AZ

Qadın hüquqşünaslar və vəkillər “Şamaxı”nın yanında - “Komandamıza qrup şəklində azarkeşlik edəcəyik”

1-ci liqada 26-cı tura dünən start verildi.

Bu turda kimin elitaya yüksələcəyi məlum olacaq. Belə ki, 53 xala malik “Qaradağ Lökbatan” 2 xal geri düşən “Şamaxı”nı qəbul edəcək. Ötən mövsüm güclülər dəstəsini tərk edən “Şamaxı”nın bu yolda şansı yetərincə böyükdü. “Şirlər”in “Karvan”ı məğlub etdiyi (3:0) oyundan çəkilən şəkillərə nəzər salarkən bir məqam diqqətimizi çəkdi. “Şamaxı”nın azarkeşləri sırasında qadın hüquqşünaslardan ibarət“Legal Eagles” qrupunun üzvləri də var idi. Həm oyunla bağlı təəssüratını öyrənmək, həm də başqa suallarımıza cavab tapmaq üçün qrupun aparıcı üzvlərindən Mehriban Məmmədova ilə söhbətləşdik. Hüquqşünas xanım bütün maraqlı məqamlardan danışdı.

- Mehriban xanım, necə oldu ki “Legal Eagles” komandası olaraq, "Şamaxı"nı stadionunda dəstəkləmək qərarına gəldiz?
⁃ Biz uzun müddətdi “Şamaxı”nıizləyirik. Həmişə onların uğurlarına sevinmişik. "Legal Eagles" komandasının məşqçisi, eyni zamanda “Şamaxı”nın meneceri Fuad Rzayev bizə mayın 9-da komandanın oyunu olduğunu söyləyəndə stadiona gedib azarkeşlik etmək qərarına gəldik. Canlı şəkildə böyük həvəslə azarkeşlik etdik, ayağımız da düşərli oldu. Sevindirici haldi ki, komanda 3:0 hesabıyla qalib gələrək, sevincimizi daha da artırdı.

- Qadınlardan ibarət azarkeş qrupu stadionlarda nadir hallarda görünür. Başqa oyunlarda da iştirak edirsiz?
⁃ Komandamızın üzvləri ilə müxtəlif futbol oyunlarında iştirak edirik. Çünki futbolu canlı izləmək daha çox zövq verir. Televizorda və ya internetdə baxmaqdan bu daha maraqlıdı. Həmçinin azarkeşlərin komandalara dəstək verməsi onlara qələbəyə daha da ruhlandırır, motivasiya verir. Düz deyirsiz, qadın azarkeşlər stadionlarda az görünür. Ancaq bu tendensiya, demək olar, dəyişməkdədi. Əvvəlki illərə baxanda artıq qadınlar da stadionlarda görünməyə başlayıb.Bu da olduqca yaxşı haldı.

- İrəlidə qadın azarkeş qrupu yaratmaq və ya sayınızı artırmaq kimi planlar var?
- Ola bilər. Qeyd edim ki, biz Azərbaycanda ilk dəfə qadın vəkillərdən və hüquqşünaslardan ibarət "Legal Eagles" komandası kimi 5 aydı fəaliyyət göstərir və müntəzəm, hər həftə məşqlər edirik. Artıq müxtəlif turnirlərə qoşuluruq. Yaxınlarda İspaniyanın Mayorka şəhərində Avropa hüquqşünasları arasında keçirilən turnirdə iştirak etdik. Nümunəvi davranış, dürüst oyun göstərdiyinə və futbol etikası qaydalarına riayət edərək hamıya hörmətlə yanaşdığına görə "Legal Eagles" futbol komandası turnirin “feyr-pley” mükafatını aldı. Demək istədiyimiz odu ki, hazırda biz özümüz də futbolla fəal məşğul olduğumuzdan, qadınlardan ibarət azarkeş qrupunun yaradılmasını düşünməmişdik, ancaq bundan sonra düşünə bilərik.

- “Şamaxı"nınpremyer-liqaya qayıtmaq şansı çoxdu. Belədə səfər oyunlarında komandanı dəstəkləmək istərsizmi?
- “Şamaxı”nın çempion olacağına əminik. Həmişə də yanlarındayıq. Qeyd edək ki, mayın 16-da keçiriləcək “Qaradağ Lökbatan”la qarşılaşmada dakomandamıza qrup şəklində azarkeşlik edəcəyik. Komandanın yenə qalib gələcəyinəvə premyer-liqaya yüksələcəyinə hamılıqla inanırıq.

RÖYANƏ OĞUZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
football-plus.az

1Mənbələr