AZ

Bakıda kirayə mənzillərin qiymətləri dodaq uçuqladır - Səbəbi...

Daşınmaz əmlak bazarında mənzillərin qiymətində artım müşahidə olunur. Qiymət artımı bu ilin əvvəlindən 8-10 faiz artıb. Əsas artım da ipotekaya yararlı, çıxarışı olan mənzillərin payına düşür.

Bu sözləri Teleqraf.com-a açıqlamasında daşınmaz əmlak məsələləri üzrə ekspert Anar Nəsirov deyib.

O hesab edir ki, qiymət artımının əsas səbəblərindən biri ötən il fərdi yaşayış evləri ilə bağlı qəbul edilən qərardır.

Qərara görə, paytaxtda tikilən sənədsiz fərdi və qeyri-yaşayış evləri elektrik, istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacaq. Bir sözlə, sənədsiz evlərə kommunal xidmətlər göstərilməyəcək.

“Həmin qərardan sonra xüsusən yeni tikililərdə, köhnə doqquz mərtəbəli binalarda qiymət artımını görmək mümkündür. Dörd və beş mərtəbəli binalar ipotekaya yararsız olduğuna görə onlara tələbat azdır. Bahalaşmanın digər səbəblərindən biri də yeni binaların tikintisində yaranan fasilədir. Bu fasilə mənzil çatışmazlığına gətirib çıxarır ki, belə olan halda avtomatik qiymətə təsir edir", - bildirib.

Bazara can verən ipotekadır

Onun sözlərinə görə, ötən il kvadratı 2000-2100 manata təklif olunan təmirsiz binalarda bu il qiymət 2500-2600 manat təşkil edir: "Alıcıların da 65 faizi ipoteka ilə ev almağa üstünlük verir. 35 faiz alıcı isə yerli ipoteka ilə satıb mənzil almaq istəyən alıcılardır. Demək olar ki, bazara can verən ipotekadır. Fikrimcə, artım ilin sonuna kimi davam edəcək”.

Kirayə mənzil bazarında son durum

Ekspert hesab edir ki, kirayə bazarında vəziyyət daha acınacaqlıdır. Kirayəyə tələbat daha çoxdur: "Pilot layihələr çərçivəsində sakinləri kirayə mənzillərə köçürürlər. Təsəvvür edin, 150-170 ailə üçün bir o qədər də kirayə ev tələb olunur. Həmin ailələr kirayələrdə uzun müddət yaşayırlar, ən azı 3 il. Bu da kirayə bazarında durğunluğa gətirib çıxarır. Əvvəl kirayə mənzil bazarında gündə 35 mənzil tapmaq mümkün olurdusa, indi bu rəqəm 15-ə enib. Bu da kirayəyə tələbatı artırır”.

Anar Nəsirovun sözlərinə görə, ölkədə 300-700 manat arası mənzillərin həm qıtlığı yaşanır, həm də bu sferada qiymət artımı daha çox müşahidə olunur.

“Belə mənzillər ümumi bazarının 60 faizini əhatə edir. 700-1000 manat arası kirayə mənzillər isə bazarın 20-25 faizini təşkil edir və onlara tələbat çox olmadığına görə qiymət artımı da müşahidə olunmur”.

"Baha mənzilləri almaq istəmirlər"

Əmlak eksperti Ramil Qasımzadə isə hesab edir ki, hazırda əmlak bazarında alıcı qıtlığı hökm sürür.

“Ötən il daşınmaz əmlak bazarında qiymətlərdə 30 faiz artım olmuşdu. İlin əvvəlindən isə əmlak bazarında alıcı göstəricilərində durğunluq müşahidə olunur. Hazırda bahalı əmlaklara alıcılar pul verməyə tələsmir. 30 kvadratmetrlik mənzilə heç kəs 120-130 min pul vermək istəmir. Artıq bu o vəziyyətə gəlib ki, ötən illərdə 80-90 min manata olan bir otaqlı mənzil indiki halda 110, 120 minə təklif olunur.

Tələbat yüksəkdir, amma buna baxmayaraq vətəndaşlar çox bahalaşan mənzilləri baha qiymətə almaqdan çəkinirlər və hesab edirlər ki, qiymətlərdə eniş olacaq. Satıcılar da hələlik qiyməti aşağı salmırlar. Bu da təbii olaraq əmlak bazarında alıcı qıtlığına səbəb olur".

Hansı ərazilərdə qiymətlər bahadır?

Ramil Qasımzadə bildirib ki, şəhərin Nərimanov, Nəsimi rayonunda mənzillərin qiymətləri yüksəkdir:

“Siyahıda növbəti yerləri Xətai, Nizami rayonları tutur. Ən aşağı mənzil qiymətləri isə Qaradağ, Sabunçu, Suraxanı, Pirallahı rayonlarında müşahidə edilir”.


Müəllif: Nərmin Muradova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
teleqraf.com

1Mənbələr