AZ

"Mühacir alveri” edənlərlə bağlı qərar qismən ləğv edildi, işə yenidən baxılacaq

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Nərminə Dadaşova, Akif Əsədov və Əziz Səfərəliyevun barələrindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, aşağı instansiya məhkəməsinin çıxardığı qərar qismən ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.
 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nərminə Dadaşova 8 il 6 ay, Akif Əsədova 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Əziz Səfərəliyevə isə şərti cəza verilib.

 
İttihama görə, Azərbaycan Avropa Hərəkatının və “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət edən şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.
 

Qeyd edilənlərlə bağlı əvvəllər eyni xarakterli əməllərə görə dəfələrlə məhkum olunmuş Ramin Hacılı, eləcə də yuxarıda adları çəkilən digər şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
 

Xatırlatma: Digər şəxslərin cinayət işi ayrıca icraata ayrılıb.
 

Ramin Hacılının işinə ayrı icraatda baxılıb və o, 7 il 7 ay 14 gün müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 16 May 2024, 09:54   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
pravda.az

1Mənbələr