AZ

Prokuror insan alverçisi olan qadının işi ilə bağlı vəsatət verdi

Gəncə Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən N.K.-nın (şərti)  cinayət işi üzrə məhkəmə iclası keçirilib.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı vəsatət verib.

 

O, təqsirləndirilən şəxsin barəsində olan cinayət işinin məhkəmə aidiyyətinin Gəncə Ağır Cinayətlər Məhkəməsinə aid olmadığını, cinayət işinin aidiyyəti üzrə cinayətin törədildiyi yer üzrə birinci instansiya məhkəməsinə göndərilməsini, N.K.-nin barəsində seçilmiş həbs qətimkan tədbirinin aidiyyəti üzrə ağır cinayətlər məhkəməsində məhkəmə hazırlıq iclası keçirilib qərar qəbul edilənədək dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edib.

 

Vəsatət onunla əsalandırılıb ki, iş materiallarında olan sənədlərə əsasən təqsirləndirilən şəxs Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda qeydiyyatda olmaqla yaşayıb. Bundan başqa, N.K.-ya verilmiş sonuncu epizod üzrə ittihama görə o, insan alveri qurbanını Azərbaycan dövlət sərhədindən keçirməklə törədib. Belə olan halda məhkəmə aidiyyəti ilə bağlı məsələ, yəni cinayət işinə hansı birinci instansiya məhkəməsində baxılması cinayət-prosessual qanunvericiliyin tələbinə əsasən həll edilməlidir.

 

Məhkəmə tərkibi cinayət işinin materiallarını öyrənərək və cinayət prosesi tərəflərinin fikirlərini dinləyərək hesab edir ki, hazırki cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olmadığı üçün dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət əsaslı olduğundan təmin edilməli və bu cinayət işinə cinayətin törədildiyi yerin ərazi yurisdiksiyası üzrə aid olduğu Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalıdır. 

 

Belə ki, ibtidai araşdırma orqanı tərəfindən birinci epizod üzrə təqsirləndirilən şəxsə verilmiş ittihama görə o, 2018-ci ilin dekabr ortalarında Türkiyənin İstanbul şəhərində olan zərərçəkmiş şəxs F.F. (şərti) ilə həmin ölkənin Tokat vilayətindən mobil telefon vasitəsilə əlaqə saxlayıb. O, həmin qadının zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə cəlb edib, zərərçəkmiş şəxsə razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 2018-ci ilin dekabr ayının ortalarında Tokat vilayətinə aparıb. Təqsirləndirilən şəxs F.F.-ni orada kirayə götürdüyü mənzildə yerləşdirərək 2018-ci ilin dekabr ayının ortalarından 2019-cu il yanvar ayının sonlarınadək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib, cinsi istismar etməklə tamah niyyəti ilə insan alveri cinayətini törədib. 

 

Qərara əsasən, təqsirləndirilən şəxs barəsində olan cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi ilə bağlı dövlət ittihamçısının vəsatəti əsaslı olduğundan təmin edilib. N.K.-nin cinayət işi cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Kamal Məmmədov

Tarix: 16 May 2024, 09:30   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
50
pravda.az

10Mənbələr