AZ

Sahibkarlar sahibsiz deyillər

Özəl bölməyə dövlət dəstəyi mexanizmi yeniləşdirilir 

Son illərdə həyata keçirilən məqsədyönlü və uğurlu islahatlar nəticəsində ölkəmizdə özəl sektor iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib. Sahibkarlığa dövlət dəstəyinin daim diqqətdə saxlanılması qeyri-neft sektorunda müasir texnologiyalara əsaslanan yeni istehsal və emal müəssisələrinin, infrastruktur sahələrin yaradılmasını, real sektora investisiya qoyuluşunun sürətlənməsini şərtləndirib. Özəl sektora dövlət maliyyə yardımı mexanizminin formalaşdırılması kiçik və orta sahibkarların maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsini gerçəkləşdirib. Bu, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli maliyyələşmə mexanizmlərinin tətbiqi ilə reallaşıb. Adıçəkilən fondun vəsaiti qeyri-neft sektorunun inkişafı, innovativ texnologiyaların tətbiqi və ixrac əməliyyatları üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilib.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, ölkə üzrə sahibkarlıq subyektlərinin 99,6 fa­izi kiçik və orta sahibkarlıq subyektləridir və onların əlavə dəyərin yaradılmasında, ixrac, məşğulluq və investisyalarda payı getdikcə artır. Kiçik və orta sahibkarlığın ölkə iqtisadiy­yatında rolunun və rəqabət qabiliyyətinin yük­səldilməsi, bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması, həmçinin institusional dəstək mexanizmlərinin forma­laşdırılması məqsədilə nazirliyin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KO­BİA) yaradılıb. 

Bu gün ölkədə kiçik və orta biznesin (KOB) – sahibkarlığın tərəqqisi sosial-iqtisadi inkişaf strategiyasının ən prioritet istiqamət­lərdən biri kimi diqqətdə saxlanılır, özəl böl­mənin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilir. KOBİA tərəfindən kiçik və orta sahibkarlıq subyektlərinin iqtisadiyyatda rolunun və rəqabət qabiliyyətinin, maliyyə re­surslarına və satış bazarlarına çıxışının ge­nişləndirilməsi istiqamətində müxtəlif təşviq və dəstək mexanizmləri həyata keçirilir. KOB dostu ofisləri, KOB İnkişaf Mərkəzləri, KOB-lar üçün təhsil, elm, tədqiqat layihələrinin ma­liyyələşdirilməsi, Startap şəhadətnaməsinin verilməsi buna misal ola bilər.

KOB evləri sahibkarlara dövlət və biznes xidmətlərinin mərkəzləşdirilmiş qaydada təq­dim edildiyi vahid məkandır. Burada xidmətlər operativlik, şəffaflıq, nəzakətlilik və rahatlıq prinsipləri əsasında həyata keçirilir. Biznes xidmətlərinin bir məkanda toplanması, vaxta və xərclərə qənaət, operativlik KOB evlərinin əsas üstünlükləridir.

Bu ilin birinci rübündə KOB evlərində sa­hibkarlara 99 mindən çox xidmət göstərilib. KOBİA-dan verilən məlumata görə, xidmət­lərin 80 mindən çoxu “Bakı KOB evi”nin, 15 minə yaxını “Yevlax KOB evi”nin, 4 mindən çoxu isə “Xaçmaz KOB evi”nin payına düşüb. Xidmətlərin 91 minə yaxınını dövlət qurumları (“G2B”), 9 minə yaxınını isə biznes qurumları (“B2B”) təqdim edib. 

Sahibkarlar KOB evlərinə daha çox biz­nes fəaliyyəti üçün zəruri olan lisenziya və icazələr, mənşə sertifikatı, yükdaşımaları hə­yata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, taxoqraf kartları və digər sənədlərin alınması, vergi və gömrük məsələləri, kom­munal və digər ödənişlər, biznes krediti üçün müraciət ediblər.

KOB evlərində, ümumilikdə, 52 dövlət və özəl qurum sahibkarlıq fəaliyyəti üçün zəruri olan 300-dən çox “G2B” və “B2B” xidmətləri göstərir. Ölkənin digər iri şəhər və rayonların­da da KOB evlərinin yaradılması istiqamətin­də işlər davam etdirilir.

Yeri gəlmişkən, hazırda kiçik və orta biz­nesin inkişafını sürətləndirmək məqsədilə sözügedən sahədə fəaliyyət göstərən sub­yektlərin vahid məlumat reyestrinin yaradıl­ması ilə bağlı layihənin icrasına başlanılıb. KOBİA-dan verilən məlumata görə, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqın­da” Qanunda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin yaradılması nəzərdə tutulub. Bununla bağlı Azərbaycan Prezidentinin 13 may 2024-cü il tarixli Fərma­nı ilə “Mikro, kiçik və orta sahibkarlıq subyekt­lərinin vahid reyestri haqqında əsasnamə” təsdiqlənib. Sözügedən əsasnamədə reyest­rin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsasları, o cümlədən reyestrin aparılması qaydası və bura daxil edilməli olan məlumat­ların siyahısı müəyyənləşdirilib. 

Müvafiq əsasnaməyə uyğun olaraq yara­dılacaq reyestr KOB-lar, onlara dövlət qurum­larının göstərdiyi xidmətlər və dəstək tədbirlə­ri, fəaliyyətlərinin qiymətləndirilməsi nəticələri barədə məlumatların vahid elektron mənbə­dən əldə edilməsinə imkan verəcək. Reyestr ilə digər dövlət informasiya sistemləri və eh­tiyatları arasında informasiya mübadiləsinin aparılması Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçiriləcək. Reyestr KOB subyektləri barədə zəruri məlumatların operativ əldə olunmasına şərait yaradacaq, həyata keçirilən prosedurlar və onların nəti­cələrinin izlənilməsi mümkünlüyü ilə şəffaflığı təmin edəcək.

KOB subyektləri haqqında müxtəlif mə­lumatlar, o cümlədən subyektin adı, ünva­nı, VÖEN-i, dövlət qeydiyyatına dair dövlət reyestrindəki məlumatlar, əlaqə vasitələri, meyarlara görə bölgü, verilmiş lisenziya və icazələr, fəaliyyət sahəsi, keçirilmiş yoxla­malar (monitorinqlər), dövlət qurumları tərə­findən reallaşdırılan qiymətləndirmənin nəti­cələri və s. reyestrdə öz əksini tapacaq.

KOB subyektləri, reyestrin informasiya proseslərində iştirak edən dövlət qurumları, KOB-lara dəstək infrastrukturunu təşkil edən qurumlar sözügedən reyestrdən istifadə edə biləcəklər.

Xatırladaq ki, reyestrin sahibi və operato­ru KOBİA-dır. Reyestrdəki məlumatların əldə edilməsinə görə ödəniş tələb olunmur.

Kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən KOBİA isə bir müddət bundan əvvəl BMT-nin Qlobal Sazişinə qoşulub. Bununla da adıçəkilən agentlik BMT-nin Qlobal Sazişinin iştirakçısı olaraq strategiya və fəaliyyətini Dayanıqlı İnkişaf Məqsədləri­nin müvafiq prinsiplərinə uyğunlaşdırmaq, KOB-ların inkişafına və yeni sahibkarlıq su­byektlərinin yaradılmasına dəstək göstər­məklə qlobal davamlı inkişaf strategiyasına öz töhfəsini vermək imkanı əldə edib. 

Qeyd edək ki, BMT-nin Qlobal Sazişi 160-dan çox ölkədə 20 mindən artıq biznes və qeyri-biznes tərəfdaşlarını bir araya gə­tirir. Təşkilatın üzvlərinin əsas məqsədi öz strategiya və fəaliyyətlərini insan haqları, işçi hüquqları, ətraf mühitin qorunması ilə bağlı beynəlxalq səviyyədə qəbul edilmiş prinsip­lərə, eləcə də “Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi”nə uyğunlaşdırmaqdır.

Kiçik və orta biznes ölkə iqtisadiyyatında çevikliyi və dayanıqlılığı, məşğulluğu gerçək­ləşdirmək, iqtisadi şaxələndirməyə əhəmiy­yətli töhfə vermək baxımından mühüm önəm daşıyır. Sahibkarların iqtisadi inkişafda, xüsu­silə işğaldan azad edilmiş ərazilərimizin rein­teqrasiyasında fəal iştirakı isə bu gün xüsusi diqqət çəkir. Bu, düşməndən təmizlənən Qa­rabağ və Şərqi Zəngəzur iqtisadi rayonların­da daha aydın nəzərə çarpır. 

Hazırda Ağdam və Cəbrayılda yaradı­lan sənaye parkları və digər müəssisələrin səmərəli fəaliyyəti bunun bariz ifadəsidir. İş adamları üçün əlverişli investisiya im­kanlarına malik bu sənaye zonaları iqtisadi potensialın reallaşdırılması üçün mühüm mexanizmdir. Başqa sözlə, bu əbədi-əzəli yurd yerlərimizin bəpasında sənayeləşmə siyasətinin uğurla yerinə yetirilməsi bölgənin resurslarından, iqtisadi imkanlarından yarar­lanmaqla Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına səmərəli reinteqrasiyasına əlavə stimul yaradır.

Yeri gəlmişkən, işğaldan azad olunan ərazilərdə sənayeləşmə prosesinin mərhələ­li şəkildə reallaşdırılması nəzərdə tutulur. Abadlıq və quruculuq işlərinin həyata keçiril­məsi üçün tikinti şirkətləri prosesə ilkin mər­hələdə qoşulur. Çünki məskunlaşdırma üçün bu, ən önəmli məsələlərdən biridir. Ağdam və Cəbrayılda yaradılan sənaye parkları və digər müəssisələrin səmərəli fəaliyyəti, kənd təsərrüfatı məhsullarının emalı istiqamətin­də reallaşdırılan layihələr isə bu torpaqlada yaşayacaq sakinlərin ərzağa olan tələbatının ödənilməsi cəhətdən böyük əhəmiyyətə ma­likdir.

Vaqif BAYRAMOV
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
xalqqazeti.az

1Mənbələr