AZ

Qəssabın 17 minlik ətini alaraq restorana satdı, pulunu vermədi - MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Fuad Cəlilzadənin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilib.
 

İttihama görə, hadisə 2021-ci ilin sentyabr ayından 2021-ci ilin noyabr ayınadək olan müddətdə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində qeydə alınıb.

 

Belə ki, Fuad Cəlilzadə zərərçəkmiş Əfqan Qasımovun (soyadı şərti) ət kəsimi sexində ondan ümumilikdə 16 800 manatlıq xırda buynuzlu heyvan əti alıb, pulunu verəcəyinə söz versə də, buna əməl etməyib.

 

Daha sonra Fuad Cəlilzadə cinayət məsuliyyətinə cəlb edilib, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. İstintaq dövründə zərərçəkmişə dəymiş ziyan ödənilib, Əfqan Qasımov təqsirləndirilən şəxslə barışıb, ona qarşı heç bir şikayəti və tələbi yoxdur.

 

Qeyd: Fuad Cəlilzadə ət dükanlarından topdan satış olaraq ucuz qiymətə ət alıb üstünə pul qoyub restoranlara satmaqla məşğul olur.

 

Kamal Məmmədov

Tarix: 16 May 2024, 09:33   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
pravda.az

1Mənbələr