AZ

Slovakiya Baş nazirinə sui-qəsd cəhdində “Rusiya izi” ortaya çıxdı...-FOTO-FAKT

Robert Fitsonu güllələyən şəxs əvvəllər Kremlin təbliğatını təkrar edən yarımhərbi qrupa dəstək verib.
 
Slovakiyanın baş naziri Robert Fitsonun həyatına sui-qəsd cəhdinə görə saxlanılan 71 yaşlı Yuray Çintula əvvəllər rusiyayönümlü “Slovensky branci” yarımhərbi dəstəsini vəsf edib və üzvləri ilə birgə foto çəkdirib.
 
Moderator.az  “TSN”-ə istinadla xəbər verir ki, bu barədə macar araşdırmaçı jurnalist Şabolç Panyi məlumat yayıb.
 
Onun sözlərinə görə, qrupun lideri Peter Şvrçek Rusiya xüsusi təyinatlılarının keçmiş zabitlərinin nəzarəti altında təlim keçib.
 
2016-cı ildə qrupun “Facebook” səhifəsində şair, yazıçı və publisist Yuray Çintulanın fotosu ilə bərabər həmin qrupun onu niyə cəlb etdiyini açıqlayan bir məlumat ortaya çıxıb.
 
Publisist birinci səbəb kimi “dövlətdən əmr almadan hərəkət etmək bacarığı”, ikinci səbəb kimi isə “təmənnasız həvəs”i göstərir. Çünki onlar “öz pulları ilə silah və texnika alırlar... boş vaxtlarında taktika və strategiyaya yiyələnirlər”...
 
Yazıçı iddia edib ki, yüz minlərlə miqrant Avropaya səyahət edir və bu “vətənpərvərlər” Slovakiyanı onların təsirindən qorumaq istəyirlər.
 
Gündəlik “Dennik N” nəşrinin verdiyi məlumata görə, "Slovensky branci" 2022-ci ilin payızında fəaliyyətini dayandıracağını açıqlayıb. Həmin qrup üzvləri əvvəllər uzun müddət Kremlyönümlü təbliğatla eyni tezisləri təkrarlayıblar. Onlar Putin Rusiyasını müdafiə edir, Qərbi və Avropa İttifaqını tənqid edir, miqrantlara qarşı səfərbər olaraq mediaya, qeyri-hökumət təşkilatlarına hücum edirdilər.
 
Artıq xəbər verildiyi kimi, Yuray Çintula sui-qəsddən sonra izah edib ki, o, Fitsonu indiki Slovakiya hökumətinin siyasətini bölüşmədiyi üçün vurub.
 
Yada salaq ki, Slovakiyanın baş naziri Robert Fitsonun həyatına sui-qəsd cəhdinə görə, keçmiş özəl təhlükəsizlik işçisi kimi qanuni olaraq odlu silaha sahib olan Leviçe şəhər sakini,  yazıçı, 71 yaşlı Yuray Çintula saxlanılıb.
 
S.Laçın
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
165
50
moderator.az

10Mənbələr