AZ

Bina, yoxsa həyət evi: müsbət və mənfi tərəfləri nədir?

Azərbaycanda əmlak bazarında qiymətlərdə ötən ilə nisbətən fərqlər müşahidə olunur. İstər mənzil, istərsə də fərdi yaşayış evlərinin qiymətində mütəmadi olaraq artımlar baş verir. Alıcılar büdcələrinə uyğun olaraq, mənzil və ya fərdi yaşayış evləri arasında seçim edirlər. Bazarda nağd və ya ipoteka ilə təmirli və ya təmirsiz mənzil, eləcə də eyni şərtlər daxilində həyət evləri mövcuddur. Amma bu gün əmlak bazarında satışa çıxarılan bəzi çıxarışsız həyət evləri ucuz qiymətə təklif olunduğuna görə onlara tələbat çoxdur.

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə İqtisadiyyat.az-a deyib ki, həyət və yaxud da bina evlərinə üstünlük verilməsi həyat şəraitindən asılı olaraq dəyişir.

Onun sözlərinə görə, amma kapital yatırımı və tez satışı baxımından bina evlərindən gəlir götürmə imkanı daha yüksəkdir: “Məsələn, bina evini bir aya satmaq mümkün olduğu halda, həyət evlərinin satışı üç aydan çox vaxt tələb edir. Doğrudur, bu, daha çox qiymətlə, yəni hansının daha sərfəli olması ilə bağlıdır. Elə ola bilər ki, həyət evinin qiyməti binaya nisbətən daha münasib olsun. Amma əsasən, vətəndaşların həyət evlərindən daha çox bina evlərinə üstünlük verdiklərini müşahidə edirik. Bu gün biz nəzər yetirsək, bina evlərinin satışının daha çox olduğunu görə bilərik. Vətəndaşlar daha çox təkrar mənzil bazarına, yəni təmirli yeni tikililərə üstünlük verirlər”.

R.Qasımzadə həmçinin söyləyib ki, bağ evləri isə bir qədər Bakının kənarında daha populyardır: “Məsələn, buraya Pirallahı, Sabunçu, Xəzər rayonları, eləcə də Saray, Novxanı qəsəbələrini qeyd edə bilərik. Amma şəhərin mərkəzi hissələrində isə vətəndaşlar əsasən bina evləri axtarırlar. Müqayisə üçün götürdükdə, bina evlərinə müraciətlərin sayı həyət evlərinə nisbətən daha çoxdur. Bina evlərinin əksəriyyətinin çıxarışlı olmasının insanlarda müəyyən bir arxayınlıq yaradır, yəni sabah hər hansısa bir əmlakı əldə etdikdə onun əldən çıxma riski olmur. Çıxarışlı əmlaklar daha etibarlı olması ilə yanaşı, satışı və gəlirliliyi daha yüksəkdir. Həmçinin vətəndaşların bir çoxu mənzillərə, evlərə sərmayə kimi baxırlar. Bəzən bina evlərinin kirayə imkanları həyət evlərindən daha yüksək olur. Məsələn, 3 otaqlı həyət evi 300 manata kirayə təklif edildiyi halda, 3 otaqlı bina evinin kirayəsi təqribən 500 manatdan başlayır”.

Sadiq Cavadov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
iqtisadiyyat.az

1Mənbələr