AZ

Azərbaycandan daha bir diplomatik uğur - TƏHLİL

Xəbər verdiyimiz kimi dünən  Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşü keçirilib.

Görüşün gedişində komissiyalar onlar tərəfindən qəbul edilmiş 2024-cü il 19 aprel tarixli 8-ci görüşün Protokoluna uyğun olaraq görülmüş işləri müzakirə edib və Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olmuş hüquqi cəhətdən əsaslandırılan respublikalararası sərhədə uyğunlaşdırılması məqsədilə bilavasitə Bağanıs Ayrım (AR) - Bağanis (ER), Aşağı Əskipara (AR) - Voskepar (ER), Xeyrımlı (AR) – Kirants (ER) və Qızılhacılı (AR) - Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ SQ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş Protokol-təsvirini razılaşdırıblar.

Qərara alınıb ki, qarşıdakı 8-9 gün ərzində hər iki tərəfin sərhədçiləri razılaşdırılmış Ermənistan-Azərbaycan sərhədində yerləşdirilsin.

Danışıqlar zamanı Azərbaycana qaytarılan kəndlərin ərazisindən keçən magistral avtomobil yolunun taleyinə də aydınlıq gətirilib. Beləki, məsələ 2-3 aya həll oluna bilər.

Ermənistan mətbuatı yazır ki, H-26 avtomobil yolundan Açarkut və daha sonra Kirants üçün alternativ olan Kirantsa gedən yol da təmir olunacaq. Mülkiyyət məsələlərinə gəlincə, onların həcmi böyük olmayacaq və dövlət bütün bu hallarda vətəndaşların dəymiş ziyanını onların tələbi ilə əmlak və ya maliyyə vasitəsilə ödəyəcək.  Bu gün Ermənistan hökumət nümayəndələri səhər saatlarında mümkün problemlərin inventarına başlayacaq və Kirantsa sakinləri ilə müzakirələrə başlayacaqlar.

Ermənistanın baş nazirinin kabinetində delimitasiya komissiyalarının nə üçün SSRİ Silahlı Qüvvələri Baş Qərargahının 1976-cı il xəritələrini seçdikləri ilə bağlı suala cavab olaraq bildirilib ki, bu, əslində, de-yure hüquqi əsası olan xəritədir. Qeyd olunur ki, bunlar SSRİ-nin səlahiyyətli dövlət orqanları tərəfindən yoxlanılan son xəritələrdir.

Təbii ki, bu hadisə Azərbaycanın növbəti diplpmatik uğurudur. Bir güllə atılmadan belə işğal altında olan 4 kəndimiz geri qaytarıldı. Məlumdur ki, sərhədlərin delimitasiya və demarkasiya məsələsi 4 ilə yaxın idi ki, süni şəkildə uzadılırdı. Bəzi xarici qüvvələrin təzyiqi ilə Ermənistan müxtəlif bəhanələrlə bu məsələdən yayınırdı. Lakin Azərbaycanın qətiyyəti sayəsində Ermənistan reallıqla barışdı və işğal altında olan 4 kəndi geri qaytardı. Növbədə isə digər 4 anklavdır. Əminliklə deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti və siyasi uzaqgörənliyi sayəsində yaxın zamanlarda bu problem də öz həllini tapacaq.

İlhamə Qiyas, News365.az  


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
news365.az

1Mənbələr