AZ

İrandan Azərbaycana açıq hədə- “növbəti hədəfsizsiniz”…

Image

Bünyamin Qəmbərli: “Azərbaycan hər zaman İranla bağlı məsələlərdə qətiyyətli hücum mövqeyində olmalıdır”

İran rəhbəri Əli Xamneinin ofisinin mətbu orqanı sayılan “Keyhan” qəzeti Qəzza məsələsi ilə bağlı dərc etdiyi məqalədə Azərbaycan Respublikasına qarşı təhdid ifadələri işlədib.

Məqalə “Əgər etinasızlıq etsəniz, İsraildən sonra növbə sizdədir!" başlığı ilə dərc olunub. Məqalənin bir neçə yerində İsrail-Azərbaycan münasibətlərinə toxunulub, İsrailin enerji ehtiyacının yarıdan çoxunun Azərbaycan nefti hesabına təmin olunduğu vurğulanıb. Ekspertlər bildirir ki, bu qəzetdə gedən yazılar İranın dini rəhbəri Əli Xamneinin başçılıq etdiyi mühafizəkar qanadın - SEPAH və ETTELAAT-ın mövqeyini əks etdirir.

Bu açıq hədədən hansı nəticəni çıxarmaq olar?

Müstəqil siyasətçi Bünyamin Qəmbərli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, biz bu məsələləri əvvəllər dəfələrlə müzakirə etmişik: “İran bir neçə sahədə fəaliyyət göstərir. Birincisi, paniranizmin, panfarsizmin yayılması üçün daxilində və xaricindəki özünə təhlükə yarada biləcək qüvvələri məhv etməyə çalışır. Daxildəki bütün etnikləri məhv etmək üçün həmin etniklərin kənardakı təmsilçilərini də məhv etməyə çalışır. Azərbaycan, Ərəbistan, İraqdakı Kürdüstanla bağlı hər zaman çox sərt mövqe qoyur ortaya. İkincisi, İslamın parçalanmasına çalışır. Bilirsiz ki, İran İslamda daim pozucu mövqe tutub. Üçüncüsü isə bölgədə sabitliyi pozmaqdır. Suriyada, Azərbaycanda, Yəməndə, İraqda, həm də Fələstində İran hər zaman dağıdıcı, qarışdırıcı mövqe tutub. Sualla bağlı isə demək istəyirəm ki, “Keyhan” hakimiyyətə yaxın qəzetdir. Deyə bilərlər ki, bu, hakimiyyətin mövqeyi deyil. İran o qədər demokratik ölkə deyil ki, orada qəzetlər və ya jurnalistlər istədiyi məsələni yazsın. “Keyhan”qəzeti isə birbaşa SEPAH-a və Əli Xamneyiyə bağlı bir qəzetdir. “Keyhan”   qəzetində deyilənlərin hər biri birbaşa və ya dolayısı ilə hakimiyyətin, Xamneyinin mövqeyidir. Burada Azərbaycanla bağlı təhdidlərin olması onu göstərir ki, biz İranla nə qədər xoş münasibətdə olmaq istəsək də, İrana nə qədər qonşuluq, dostluq münasibəti göstərsək də İran bizlə heç bir formada dost, qonşu olmaq niyyətində deyil. İran düşmənliyindən əl çəkən deyil. Biz dəfələrlə vurğulamışıq ki, İranın əsas hədəflərindən biri Azərbaycan adında dövlətin məhv olunmasıdır. Burada da söhbət birbaşa məhv etməkdən, dağıtmaqdan gedir. İsraillə bağlı məsələ bir bəhanədir. Bu məsələdə bizim İsrailə neft verməyimizi bəhanə edir. Digər məsələlərdə, Ermənistan məsələsində nə üçün bizə qarşı hücum edirdi? Daxilimizdə bu qədər separatçılara dəstək verməklə bağlı nə istədiyi də bəlli deyil. Bu gün Azərbaycan hakimiyyəti nə qədər İran casuslarını həbs etsə belə, İranın yetərincə yatmış hücrələri var. İran o hücrələri hələ də  qoruyur ki, nə vaxtsa onlardan Azərbaycanın qarışdırılması, parçalanması üçün istifadə etsin. Azərbaycan hakimiyyəti İranla bağlı məsələlərdə ortaya qəti mövqe qoymalıdır. 44 günlük savaşda Azərbaycan Prezidenti “Harop”un, yəni pilotsuz uçan aparatın yanında durub hansı bəyanatı verdi və o bəyanatdan sonra İran neçə öz qınına çəkildi? Azərbaycan hər zaman İranla bağlı məsələlərdə qətiyyətli hücum mövqeyində olmalıdır. Çünki bizim daha böyük, 40 milyonluq gücümüz var. Səfirliyimizə edilən həmlə bizə qəti bir anonsdur ki, İran heç vaxt güzəşt etməyəcək. Səfirliyin açılması məsələsi gedir. Guya səfiriyimizə  hücum edən cəzalandı. Ancaq səfirliyimizdəki vətəndaşlarımızı  öldürməyə cəhdi  təşkil edən, planı cızanların hamısı qıraqda qaldı. Cinayəti törədənin cəzalanması ilə iş  bitmir. Ona görə də, Azərbaycan hakimiyyəti istər  səfirlik məsələsində, İsraili bəhanə edərək  Azərbaycana ünvanlanan  təhdidlər məsələsində, istərsə də Ermənistanla bağlı məsələdə İrana qarşı  qəti, sərt mövqe qoymalıdır”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
baki-xeber.com

1Mənbələr