İtaliyanın “İnter Milan” futbol klubu ilə ABŞ-ın fond idarəçiliyi şirkəti “Pimco” arasındakı kredit müqaviləsi risk altındadır.

İndex.az xəbər verir ki, İtaliya mediasında yayılan məlumata görə, “İnter”in sahibi “Suning Holdings Group” və “Pimco” mayın 20-də vaxtı başa çatacaq təqribən 375 milyon avro (407 milyon dollar) məbləğində kreditin yenidən maliyyələşdirilməsi ilə bağlı razılığa gəlməyiblər.

“Pimco” artıq bir neçə həftədir ki, “Suning” ilə “İnter”in 2021-ci ildə “Oaktree” adlı fonddan aldığı kreditin yenidən maliyyələşdirilməsi ilə bağlı danışıqlar aparır.

Vəziyyət qeyri-müəyyən olsa da, tərəflər arasında razılaşma ehtimalının hələ də olduğu bildirilir.

Məsələ ilə bağlı aidiyyatı şəxslərdən hələlik məlumat verilməyib.