AZ

Santos “Qəbələ”nin uğursuzluğunun səbəbini bilir: “Mövsümün əvvəlindəki dəyişikliklər…”

“Qəbələ”nin sabiq futbolçusu Felipe Santos İsrail klubu “Hapoel”dəki (Hayfa) çıxışından məmnundur.

Braziliyalı yarımmüdafiəçi futbolinfo.az saytına açıqlamasında ötən ilin yayında keçdiyi kollektivlə yaxşı mövsüm keçirdiklərini bildirib.

“Bu mövsüm avrokuboklara vəsiqə uğrunda sona qədər gərgin mübarizə apardıq. Düzdür, ötən il baş verən terror aktı bizi çox narahat etmişdi. Lakin həyat yenidən əvvəlki vəziyyətinə döndü. İndi isə hər şey yaxşı gedir. Komandamız da uzun illərdən sonra pley-offda iştirak etdi”, – deyə Santos söyləyib.

27 yaşlı pleymeyker keçmiş komandası “Qəbələ”nin Premyer Liqada sonuncu yeri tutmasına üzüldüyünü etiraf edib. O, bunun səbəbini də deyib: “Qəbələ”nin Premyer Liqanı tərk etməsi məni çox məyus edir. Azarkeşlər bu komandanın yüksək yerlər uğrunda mübarizə aparmasına öyrəşmişdilər. Fikrimcə, mövsümün əvvəlindəki dəyişikliklər vəziyyəti bu həddə çatdırdı. Halbuki ötənilki heyəti qorusaydılar, komanda indi çempionluğa iddia edərdi. Düşünürəm ki, həmin kollektiv avrokuboklarda da çox irəliləyərdi”.

“Hapoel”lə müqavilə müddəti mövsümün sonuna qədər olan Santos karyerasını Azərbaycanda davam etdirmək ehtimalını da dəyərləndirib: “Yenidən Azərbaycanda oynamaq variantına müsbət yanaşıram. Gələcək karyeram baxımından uğurlu hesab edəcəyim təklif alsam, dəyərləndirməyə hazıram. Ancaq oradan ayrıldıqdan bəri heç kimdən təklif gəlməyib”.

Qeyd edək ki, Felipe Santos 2021-22 mövsümündə “Şamaxı”nın, 2022-23 mövsümündə isə “Qəbələ”nin formasını geyinib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
50
futbolinfo.az

10Mənbələr