görüşündə Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi”i imzalanıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması üzrə razılığa gəlinib. 12 noyabr 2021-ci il tarixində TDT-nin 8-ci Zirvə Görüşü çərçivəsində təşkilatın adı TDƏŞ-dən TDT-yə dəyişdirilib. Türk Dövlətləri Təşkilatı yarandığı zaman onun dörd üzv ölkəsi - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğu halda, bu gün artıq təşkilatda beş üzv və üç müşahidəçi ölkə var. Özbəkistan 2019-cu ildə TDT-yə üzv olub. Altı Türk dövlətindən beşi bu təşkilatın üzvüdür, Türkmənistan isə müşahidəçi statusuna malikdir. Macarıstan da müşahidəçi qismində təşkilata qoşulub və təşkilatın Macarıstanda da ofisi fəaliyyət göstərir. 2022-cü ildə isə Şimali Kipr Türk Respublikası (ŞKTR) müşahidəçi statusunda quruma daxil olub.

Türk Dövlətləri Təşkilatının yaradılmasında əsas məqsəd oxşar tarixi-mədəni irsə, ortaq milli-mənəvi dəyərlərə, məişət tərzinə malik olan xalqların birliyini gücləndirmək, siyasi, ticarət və iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün yeni regional ümumtürk platformasının yaradılması olub. Qurumun fəaliyyət istiqamətləri  siyasi dialoq, turizm, iqtisadiyyat, ticarət, gömrük, nəqliyyat, təhsil, gənclər və idman, kənd təsərrüfatı, ədliyyə, miqrasiya, informasiya və s. sahələri əhatə edir. Yaradılarkən xoş məramın əsas götürülməsi və üzv dövlətlər arasında yüzilliklər boyunca formalaşan  tarixi bağlar, təbii amillər, cəmiyyətlərin qarşılıqlı rəğbət hissləri, bir-birinə yaxınlaşmaq istəkləri bu təşkilatın uzunömürlülüyünə güclü təminatlar verir.

Əslində, dünyanın hazırkı mənzərəsi fonunda Türk dövlətlərinin bir çətir altında birləşmələri tarixi zərurətə çevrilmişdi, desək, yanılmarıq. Məlumdur ki, hazırda beynəlxalq səviyyədə qütbləşmə meylləri güclənib. Nə qədər qəribə görünsə də, XXI əsrdə multikulturalizm ideyaları bir sıra hallarda inkar edilir, millətçilik, irqçilik, etiqad fərqliliyi önə çəkilir. Hazırda dünyanın ayrı-ayrı regionlarında İslamafobiyanın genişlənməsini izləmək acı təəssüf hissi doğurur. Biz qlobal güc mərkəzlərinin selektiv siyasət apardıqlarını, eyni məsələlərə fərqli yanaşmalar sərgilədiklərinin şahidi oluruq. Açıq demək lazımdır ki, ikili yanaşmalardan həm də Türkdilli dövlətlər əziyyət çəkirlər, bir sıra hallarda onlara qarşı açıq-aşkar təzyiq cəhdləri göstərilir. Belə bir şəraitdə Türk dövlətlərinin hansısa saxta, keçici maraqlara deyil, məhz soy-kökdən gələn yaxınlığa istinad etməklə potensiallarını və fəaliyyətlərini əlaqələndirmələri bir zərurət kimi çıxış edirdi. TDT-nın yaranması geniş Türk coğrafiyası ilə dünyadakı ayrı-ayrı güc mərkəzləri arasında qüvvələr balansının tarazlaşdırılmasına geniş imkanlar açır. Zənnimizcə, TDT-nın ən mühüm missiyalarından biri məhz budur. Bu gün TDT dünya miqyasında yeni güc mərkəzi qismində çıxış edir. Qeyd etdiyimiz kimi, Türk birliyinin əsası qoyularkən xoş məram əsas götürülüb. Bu qurumun hansısa bir qara niyyəti, təcavüzkarlıq, nifaq yaratmaq, imperialist siyasət aparmaq məqsədi yoxdur.  Təbii ki, milli maraqlarını təmin etmək, müxtəlif mərkəzlərdən gələn ekspansionist cəhdlərin qarşısını almaq da Türk dövlətlərinin haqqıdır. Qurum burada cəmləşən ölkələr arasında əlaqələri gücləndirmək istiqamətində müxtəlif fəaliyyətlər həyata keçirdiyi kimi, digər ölkələrlə və beynəlxalq təşkilatlarla, o cümlədən də Avropa İttifaqı ilə inteqrasiyanın dərinləşdirilməsinə açıqdır. Əlbəttə ki, paritet əsaslarla, qarşılıqlı maraqların təmin edilməsi yolu ilə.

TDT-nın cəlbediciliyini artıran böyük iqtisadi potensial

Hazırda Avropada və bütün dünyada TDT-də birləşən ölkələrə böyük maraq var. Bu da ilk növbədə Türkdilli ölkələrin malik olduqları zəngin iqtisadi potensialla bağlıdır. 4,5 milyon kvadratmetr coğrafi ərazini əhatə edən geniş Türk coğrafiyasında  təxminən 155 milyon əhali yaşayır. Qeyd edək ki, bu coğrafiyada tarixən əhali artımının dinamikası yüksək olub. Azərbaycan və digər Türkdilli ölkələr öz iqtisadiyyatlarını intensiv şəkildə genişləndirirlər. Türkiyə 761.4, Qazaxıstan 181.7, Özbəkistan 57.9, Azərbaycan 48, Türkmənistan 48 və Qırğızıstan 8.5 milyard dollar nominal ÜDM-ə malikdir. TDT-da cəmləşən ölkələr ümumilikdə 1,5 trilyon dollara yaxın nominal ÜDM-ə sahibdirlər. Alıcılıq qabiliyyəti pariteti üzrə isə Türk dövlətlərinin real ÜDM-nin həcmi 4,7 trilyon dollara yaxındır. Bu o anlama gəlir ki, əgər Türk dövlətləri vahid dövlət olsaydılar, onda  alıcılıq qabiliyyəti nəzərə alınmaqla ÜDM-in həcminə görə dünyada 7-ci ən böyük ölkə sayılardı.

Bu gün deyə bilərik ki, regionun yeni iqtisadi xəritəsi məhz Türkdilli ölkələrin iştirakı ilə formalaşır. Türk dövlətləri arasında ticarət dövriyyəsi 2022-ci ildəki 33 milyard ABŞ dollarından 2023-cü ildə 42 milyard dollara yüksəlib. Bu, il ərzində 27,3 faiz artım deməkdir. TDT 2021-ci ildə 47, 2022-ci ildə 62 tədbir keçirib. Ötən il isə TDT üzrə müxtəlif istiqamətləri əhatə edən 110-dan çox tədbir baş tutub. Bu tədbirlərdə iqtisadi əməkdaşlığın müxtəlif istiqamətlərdə genişləndirilməsi ilə bağlı aktual müzakirələr aparılıb, potensial imkanlara diqqət çəkilib.

Qeyd etdiyimiz kimi, TDT qurum daxilində olduğu kimi, digər ölkələr və beynəlxalq təşkilatlarla da əlaqələri genişləndirməkdə maraqlıdır. Biz, eyni zamanda, “hazırda dünya, xüsusilə də Aİ məkanı Türkdilli ölkələrlə əməkdaşlığa ehtiyac duyur” fikrini tam qətiyyətlə ifadə edə bilərik. Yaranan geosiyasi reallıqlar fonunda Avropanın enerji təhlükəsizliyinə ciddi təhdidlər yaranıb. Qoca qitə bu sahədə böyük çətinliklərlə üzləşir. Belə şəraitdə, nəzərlər karbohidrogen resursları ilə zəngin olan və ədalətli enerji siyasəti həyata keçirən Azərbaycana və Mərkəzi Asiyada yerləşən Türkdilli ölkələrə yönəlir. Analitiklər bu ehtiyacın illərlə daha da artacağını proqnozlaşdırırlar. Hazırda Avropa “yaşıl enerji” dövrünə keçid edir. Mənbə qismində isə yenə də zəngin potensialla Xəzər sahilindəki Türkdilli ölkələr çıxış edirlər. Biz son vaxtlarda ayrı-ayrı Avropa dövlətlərinin rəsmilərinin və Aİ təmsilçilərinin regiona tez-tez səfərlərə gəldiklərinin şahidi oluruq. Müzakirələr həm də Qazaxıstanın, Özbəkistanın malik olduqları uran və nüvə obyektlərini istismarı üçün son dərəcə gərəkli sayılan digər koponentlərin idxalı ətrafında aparılır. 

Əlverişli coğrafi yerləşmənin yaratdığı üstünlüklər

Türkdilli ölkələrin Avropa üçün önəmini artıran digər mühüm bir amil isə əlverişli coğrafiya və kommunikasiyalarla bağlıdır. Yaranan geosiyasi reallıqlar fonunda nəqliyyat bağlantıları və digər kommunikasiyaların önəmi heç vaxt olmadığı qədər artıb. Avropa ilə Asiya arasında ən qısa və rahat bağlantı isə məhz Türk coğrafiyasından keçir. Azərbaycanın təşəbbüsü və moderatorluğu ilə ərsəyə gələn müasir nəql marşrutları Avropa üçün şaxələndirilmiş təchizat marşrutlarıdır. Bu marşrutlarla Azərbaycanın və digər Türkdilli ölkələrin karbohidrogen ehtiyatları Türkiyə üzərindən Avropaya çatdırılır. Biz yuxarıda Avropanın enerji keçidindən bəhs etdik. Burada yenə də Prezident İlham Əliyevin strateji baxışlarını xatırlamaq lazım gəlir. Artıq dövlətimizin başçısının təşəbbüsü ilə gələcəkdə Aİ məkanının “yaşıl enerji” təchizatı üçün yeni layihənin icrasına start verilib. Söhbət Qara dənizin dibi ilə çəkiləcək kabel xəttindən  gedir. Bu marşrutla bərpa olunan mənbələrdən alınan enerji Avropa ölkələrinə ötürüləcək. 

Türkdilli ölkələrin digər tərəfdaşlarla qarşılıqlı fəaliyyətləri sayəsində hazırda mühüm nəqliyyat bağlantısı - Transxəzər marşrutu inkişaf etdirlir. Orta Dəhliz kimi tanınan bu marşrut üzrə Türkdilli ölkələrdə, o cümlədən də Azərbaycanda müasir infrastruktur qurulub. Bu marşrut ölkəmizin ərazisində Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinə optimal şəkildə inteqrasiya edilib. Beləliklə, biz Türk coğrafiyasında həm nəql, həm də nəqliyyat xətlərinin şaxələndirldiyinin şahidi oluruq. Gələcəkdə bu şaxələndirmə zəncirinə Zəngəzur Dəhlizi də əlavə olunacaq. Hazırda Azərbaycan bütün Türk dünyasını birləşdirəcək və beləliklə də, tarixi ədalətsizliyə birdəfəlik son qoyacaq Zəngəzur Dəhlizinin açıması məqsədilə israrlı fəaliyyətlər həyata keçirir. Eyni zamanda, Zəngəzur Dəhlizinin yaradılmasına bütün Türkdilli ölkələr güclü siyasi dəstək verirlər.

Mübariz ABDULLAYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
yeniazerbaycan.com

1Mənbələr