AZ

“Zəngəzur dəhlizi” Naxçıvana yol deməkdir

Rusiyanın ikinci böyük diplomatınınErmənistana üstüörtülü ittihamları

Rusiya Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında mayın 10-da və 11-də Qazaxıstanın Almatı şəhərində keçirilmiş sülh müqaviləsi üzrə danışıqları alqışlayır. Bunu “News.ru”ya müsahibəsində Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Qaluzin deyib ki, Qazaxıs­tandakı görüşlə Cənubi Qafqazda etibarlı və uzunmüddətli sülh və sabitliyin əldə edilməsi istiqamətin­də daha bir addım atıldı. “Biz Asta­nanın bu istiqamətdə səylərini tam dəstəkləyirik. Tarixə nəzər salsaq, Qazaxıstan 1991-ci ilin sentyab­rında Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi qarşıdurmaya son qoymaq üçün ilk cidd-cəhdlərdən biri olan Jeleznovodsk bəyannamə­sinin hazırlanmasına və qəbuluna mühüm töhfə verib”.

Qaluzin, eyni zamanda, Al­matıdakı təmasların 2020–2022-ci illərdə Azərbaycan, Rusiya və Er­mənistan liderlərinin qəbul etdikləri üçtərəfli sazişlər toplusuna uyğun olmasının vacibliyini önə çəkib. Onun sözlərinə görə, sözügedən sazişlər Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılması üçün “yol xəritəsi”ni müəyyən edir. Lakin məlumdur ki, Ermənistan Qaluzinin nəzərdə tutduğu üçtərəf­li sazişləri heçə saymaq yolu tutur. Xüsusən də 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlə­rini yerinə yetirmir. Azərbaycanın tələblərindən biri budur ki, rəsmi İrəvan sözügedən sənədə, baş nazir Nikol Paşinyan isə sənəddəki imza­sına hörmətlə yanaşsın.

Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasın­dan danışan Qaluzin Rusiyanın Azərbaycanın siyasi leksikona gə­tirdiyi “Zəngəzur dəhlizi” ifadə­sindən istifadə etməməsinə diqqət çəkib. Yeri gəlmişkən, “Zəngəzur dəhlizi” məntiqində söhbət Naxçı­vana yoldan gedir ki, həmin yolda təhlükəsizlik təminatı Rusiyaya məxsusdur. Hər halda, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat­da belə yazılıb. 

Ermənistan Naxçıvana yolun “Azərbaycandan Azərbaycana yol” məntiqini, yəni orada sərhəd və gömrük nəzarətinin olmamasını qə­bul etmir və bildirir ki, bu, ölkənin ərazi bütövlüyünün və suverenliyi­nin pozulmasıdır. Maraqlıdır ki, Qa­luzin isə rəsmi Moskvanın hansısa konkret marşrutun yaradılmasının tərəfdarı kimi çıxış etmədiyini bil­dirir. O zaman sual yaranır: Rusiya XİN rəhbərinin müavini bilmirmi ki, “Zəngəzur dəhlizi” elə Naxçıva­na yoldur? Axı ola bilməz ki, cənab Qaluzin həmin yolda Rusiya sər­hədçilərinin dayanmasının başlıca prinsip olduğunu yaddan çıxarsın. Yəni, Kremlin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan gö­türülmüş prinsipi kənara qoyması mümkünsüzdür. Görünür, Rusiya XİN rəhbərinin müavini məsələyə diplomatik yanaşmaq fikrindədir...

Bəli, Qaluzin vurğulayır ki, ölkəsi Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının tamamilə açılmasının tərəfdarıdır: “2021-ci ildə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin qərarı ilə üç ölkənin baş nazir müavinlərinin birgə sədrliyi ilə yaradılan Üçtərəfli İşçi Qrupu məhz bunu edir”. Onun sözlərinə görə, haqqında söz açdığı qrup ritmik iş aparıb və mühüm nə­ticələr əldə edə bilib. 

Rusiya Xarici işlər nazirinin müavini onu da bildirib ki, 2023-cü ilin iyununda Ermənistanla Azər­baycan arasında dəmir yolu əlaqə­sinin bərpası məsələsində ümumi anlaşma əldə olunub, tərəflər prak­tiki olaraq sistemli və balanslı razı­lığa gəliblər. Ancaq Qaluzin hazırda prosesin dayandığını vurğulayıb və bunun Rusiyanın günahı üzündən baş vermədiyini dilə gətirib. Nazir müavini rəsmi İrəvanın Üçtərəfli İşçi Qrupu səviyyəsində qarşılıqlı fəaliyyəti dondurmaq qərarına gəl­diyini də açıqlayıb.

Qeyd edək ki, mayın 10-da və 11-də Qazaxıstanın Almatı şəhərin­də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar olub. Nazirlər sərhədlərin delimitasiyası məsələ­sində irəliləyişi və bu istiqamətdə əldə olunan razılaşmaları alqışla­yıblar. Onlar və nümayəndə heyət­ləri “Ermənistan və Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqın­da” ikitərəfli saziş layihəsinin mü­zakirəsini davam etdirmək barədə razılığa gəliblər. 

R.ƏVƏZ
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
xalqqazeti.az

1Mənbələr