AZ

Savaşın ən kritik dövrü başladı: Rus ordusu oranı 1 aya tutmasa…

Rusiya qüvvələrinin bir neçə istiqamətdə eyni vaxtda uğurlu irəliləyişi fonunda Ukraynanın vəziyyəti günü-gündən pisləşməkdə davam edir.
 
Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, əslində, Rusiya lazımi sürətlə irəliləyə bilmir:
 
“Rusiyanın planı Qərbin başı daxili məsələlərə qarışdığı və Ukraynaya yardım paketi ayrılmadığı müddətdə maksimum şəkildə tez hərəkət edib daha çox ərazi ələ keçirmək idi. Rəsmi Kiyevi sülhə, atəşkəsə məcbur etmək istəyirdi. Lakin Rusiya müəyyən səviyyədə irəliləsə də, sözügedən planını icra edə bilmədi. Kreml 9 May Qələbə günü münasibətilə Xarkov şəhərinə daxil olmaq niyyətində idi. Bu həm Ukraynanın ən böyük şəhərini nəzarətə götürmək, həm də ordusunun ruhdan düşməsi deməkdir. Qərbə də çox ciddi mesaj olardı. Ukrayna hökuməti bundan sonra müəyyən güzəştlər etməyə məcbur qalar, Zelenski də hakimiyyətini saxlaya bilməzdi”.
 
Politoloqun sözlərinə görə, son iki ay ərzində Rusiya bütün hücumlarına baxmayaraq, real nəticə əldə etməyib:
 
“Böyük bir qəsəbəni ələ keçirib, 9 May üçün hədiyyə edə bilmədilər. Yaxın 1 ay ərzində Rusiya Xarkovu işğal edə bilməsə, real uğur əldə etmək şansı sıfıra yaxınlaşacaq”.
 
Politoloq Məhəmməd Əsədullazadə isə deyib ki, Rusiya-Ukrayna müharibəsi həlledici mərhələyə daxil olub:
 
“ABŞ-ın Ukraynaya hərbi yardım ayırması Böyük Britaniyanın Rusiyada öz hücumlarını genişləndirməsinə gətirib çıxarır. Rusiya Xarkov istiqamətində hücumlarını intensivləşdirir. Şəhərin yaxşı müdafiə edilməsi işğalı çətinləşdirir. Düşünürəm ki, Ukrayna və Qərb Xarkovun işğal olunmasına imkan verməyəcək”.
 
Politoloqun sözlərinə görə, Volodimir Zelenskinin hakimiyyətdə qalması Ukraynanın müharibədən qalib çıxması üçün ən uğurlu variantdır:
 
“Zelenski hakimiyyətdən getməyəcək. Növbəti seçkilərdə hakimiyyət dəyişikliyi isə istisna edilmir. Yardımlar çatdırıldığı təqdirdə Kiyevin Moskvanın hücumlarını dayandırması mümkündür. Gələn aydan prosesin Ukrayna xeyirinə dəyişməsi, silahlanmanı daha da gücləndirməsi gözlənilir”.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
1
referans.az

2Mənbələr