AZ

İğdırdan Naxçıvana “mavi axın”

İğdır–Naxçıvan təbii qaz kəmə­rinin tikintisi ən qısa müddətdə tamamlancaq. Qaz kəməri bu ilin sonu, ya da gələn ilin əvvəlində istifadəyə veriləcək. Bununla da, növbəti qış fəslində təbii qazın İğdır–Naxçıvan boru kəməri vasitəsilə Türkiyə ərazisindən Naxçıvan Muxtar Respublikasına nəqli təmin ediləcək. Bu fikirləri Türkiyənin enerji və təbii sər­vətlər naziri Alparslan Bayraktar səsləndirib. Nazir, həmçinin deyib ki, iki ölkə arasında imzalanan anlaşmaya əsasən, 2030-cu ilə qədər Türkiyə və Avropaya nəql edilən Azərbaycan təbii qazının həcmi artırılacaq.

Xatırladaq ki, “Azərbaycan Respub­likası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində əməkdaşlıq Sazişi” iki gün əvvəl, mayın 14-də imzalanıb. Azərbaycanın iqtisadiy­yat naziri Mikayıl Cabbarov və Türkiyənin energetika və təbii sərvətlər naziri Al­parslan Bayraktar tərəfindən imzalanmış sazişə əsasən, dost və qardaş ölkələr bölgədə enerji təhlükəsizliyinin təmin edilməsi və enerji təchizatı mənbələrinin şaxələndirilməsi üzrə əməkdaşlığı dərin­ləşdirəcəklər. İmzalanma mərasimində sənədin qaz hasil, nəql və istehlak edən ölkələr, onların vətəndaşları və müəs­sisələri üçün qarşılıqlı fayda verəcəyi qeyd olunub. 

Azərbaycan İqtisadiyyat Nazirliyinin məlumatında bildirilir ki, Türkiyədə iki ölkənin nazirləri arasında keçirilən gö­rüşdə Azərbaycan və Türkiyənin iştirakı ilə həyata keçirilən genişmiqyaslı enerji layihələrinin regionun enerji təhlükəsizli­yinin və Avropa ölkələrinə enerji təchizatı mənbələrinin şaxələndirilməsində mü­hüm rol oynadığı, iqtisadi inkişafa töhfə verdiyi diqqətə çatdırılıb.

Görüş zamanı tərəflər, həmçinin səmərəli enerji əməkdaşlığı, birgə real­laşdırılan layihələr və yeni tərəfdaşlıq imkanlarını müzakirə ediblər. Həyata keçiriləcək yeni iş birliyi istiqamətlərinin Azərbaycan və Türkiyənin strateji maraq­larına xidmət edəcəyinə və hər iki ölkəyə qarşılıqlı fayda gətirəcəyinə əminlik ifa­də olunub. Birgə planlar və hədəflərin dostluq və əməkdaşlığa töhfə verəcəyi nəzərə çatdırılıb.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti ara­sında təbii qaz sahəsində əməkdaşlıq Sazişi”nin imzalanması ölkələrimizin iqtisadi gündəliyində yeni bir səhifədir”. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov görüşdən dərhal sonra X platformasın­dakı paylaşımında qeyd edib. “Bölgədə enerji təhlükəsizliyinin təmin edilməsində və enerji təchizatı mənbələrinin şaxələn­dirilməsində birgə addımlarımız qaz ha­sil, nəql və istehlak edən ölkələr, onların vətəndaşları və müəssisələri üçün qarşı­lıqlı faydaları təmin edəcək”,–deyə nazir qeyd edib. 

Türkiyəynin energetika və təbii sər­vətlər naziri Alparslan Bayraktar isə X platformasında yazıb ki, İstanbulda gö­rüşdən sonra dost və qardaş ölkə Azər­baycanla təbii qaz sahəsində yeni əmək­daşlıq müqaviləsi imzaladıq. “Müqavilə çərçivəsində biz Azərbaycan və Türkmə­nistan qazının Azərbaycan və Gürcüstan vasitəsilə Türkiyəyə çatdırmaq barədə razılığa gəldik. Biz həmçinin TANAP və Bakı–Tbilisi–Ərzurum təbii qaz boru kəmərinin imkanlarını artırmaq və Avropa ölkələrinə daha çox qaz çatdırmaq üçün birgə işləmək qərarına gəldik. Görüş mü­nasibətilə ölkələrimiz arasında birbaşa təbii qaz əlaqəsini təmin edəcək İğdır–Naxçıvan təbii qaz boru kəmərini ən qısa zamanda başa çatdırmaq əzmində oldu­ğumuzu da vurğuladıq”, – deyə türkiyəli nazir əlavə edib.

İğdır–Naxçıvan qaz kəməri üzrə An­laşma Memorandumu 2020-ci il dekabrın 15-də Ankarada imzalanıb. Layihə Azər­baycan Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin BOTAŞ şirkəti tərəfindən icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 10 fevral tarixli Sərən­camına əsasən isə İğdır–Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büd­cəsindən vəsait ayrılıb. 

Yeri gəlmişkən, hazırda Naxçıvan Muxtar Respublikasının illik qaz isteh­lakı 260–300 milyon kubmetr ətrafında­dır. Bu isə mövcud tələbatdan bir qədər azdır. Mühüm infrastruktur layihəsi olan İğdır–Naxçıvan qaz kəmərinin fəaliyyətə başlaması ilə muxtar respublikanın “mavi yanacaq”la təchizatında əhəmiyyətli də­yişikliklər baş verəcək. Ekspertlər bil­dirirlər ki, İğdır–Naxçıvan kəməri təkcə Naxçıvanın qaz təchizatını şaxələndir­məyə imkan verməyəcək, həm də onun bir mənbədən asılılığını aradan qaldıra­caq. Eyni zamanda, kəmərin işə düşməsi muxtar respublikanın sosial-iqtisadi inki­şafına təkan verəcək. Təsadüfi deyil ki, layihə ötən il iyunun 5-də qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosi­al-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet istiqamətləri sırasında yer alıb. 

İğdır–Naxçıvan boru kəmərinin təməli isə 2023-cü il sentyabrın 25-də Azərbay­can Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rə­cəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulub. Yeri gəlmişkən, iki ölkənin dövlət başçı­ları həmin gün mətbuata bəyanatlarında yeni infrastrukturun əhəmiyyətini xüsusi olaraq vurğulamışdılar. Azərbaycan Pre­zidenti İğdır–Naxçıvan qaz kəmərinin çəkilişini ölkələrimiz arasında qardaşlıq münasibətlərinin tarixində önəmli hadisə kimi dəyərləndirərək bunun əlaqələrimizə yeni təkan verəcəyini, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcəyini bildirmişdi. Türkiyə Preziden­ti isə bəyanatında İğdır–Naxçıvan qaz kəməri layihəsinin iki ölkə arasında enerji sahəsində ortaqlığı daha da dərinləşdirə­cəyi kimi, Avropanın da enerji təhlükəsiz­liyinə töhfə verəcəyini qeyd etmişdi.

Xatırladaq ki, layihə Azərbaycan Döv­lət Neft Şirkəti (SOCAR) və Türkiyənin BOTAŞ şirkəti tərəfindən həyata keçirilir. Türkiyənin İğdır Vilayətindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu­na qədər olan boru kəmərinin uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azər­baycan hissəsinin uzunluğu 17,5 kilo­metr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Layihə çərçivəsində Dilucu məntəqəsində tikilən qazpaylayıcı stan­siya 20 min kvadratmetr sahəni əhatə edir ki, bu da boru kəməri ilə qaz axını balansını təmin etməyə, “mavi yanacağ”ı Naxçıvana ən təhlükəsiz şəkildə daxil olmağa imkan yaradır. Eyni zamanda, boru kəməri ilə gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötür­mək mümkün olacaq ki, bu da Naxçıva­nın təbii qaza tələbatını tam ödəyəcək. Gələcəkdə isə boru kəmərinin ötürücü­lük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür.

Mirbağır YAQUBZADƏ
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
xalqqazeti.az

1Mənbələr