AZ

Qohum evlilikləri:Daşlaşmış stereotiplərdən necə yaxa qurtaraq?..

Nəhayət, bu məsələnin hüquqi və genetik baxımdan ailə dəyərlərinə zidd olduğunu anlamalıyıq

Qohum nikahlarla bağlı problemlər son dövrlərin ən aktual məsələlərindən biridir. Ekspertlərin qənaətinə görə, bu problem aradan qaldırılmasa, gələcək nəslin inkişafında, formalaşmasında müəyyən çətinliklər olacaq. Ona görə də gələcəyimizin möhkəm əsasının bununla bağlı olduğunu unutmamalı, bu istiqamətdə davamlı tədbirlər həyata keçirilməlidir. Bu baxımdan sözügedən problemin - qohum nikahlarla bağlı məsələnin ictimai müzakirəsinin aparılması mühüm önəm daşıyır.

Problemin həllini ləngidən, çətinləşdirən müəyyən amillər var. Onlardan biri heç bir elmi əsası olmayan düşüncə tərzidir. Məsələn, belə bir söz var: Əmiqızı ilə əmioğlunun nikahı göydə kəsilir. Qohum nikahlar barədə söhbət açılanda çox zaman bu fikir səsləndirilir. Amma, necə deyərlər, daşlaşmış bu fikrə baxmayaraq problemin həllini daim diqqətdə saxlamalı, vəziyyətdən xilas üçün çıxış yolu axtarmalıyıq. Bu məsələdə maarifləndirməyə geniş meydan verilməli, qohum nikahlara rəvac verən valideynlər, gənclərin doğmaları problemin doğurduğu fəsadlar haqqında məlumatlandırılmalıdır.

Problemin həllində jurnalistlər daha çox fəallıq göstərməli, bu yöndə əsl həqiqəti cəmiyyətə çatdırmalı, beynəlxalq təcrübənin önəmi ilə bağlı materialların dərcini diqqətdə saxlamalıdırlar. Türkiyədə qohum nikahlarla bağlı bir məqamı xatırlatmaq yerinə düşər. Belə ki, qardaş ölkənin Trakya bölgəsində qohumlar arası evliliyə müsbət rəy verilmir. Orada gənclər ancaq yeddinci nəsildən sonra bir-biri ilə evlənirlər. Çünki yeddinci nəsildən sonra insanlar yad sayılırlar. Danimarkada isə həkimlər qohum nikahların qarşısını almaq üçün qanunların sərtləşdirilməsini istəyirlər.

Əlbəttə, ailə həm də cəmiyyətin, ümumilikdə sağlamlığının göstəricisidir. Qohum nikahları bizim üçün strateji problemdir. Çünki bu, bizim genefondumuza təsir edir. Cəmiyyət baxımından isə öz gələcəyimizə təhlükədir. Bu evliliklər nəticəsində doğulmuş xəstə, əlil uşaqlar iztirab çəkirlər. Xəstə doğulmuş uşaq, həmçinin ailə üçün həm mənəvi, həm də maddi çətinliyin yaranmasına gətirib çıxarır. Bu, nəinki dövlətin, həm də cəmiyyətin problemidir.

Bəs problemin qarşısını almaq üçün nə edə bilərik? Bu sual ətrafında aparılan müzakirələrdə ilk növbədə ikinci və üçüncü dərəcəli qohum evliliklərinə qadağa qoyulması məsələsi gündəmə gətirilir. Ancaq bu məsələnin sosial tərəfini də unutmamalıyıq. Problem ondadır ki, hər kəs tanıdığı insanlarla ailə qurmağa üstünlük verir. Hətta bundan fəxrlə danışanlar da var. Bununla bağlı çox danışmaq olar. Məsələnin əsl məğzi budur ki, əmi, xala uşaqları arasında evlilik qadağan edilməlidir, yoxsa yox? Çoxluq onun tərəfdarıdır ki, bu, qanunvericilik səviyyəsində qadağan olunmalıdır. Dövlət və cəmiyyət arasında münasibət var. Bəzən cəmiyyət önə keçib bəzi aktual məsələlərdə addımlarını atır. Bəzi hallarda görünür ki, dövlət önə keçməlidir və cəmiyyəti öz arxasınca aparmalıdır.

Ailə cəmiyyətin özəyidir. Ailədə yetişən sağlam fərdlər cəmiyyətin təminatıdır. Məhz bu səbəbdən Azərbaycanda ailənin dövlət tərəfindən mühafizə edilməsi Konstitusiyada təsbit olunub. Dəyərlərin aşınmaya məruz qaldığı bir dövrdə ailə dəyərləri qorunub saxlanılıb. Amma ailə dəyərlərinə xələl gətirən faktorlar var və onlardan biri də qohum evlilikləridir. Bu, bizim qədim ailə adət-ənənələrimizdən biridir. Biz adət-ənənələrə hörmət etməliyik, onları qəbul etməliyik və inkişaf etdirməliyik. Lakin yalnız stereotiplərə söykənən adətlərdən imtina etməyi bacarmalıyıq.

Ailə institutunun müqəddəsliyi, vacibliyi ailə münasibətlərinə dövlətin müdaxiləsinin az olmasını şərtləndirir. Bunun nəticəsidir ki, bizdə ailə qanunvericiliyində nikahın qadağan olunduğu şəxslər sıyahısına birinci və ikinci dərəcəli qohumlar daxildir. Dövlət burada minimum tənzimləməni saxlayıb, ikinci dərəcəli qohumları yaxın qohumlar siyahısına daxil etməyib. Lakin statistika göstərir ki, qanun qadağan etsə də, yaxın qohumlar arasında evliliklər hələ də baş verir. Tədqiqatlar göstərir ki, bunun böyük fəsadları var. Təbii ki, bu, sosial problem olsa da, qanunvericilik çərçivəsində həll olunması mümkündür.

Qohumlar arasında nikahlar Ailə Məcəlləsində qadağan edilir. Nazirlər Kabinetinin “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” var. İlk dəfə olaraq bu Qaydada qohumlar arasında nikah anlayışının şərhi verilib. Qaydaya görə, baba və nənələri eyni olan gənclər arasında bağlanan nikah qohumlar arasında nikah hesab edilir.

Qohum evliliklərinin səbəbləri arasında bir çox sosial və mədəni amillərin olduğu müşahidə olunur. Dünyadakı nikahların təxminən 20 faizi qohum evlilikləridir. Belə nikahların nisbəti müxtəlif cəmiyyətlər arasında fərqlidir. Məsələn, ABŞ və Avropa ölkələrində qohum evlilikləri 0,1-0,4 faiz arasında dəyişir. Şimali Afrika, Yaxın Şərq və Qərbi Asiya ölkələrində belə nikahlar 50 faizdən çoxdur. Türkiyədə qohum evliliklərinin nisbəti bölgələrə görə 20-40 faiz arasında dəyişir. MDB ölkələrində qohum nikahlarına daha çox Azərbaycanda və Mərkəzi Asiya dövlətlərində rast gəlinir.

Bakı, Ağsu, Astara, Beyləqan, Cəbrayıl, Daşkəsən, Gəncə, İmişli, İsmayıllı, Lənkəran, Mingəçevir, Qazax, Qobustan, Salyan, Şamaxı, Şirvan, Tovuz, Xızı, Yevlax, Ağdam, Qəbələ rayon və şəhərlərinin sakinlərinin iştirak etdiyi 1354 respondenti əhatə edən sorğuda qohumla evlənənlərin 67,4 faizi qadınlar, 32,6 faizi isə kişilər olub. Qohum evlilikləri arasında dayıoğlu-bibiqızı, bibioğlu-dayıqızı arasında olan nikahlarının xüsusi çəkisi (37,4 faiz) əmioğlu və əmiqızı (22,1 faiz), xala oğlu və xala qızı (23,2 faiz), eləcə də qohum şəxslərin (əmi, bibi, dayı, xala) nəvələri (17,3 faiz) arasında olan nikahlardan daha çoxdur.

Respondentlərin fikrincə, qohum evliliyinin bir sıra səbəbləri var. Onların 16,4 faizi “yaşlı nəslin təkid etməsi, gənclərə seçim haqqının verilməməsi”, 36,4 faizi “nəsildən-nəslə keçən gərəksiz adətlər, stereotiplər”, 14,3 faizi “erkən nikah”, 16,6 faizi “gənclərin təcrübəsizliyi, yetərli qədər əhatə dairəsinə sahib olmaması, sosiallaşma problemləri”, 8,1 faizi “ailə quran insanların təhsilsizliyi, cahilliyi”, 6,2 faizi “kifayət qədər məlumatın olmaması” cavablarını qeyd ediblər.

Daha bir narahatedici məqam isə Azərbaycanda qohum evlilikləri nəticəsində xəstə doğulan uşaqların statistikasıdır. Onlar arasında əliliyini rəsmiləşdirənlərin sayı 70 minə yaxındır. Mütəxəssislər bildirirlər ki, əgər yad insanların evliliyi zamanı onların uşaqlarının qüsurlu olması riski 2-4 faizdirsə, qohum evliliklərdə bu göstərici 4-8 faizdir. Yəni, qohum evliliklərində bu risk 2 dəfə artır. Genetik xəstəliklərlə doğulan uşaqların 8,4 faizi bu ailələrin payına düşür. Əgər dünyada əngəlli doğulan uşaqlar 1 faizdirsə, qohum evlilklərində 9 faizdir. Bu ailələrdə ölü və yarımçıq doğuşların sayı digər evliliklərə nisbətən 2 dəfə çoxdur. Qohum evliliklərində ən çox rast gəlinən qan xəstəlikləri, göz, qulaq, əzələsinir, ürək-damar və şəkər xəstəlikləri, ağıldankəmlik və sairdir. Qan xəstəlikləri arasında isə talassemiya, hemofiliya və başqa qan xəstəlikləri daha çox yayılıb.

Bütün bunlar göstərir ki, cəmiyyətimizdə tez-tez baş verən qohum evliliklərinə son qoyulmalıdır. Çünki bu məsələ hüquqi və genetik baxımından ailə dəyərlərinə ziddir.

Cavid Əkbər, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
261
ikisahil.az

1Mənbələr