AZ

İnternet uşağa bəla da gətirə bilər, dərman da...

Övladlarımızı kibertələlərdən necə qoruyaq? - mütəxəssislər bütün sirləri açır 

Dünya miqyasında aparılan bir araşdırma, internetdən istifadənin özünü xoşbəxt və sağlam hiss etməklə əlaqəli olduğunu göstərib.  Medicina.az  ttps://medicina.az/xəbər verir ki, internetdən istifadənin ümumiyyətlə psixi sağlamlığa mənfi təsirləri olduğu düşünülsə də, bu sahədə aparılan araşdırmalar daha çox sosial media üzərində cəmlənir. 

Məsələn, ötən il aparılan bir araşdırma sosial mediadan istifadəni azaltmağın depressiya və narahatlıq üçün yaxşı olduğunu üzə çıxarmışdı. Oksford və Tilburq universitetlərindən tədqiqatçılar tərəfindən aparılan yeni araşdırmada isə ümumi olaraq internetə çıxışın və istifadənin təsiri araşdırılıb.

168 ölkədən 2,4 milyondan çox insanın daxil olduğu araşdırmanı aparan qrupun məlumatına görə, bu, indiyədək həmin sferada aparılan ən böyük araşdırmadır. 

“Technology, Mind and Behaviour” jurnalında dərc edilən araşdırmada 2006-2021-ci illər arasında 15 və daha yuxarı yaşda olan 2,4 milyondan çox insanın məlumatları təhlil edilib. İştirakçılardan həyatdan məmnunluq, sosial həyat, məqsədlər və sosial vəziyyət kimi müxtəlif aspektlərdə rifahlarını qiymətləndirmələri tələb olunub.

Gəlir, təhsil səviyyəsi, sağlamlıq kimi bir çox faktoru nəzərə alan tədqiqatçılar, demək olar ki, 85 faiz hallarda internetə qoşulma ilə rifah hissi arasında müsbət korrelyasiya müşahidə ediblər. Məqalənin həmmüəllifi prof. Endryu Şbilski deyir ki, sübutlar internetin psixologiyaya yalnız mənfi təsirləri olmadığını, müsbət təsirləri ola biləcəyini də göstərir: “Onlayn dünyanı gənclər üçün daha təhlükəsiz etmək istəyiriksə, güclü qərəzli yanaşmalardan uzaq durmaq lazımdır”.

Tədqiqat diqqətəlayiq olsa da, onun bəzi məhdudiyyətləri də var. Məsələn, tədqiqatçılar bu müsbət əlaqənin arxasındakı səbəb-nəticə əlaqəsini izah etmirlər. İştirakçıların internetdən nə qədər və hansı məqsədlə istifadə etdikləri də məlum deyil. London Universitet Kollecindən dr. Ruf Plekett araşdırmanın sosial media istifadəsinə diqqət yetirmədiyinə diqqət çəkir və deyir: “Biz bilirik ki, gənclər bu platformalarda zərərli məzmuna məruz qala bilərlər. Bu da internetdən istifadə ilə bağlı daha çox mənfi assosiasiyalara səbəb ola bilər”.

Araşdırma internetdən istifadə ilə sosial rifah hissi arasındakı əlaqənin 5 faizinin mənfi olduğunu da ortaya çıxarıb. Bu, daha çox 15-24 yaş arası qadın və qızlarda müşahidə olunub. Tədqiqatçıların fikrincə, bu tapıntı internetdən istifadənin bu insanları bədbəxt etdiyi anlamına gəlməsə də, gənc qadınlarda sosial mediadan istifadə ilə depressiya əlamətləri arasında mənfi əlaqəni göstərən digər araşdırmalarla uyğun gəlir.

Amma bəzi hallarda gənc və yeniyetmələrdə internetdən istifadə xəstəlik həddinə qədər gəlib çatır. Bunun adı elmi ədəbiyyatlarda internet asılılığı adlanır. Tanınmış həkim-nervopatoloq  Qalib Əsədov da mediaya açıqlamasında bu faktı təsdiqləyərək qeyd edir ki, internet asılılığı daha çox göz yorğunluğu, bel və baş ağrıları, stress və kürək ağrıları, facebook depresiyası kimi xəstəliklərə yol açır. Bundan əlavə, internet asılılığı olan yeniyetmələr və azyaşlı uşaqlar həm də uzun müddət kompüter və telefonla baş-baaşa qaldıqlarından başqaları ilə ünsiyyət qurmaqdan çəkinir, bir çox hallarda isə aşırı aqressiya nümayiş etdirirlər. İnternet asılılığından əziyyət çəkən məktəblilər isə həm də dərslərin öyrənilməsində çətinlik çəkirlər. Ümumiyyətlə, beyinləri internet informasiyaları ilə yüklənən uşaqlar belə hesab edirlər ki, onlar məktəbdə öyrədilənlərdən daha çox şey bilirlər və oxumaq onlar üçün maraqlı deyil.

Psixiatr Kimberly Youngun “İnternetdən asılılığın meyarları” adlı yazısının dərc edildiyi hesabatda qeyd edilir: “İnternet asılılığı gec yaşlarda başlayan psixoaktiv maddə, spirt və qumar asılılığının əksinə olaraq, daha gənc yaşlarda başlayır”. Bu asılılığın hər iki cinsdə də mövcud olduğu, ancaq kişilərdə qadınlara nisbətən 2 və ya 3 dəfə daha çox olduğu təsbit edilib. İnternetdən asılı olanların 38 %-də maddələrdən asılılıq müəyyən edildiyi, 33 %-də duyğu pozğunluğu, 25%-də isə depressiya görüldüyü ifadə edilib. 

İnternet asılılığının yalnız psixoloji deyil, fiziki problemlərə da gətirib çıxardığı bildirilir. Bunların arasında kökəlmə və kürək ağrısı daha geniş yayılıb.

İnternet asılılığı problemi qlobal miqyasda böyük təşviş yaratdığına görə bu məsələ müvafiq beynəlxalq təşkilatların da diqqət mərkəzindədir. Bu problemin ciddi fəsadlarının qeydə alındığı ölkələrdə təhlükənin qarşısını almaq üçün müxtəlif proqramlar qəbul edilir, layihələr həyata keçirilir, hüquqi mexanizmlər işlənib hazırlanır.

Məhəmməd

 Məhəmməd Türkmən

İnternet təhlükəsizliyi üzrə mütəxəssis Məhəmməd Türkmən isə hesab edir ki, əgər valideynlər uşaqlarına telefon ala bilmirlərsə, öz telefonlarını onlara verməsinlər. İnternetməkanda yaş alqoritmi var. Belə ki, valideyn öz telefonunu uşağına verəndə, uşaq ata-anasının baxdığı, baxıb da təsirlənməyəcəyi videolara da baxa bilir: “Valideynlər uşaqlara  ayrıca telefon alıbsa, ona Family Link proqramı yükləməlidir. Bu proqram vasitəsilə valideyn uşağın internet məkanda keçirdiyi müddəti, nəyə baxdığını izləyə bilir. Bundan başqa, valideynin icazəsi olmadan onlayn alış-veriş edə, proqram yükləyə bilmir. Valideyn ona vaxt məhdidiyyəti qoyur ki, vaxt bitəndə telefon kilidlənir. İkinci proqram Findmykinds adlanır. O proqram isə valideynə uşağının harda olması ilə paralel, ətrafındakı səsləri də dinləmək imkanı verir. Telefonunun yaxın radiusunda edilən söhbət, baxılan video, uşağın harda olmasına nəzarət edilir. Eyni zamanda uşaq ev-məktəb trayektoriyasından kənara çıxanda, proqram valideynə bu barədə informasiya verir”. 

Həmişə

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hal-hazırda 4432 orta ümumtəhsil məktəbində 1.6 milyon, 51 ali təhsil müəssisəsində 187 min, 54 orta ixtisas məktəblərimizdə 60 minə yaxın təhsil alan var. Bu rəqəmlər onu göstərir ki, ölkədə təhsil alan qismində 2 milyona yaxın insan var. Onun sözlərinə görə, öyrənmə artıq yeni mərhələyə keçib: “Biz pandemiya dövründə ənənəvi təhsili həyata keçirə bilmədik, distant tədrisi həyata keçirməli idik. Bunun üçün əsas vasitə kompüter, telefon və planşetlər idi. Məktəblilərin 80 faizini internetə bağlıdır. Bu, pis bir hal deyil, uşaqlarımızın əlində informasiya mənbəyi var. Amma bu mənbədən düzgün istifadə etmək lazımdır, amma birmənalı şəkildə edə bilmirik. Bu gün Azərbaycan şagirdi sosial şəbəkələrdə - tiktokda, instaqramda daha çox vaxt keçirir, nəinki sürətli internet resursundan daha səmərəli istifadə edə bilir. İnternet asılılığının əsas səbəbi odur ki, biz bu resurslardan doğru istifadə edə bilmirik”.

K.Əsədov hesab edir ki, şagirdlərimiz Tik-tokdadırsa, biz o platformada onların baxa biləcəyi faydalı informasiyanı yaymalıyıq. Müsahibimizin sözlərinə görə, dünyanın bəzi ölkələrində bu istiqamətdə maraqlı təcrübə var: “O təcrübəyə görə, müəllimlərin ay ərzindəki əməkhaqları onların ay ərzində sosial şəbəkədə faydalı paylaşımları ilə ölçülür. Biz yeniyetmə və uşaqlarımızın internet asılılığından narahat olmamalıyıq. Sadəcə, uşaqların qarşısına daha faydalı resurslar çıxarmalıyıq. İnternet təhlükəli deyil. Təhlükəli olan bizim o internet istifadəçilərini lazımi, faydalı  informasiyalardan məhrum qoymağımızdır”. 

Yazını hazırladı: Sevinc TELMANQIZI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
6
musavat.com

10Mənbələr