AZ

Sinqapur Azərbaycanın COP29 liderliyini dəstəkləyir

Milli Məclisin Sədri Sahibə Qafarova Sinqapur Respublikasına rəsmi səfəri çər­çivəsində bu ölkənin Prezidenti Tarman Şanmuqaratnam ilə görüşüb. S.Qafaro­va Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Sinqapurun dövlət başçısı­na çatdırıb. Prezident Tarman Şanmuqaratnam minnətdarlığını bildirərək, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

Sinqapur Prezidenti bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulma­sının 30-cu ildönümünün tamam olduğunu xatırladaraq, Azərbaycanla Sinqapur ara­sında isti münasibətlərin mövcud olduğunu söyləyib. O, bir sıra sahələrdə uğurlu əmək­daşlıq təcrübəsinin olduğunu qeyd edib. Əldə olunan müsbət nəticələrin əlaqələri daha da inkişaf etdirmək üçün səyləri birləşdirməyə stimul verdiyini vurğulayıb. 

Görüşdə siyasi təmasların, qarşılıqlı səfərlərin və görüşlərin ikitərəfli münasibət­lərin inkişafında müstəsna rolu qeyd edilib. Həmçinin iqtisadi əlaqələrin ölkələr arasında ikitərəfli münasibətlərin əsas komponentlə­rindən biri olduğu vurğulanıb, ticari-iqtisadi əlaqələrin hazırki səviyyəsinin daha geniş əməkdaşlıq üçün yaxşı əsas yaratdığı bildi­rilib. S.Qafarova keçirdiyi görüşlər haqqında məlumat verib və aparılan müzakirələrin mü­nasibətlərimizin inkişafına müsbət töhfələr verəcəyinə əminliyini ifadə edib.

Görüşdə parlamentlərarası əlaqələr çərçi­vəsində beynəlxalq parlament təşkilatlarında da əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Həm Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəka­tının Parlament Şəbəkəsinin, həm də ASEAN Parlamentlərarası Assambleyasının əmək­daşlıq baxımından yaxşı platformalar olduğu vurğulanıb. Bununla yanaşı, hazırda region­da mövcud olan vəziyyət, Azərbaycanla Er­mənistan arasında sülh danışıqları barədə də məlumat verilib.

Bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konvensiyası­nın Tərəflər Konfransının 29-cu sessiyası – COP29 haqqında da söhbət açılıb. Sinqapur Prezidenti ölkəsinin bu tədbirdə yüksək sə­viyyədə təmsil olunacağını bildirib. 

***

Həmin gün Milli Məclisin Sədri Sahi­bə Qafarova Sinqapur Respublikasının Da­vamlılıq və ətraf mühit naziri Qreys Fu ilə görüşüb. Söhbət zamanı ölkələrimiz arasın­da müxtəlif sahələri əhatə edən əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq bildi­rilərək, iki ölkə arasında mövcud imkanların münasibətlərimizin daha da dərinləşməsinə şərait yaratdığı diqqətə çatdırılıb. 

Bu ilin noyabrında Azərbaycanda ke­çiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfran­sının 29-cu sessiyası – COP29 haqqında da geniş fikir mübadiləsi aparılıb. Spiker Bakı­nın evsahibliyi ilə təşkil olunacaq bu mühüm beynəlxalq tədbirə hazırlıqla bağlı görülən işlər barəsində məlumat verib. COP29-un ölkəmizdə keçirilməsi Azərbaycana göstə­rilən böyük etimad və hörmət əlaməti oldu­ğu diqqətə çatdırılıb. Ölkəmiz bu mühüm tədbirə evsahibliyi etməklə bağlı böyük məsuliyyəti dərk edir və tədbirin ən yüksək səviyyədə təşkil olunması üçün bütün lazımi addımlar atılır. 

Spiker, həmçinin Azərbaycanın yaşıl enerji istiqamətində gördüyü işlər, həyata keçirdiyi layihələr, Qarabağ və Şərqi Zən­gəzurda gedən yenidənqurma və bərpa işlə­ri, “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin icrası, ölkəmizdə alternativ enerji mənbələ­rindən səmərəli və məqsədyönlü istifadə is­tiqamətində atılan addımlar barədə də məlu­mat verib.

Qreys Fu Azərbaycanın COP29 ilə bağ­lı çox yaxşı fəaliyyət göstərməsini yüksək qiymətləndirib. Nazir kiçik ada dövlətləri­nin iqlim dəyişiklərinə qarşı mübarizəsi, bu istiqamətdə görülə biləcək tədbirlər barədə fikirlərini bildirib. O qeyd edib ki, iqlim dəyi­şikliklərindən ən çox əziyyət çəkə biləcək re­gionlardan biri Cənubi-Şərqi Asiya regionu­dur. Ona görə də iqlim dəyişiklikləri ilə bağlı problemlər Sinqapur hökumətinin diqqət mərkəzindədir. Nazir ölkəsinin dekarboniza­siya sahəsində ciddi iş apardığını bildirib. 

Əliqismət BƏDƏLOV
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
xalqqazeti.az

1Mənbələr