AZ

Antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu



İkinci Qarabağ - Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar fonunda məhz Ermənistan tərəfinin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın tələblərinə etinasız yanaşması uzunmüddətli və davamlı sülhün təmin olunması istiqamətində aparılan bütün səyləri puça çevirdi. Xüsusilə Bəyanatın 4-cü bəndində qeyd olunan: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir...” öhdəliyi icra edilmədi.
Vətən müharibəsindən ötən son üç il ərzində rəsmi İrəvan Azərbaycan tərəfinin bütün səmimi sülh çağırışlarını cavabsız qoyaraq, qəbul etdiyi öhdəliklərin icrasını ləngitməyə, gələcək revanşist iddialarının gerçəkləşəcəyi ümidi ilə status-kvonu saxlamağa və beləliklə, iki ölkə arasında sülh müqaviləsinin reallaşmamasına çalışırdı.
Ancaq aydın məsələ idi ki, bölgəmizdə daimi sülh və sabitliyə nail olmağın yeganə yolu məhz erməni silahlı qüvvələrinin ölkəmizin Qarabağ bölgəsindən qeyd-şərtsiz çıxarılması və qondarma rejimin buraxılması idi.
Eyni zamanda, bütün xəbərdarlıqlara rəğmən, qanunsuz xunta rejiminin qorunub saxlanılması üçün maliyyələşdirmə prosesi də məhz birbaşa Ermənistan Respublikasının rəsmi dövlət büdcəsi hesabına həyata keçirilirdi. Belə ki, bu məqsədlə hər il yüz milyonlarla dollar vəsait qondarma rejimin büdcəsinə ötürülürdü. Ermənistan hökuməti tərəfindən göstərilən bu dəstək təkcə maliyyə sahəsini deyil, eyni zamanda hərbi, siyasi, ideoloji və digər sahələri də əhatə edirdi. Əlbəttə, bütün bunlar ölkəmizin ərazi bütövlüyünə, onun suverenliyinə və təhlükəsizliyinə tamamilə zidd addımlar idi.
Bu baxımdan, Üçtərəfli Bəyanatın tələblərinin kobud şəkildə pozulması, qəbul edilmiş öhdəliklərin yerinə yetirilməməsi və digər bu kimi mənfi hallar yaxın gələcəkdə bölgədə yenidən hərbi əməliyyatların başlanmasını, zəruri tədbirlərin həyata keçirilməsini qaçılmaz edirdi.
Bütün bu kimi böhtanlara, təhdidlərə rəğmən, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə öz haqlı mövqeyindən əsla dönməyəcəkdir. Əksinə, sülh və əminamanlıq dolu işıqlı gələcəyə qanad açaraq, mətin addımlarla daha da inkişaf edəcək, güclənəcək və müstəqilliyini möhkəmləndirəcəkdir.
Bütün bunların əməli nəticəsidir ki, bu gün ölkəmiz işğaldan azad olunmuş ərazilərdə sürətli bərpa-quruculuq işlərini həyata keçirir, əhalinin rahat yaşayışının təmin edilməsi üçün lazımi tədbirlər görür. Ən vacib məqam isə ondan ibarətdir ki, ölkəmiz bərpa-quruculuq işlərini heç bir kənar maliyyə yardımı olmadan, yalnız öz vəsaiti, daxili imkanları hesabına həyata keçirir. Hesablamalara əsasən, İkinci Qarabağ müharibəsi başa çatdıqdan bu günə qədər bərpa və quruculuq işlərinə təqribən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilmişdir. Növbəti il üçün bu məbləğin minimum 3,8 milyard ABŞ dolları həcmində olacağı planlaşdırılır. Bu gün artıq 2 000-dən çox keçmiş məcburi köçkün “Böyük Qayıdış” Proqramının icrasına uyğun olaraq öz doğma yurdlarına – Laçın şəhərinə, Füzuli şəhərinə, Ağalı, Talış və Zabux kəndlərinə qayıtmışlar. İlin sonuna qədər onların sayı 5 500-ə çatacağı gözlənilir. Bəli, bir vaxtlar öz yurd-yuvalarından kədər dolu göz yaşları ilə çıxarılan soydaşlarımız indi uzun müddətdən sonra öz doğma ata-baba yurdlarına sevinc göz yaşları ilə qürurla geri dönürlər.Ordumuzun yüksək peşəkarlıqla həyata keçirdiyi lokal antiterror tədbirləri otuz ildir Ermənistanın himayə etdiyi qondarma rejimin, hərbi xuntanın, terrorçuların girovuna çevrilmiş Qarabağın etnik erməni əsilli azlıqlarının da xilasına, onların ölkəmizin digər etnik azlıqları kimi tam hüquqlu vətəndaşlar olaraq dinc, sülh və təhlükəsiz şəkildə azad həyata qovuşmasına, reinteqrasiyasına da xidmət edir, onların yolunu aydınladır.
Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaqdır” kəlamı bu gün artıq tam reallaşıb. Bəli, bu müqqəddəs kəlamın məntiqi davamı olaraq bu gün ölkəmiz Ulu Öndərin siyasi xəttini layiqincə davam etdirən Prezident İlham Əliyevin liderliyi sayəsində öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa edən və inkişaf edən bir dövlət kimi öz şəfəqləri ilə onu sevməyən qüvvələrin gözünü qamaşdırır. Onun bütün sahələr üzrə davamlı inkişafı dostda güvən, düşməndə qorxu yaradır. Bunun əməli nəticəsidir ki, bu günədək Qarabağın hətta de-yure Azərbaycan torpağı olmasını dilə gətirmək istəməyən həmin qüvvələr indi Qarabağın həm de-yure, həm də de-fakto Azərbaycan torpağı olduğunu bəyan edirlər.
Bu şanlı Qələbə Qalib Lider, Prezident İlham Əliyevin möhtəşəm 20 illik prezidentlik fəaliyyətinin hesabat yönümlü uğurlu nəticəsi, “Heydər Əliyev İli”nə möhtəşəm, dəyərli töhfə oldu.
Misilsiz dövlətçilik təfəkkürünə malik İlham Əliyevin rəhbərliyi ilə qarşıda bizi daha böyük nailiyyətlər və qələbələr gözləyir. Biz buna inanırıq və bunun şahidi olacağıq.

YAP Cəbrayıl rayon təşkilatı Karxulu
ƏPT-nin sədr müavini Hüseyn Firatoğlu




Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
aia.az

1Mənbələr