AZ

Demokratik maska yırtılanda…

Qərbin qucağında həzin laylalarla xumarlanan Ermənistan rəhbərliyi ayılsın və ölkə­sinin məhvə doğru getdiyinin fərqinə varsın

Ermənistanda Azərbaycanla delimitasiya məsələləri, o cümlədən Qazaxın dörd kəndinin geri qaytarılması ilə başlanmış isterik durum bütün hədləri aşmaqdadır. Baş nazir Nikol Paşinyana qarşı çıxan qüvvələr xeyli aktivləşiblər.  Hazırda Ermənistanda yeni anti-Paşin­yan dalğası şahə qalxır, daxili siyasi vəziyyət tədricən mürəkkəbləşməyə doğru gedir. Bununla da ölkə sonu görünməyən daxili siyasi böhrana qədəm qoyur.

Etirazçılar vaxtaşırı küçələri bağlayır, yürüşlər keçirirlər. Baş nazir Nikol Paşinyan isə etirazçılara kütləvi həbslər, polis zorakılığı ilə sərt şəkildə cavab verir. Aksiya iştirakçılarına qarşı zorakılıq tətbiq edildiyi social şəbəkələri bəzəyən videogörüntülərdən də aydın olur. Sərt formada saxlanılanlar arasında qadınlar da var.

Onu da bildirək ki, baş nazir Nikol Paşinyanın istefası tələbi ilə kütləvi itaətsizlik aksiyaları zamanı “Vətən uğrunda Tavuş” hərəkatının fəalları İrəvanın mərkəzində bir sıra küçə və prospektləri bağlayıblar. Maraqlıdır ki, etirazçılara rəhbərlik edən şəxs Kanada vətəndaşı olan keşişdir. Yolu açmağa çalışan polis və etirazçılar arasında toqquşma baş verib, 63 nəfər aksiya iştirakçısı saxlanılıb. İstintaq komitəsi bu hallarla bağlı təhqiqatın davam etdirildiyini, qanuna­zidd əməllərin qarşısının bundan sonra da alınacağını bildirib.

Hökumət əleyhinə etiraz aksiyalarında iştirak edən ASALA terror təşkilatının üzvü Ambik Sasunyan da saxlanılanlar arasında olub. Bu, həmin Sasunyandır ki, 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki konsulu Kemal Arıkanı qətlə yetirmişdi. Həmin vaxt bu terrorçu əfv hüququndan yararlanmaq qadağası ilə ömürlük azadlıqdan məhrum edilmişdi. 2016-cı ildə isə Kaliforniya Məhkəməsi Ambik Sasunyanın şərti azadlığa buraxılması barədə hökm çıxarmışdı. Üç il davam edən müzakirələr nəticəsində sözügedən qərar 2019-cu ilin dekabrında icra olunmuşdu və terrorçu Ermənistana verilmişdi.

Paşinyan polisi aksiyanı işıqlandıran jurnalistlərə qarşı da güc tətbiq edir. Halbuki, hadisələr zamanı insanların ifadə azadlığı, KİV-in sərbəst fəaliyyətinə maneələrin yaradılmaması Qərbin “önəm verdiyi” mühüm dəyərlər sayılır. Hazırda Ermənistanda bu dəyərlər ayaq altındadır.

Maraqlıdır ki, Ermənistanda aksiyalar fonunda baş verən polis zorakılığına, kütləvi həbslərə ABŞ və Qərb ölkələri reaksiya vermir. Ekspertlərin fikrincə, Ermənistanda baş vermiş hadisələrə beynəlxalq təşkilatların qeyri-adekvat münasibəti ikili standartlardan irəli gəlir. Əgər bu gün İrəvanda müşahidə etdiklərimizin ondabir hissəsi Bakıda baş versəydi, Avropa Parlamentinin deputatları Azərbaycanın ünvanına isterik iddialarla çıxış edərək boğazlarını yırtardılar. Qərb KİV-inin səhifələri “avtoritarizm” barədə kinli materiallarla aşıb-daşar, beynəlxalq QHT-lər isə səs-səsə verərdilər. Ermənistana münasibətdə isə tam səssizlik. Yəni, Qərb susur…

Son günlər Ermənistanda baş verən bütün bu antidemokratik proseslər Qərbin demokratiya maskasının növbəti dəfə yırtılması ilə müşayiət olunmaqdadır. Söhbət ondan gedir ki, Qərb yenə gözünü və qulağını bağlayaraq Ermənistanda açıq-aşkar insan hüquqları pozuntusu faktlarını görməzdən gəlir. Nəticədə Qərb özünə sərf etməyəndə bu cür qeyri-demokratik hadisələrə sükutla yanaşmaq siyasətinə sadiqliyini isbatlamaqdadır. Ermənistandakı proseslərə Qərb dairələrinin susqunluğunun kökündə təbii ki, ikili standartlar dayanır. Qərbin öz adamı kimi hakimiyyətə gətirdiyi şəxslərin qeyri-demokratik addımlarına göz yumması nə ilkdir, nə də ki, son olacağı gözlənilir...

Siyasi müşahidəçilər Ermənistanda baş verənləri xarici təsirlərin proyeksiyası kimi dəyərləndirirlər. Xüsusilə Azərbaycanla vasitəçisiz görüşlərin keçirilməsi perspektivi dövründə bu kimi etirazların formalaşdırılması prosesə açıq mane olmaq istəyindən doğur. Siyasi analitiklər daha çox Qərb “əlini” bu işin səbəbkarı kimi vurğulayırlar. Qərb Azərbaycandakı daxili proseslərə müdaxilə edə bilmir deyə bölgənin zəif halqalarından birinə Ermənistana üz tuturlar, Hayastanı xarici güclərin “müharibə meydanına” çevirirlər. Artıq ermənilərin boğazı Qər­bin əlindədir. Ermənistan adlı dövlət Qərbin an­ti-Rusiya siyasətində alətdir. 

Rusiya Xarici İşlər Nazirliyi (XİN) haqlı olaraq Qərbi Ermənistandakı kütləvi həbslərə reaksiya verməməkdə ittiham edib: ”Qərbin Gürcüstan və Ermənistandakı etirazlara reaksiyası “heyrətləndirir”. Ermənistandakı kütləvi həbslərlə bağlı Qərbin ölü sükutunu müşahidə edirik.”

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib: “Qərb etirazçılara qarşı guya qəddarcasına güc tətbiq edildiyinə görə Gürcüstan hakimiyyətinə daim hücum edir və qorxudur, Ermənistana gəldikdə isə susur. Bu da ikili standartlardır. Ermənistanda baş verən çoxminlik etirazlara gəldikdə isə, Qərb elə təəssürat yaradır ki, elə bil heç nə baş vermir.”

Göründüyü kimi, ikiüzlü siyasətin aparıcıları olan Qərb institutlarının əsl mahiyyəti ortadadır. Görünən odur ki, Qərb institutları ikili standartlardan xilas olmaq güclərini çoxdan itiriblər.

Yaqut Ağaşahqızı, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
259
ikisahil.az

1Mənbələr