AZ

Gültəkin Hacıbəylinin uzunquyruqlu “mitinq” yalanları və ayaq məsələsi…

AXCP-nin sədri Əli Kərimlinin son zamanlar sosial şəbəkələrdəki mitinq çağırışlarına, moizələrinə fəal qoşulanlardan biri də “Milli Şura” nın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylidir. Radikal müxalifətin əsas öndə gedənlərindən olan bu xanım sosial şəbəkə seqmentlərindəki yazılarında “Milli Şura”nın mitinq çağırışlarına məhəl qoymayan, daha doğrusu onu rədd edən cəmiyyəti qınayır. G.Hacıbəyli  Ə.Kərimlinin mitinq çağırışlarına məhəl qoymayan hər kəsi  fəaliyyətsizlikdə ittiham edərək  demək olar ki, cəmiyyətin üzərinə “səlib yürüşü” də edir. 

Əlbəttə, bütün bunlar heç kimi təəccübləndirmir. Çünki Ə.Kərimlinin orbitində fırlanan bu “möhtərəm” zat əvvəllər də  cəmiyyətə qarşı bu cür aqressiv davranışlar nümayiş etdirib. Bir müddət əvvəl “Milli Şura”nın və AXCP-nin videokonfransından yayılan kadrlardan da görünürdü ki, G. Hacıbəyli bütün qırmızı xətləri keçərək danışdığı bir lətifədə şəhərli-kəndli söhbəti aparır, bu lətifənin ona C.Həsənlinin danışdığını bildirirdi. Həmin videomaterialda C.Həsənli daha da irəli gedərək  əxalqsızcasına iqtidarla dialoq tərəfdarı olan siyasi partiya rəhbərlərini “tryapka” (ruscadan tərcüməsi əski parçası mənasını verir) adlandırırdı. Bu da özünü siyasətçi adlandıran, ölkədə hakimiyyətə iddialı olan siyasi kələkbazların səviyyəsi, həm də etiraz “mədəniyyəti”.

Dahası da var. Külək hardan əsdi ora çevrilən G.Hacıbəyli həmin yazıda radikal müxalifət düşərgəsinin təmsilçilərini cəmiyyətə demokratiya, insan haqları uğrunda mücadilə edən “qəhrəmanlar” kimi sırımağa çalışaraq ictimai düşüncəni yanlış istiqamətə yönləndirmək üçün min bir oyundan çıxır. “Milli Şura”çı xanım yazır: “Zatən müxalifətdə olmaqdan mənəvi, fiziki və maddi mərhumiyyətlərdən başqa nə qazanmışıq!?”

Belə yerdə qəribi ağlamaq tutur da. Axı hər kəs yaxşı bilir ki, hiyləgər, dilli-dilavər, işbaz, zəmanənin nəbzini yaxşı tutmağı bacaran, gündə bir partiya, təşkilat dəyişən G.Hacıbəylinin yazdıqları heç də həqiqəti əks etdirmir. Əslində hər addımda ikiüzlülüyü, saxtakarlığı və riyakarlığı ilə özünü ifşa edən, Milli Məclisin üzvü olanda dövlətin imtiyazlarından gen-bol istifadə edərək komfort şəraitində yaşayan, heç vaxt seçicilərinin problemləri ilə maraqlanmayan, “Araz aşığımdan, Kür topuğumdan” fəlsəfəsi ilə cah-cəlal içində kef edən, yağ içində böyrək kimi bəslənən bu buqələmun xanım siyasətçi bir vaxtlar tamamilə başqa cür danışırdı. Onu danışdıran da dəyəri milyonlarla ölçülən çoxsaylı mülklər, bahalı avtomobillər, hektarlarla mənimsənilmiş torpaq sahələri və s idi.

Bəli, bu gün buynuzlu, uzun quyruqlu yalanları ilə cəmiyyətin gülüş obyektinə çevrilən G.Hacıbəylinin indi sıralarına qoşulduğu dağıdıcı müxalifət düşərgəsi haqqında vaxtilə həddindən artıq aqressiv çıxışlarını da hamımız yaxşı xatırlayırıq. Ə.Kərimlinin xarici fondlardan aldığı qrantlara ortaq olan G.Hacıbəylinin dünənki və bugünkü əməllərinə diqqət yetirərkən  yanlız onu demək olar ki, cılız işlər içində dolaşanların ağlı, əxlaqı, mənəviyyatı da cılızlaşır.  Özünü cəmiyyətə demokratiya aşiqi, insan haqları “fədaisi” kimi sırımaq üçün bütün mənəvi-əxlaqi dəyərləri tapdalayan, belə “qəhrəmanlar” Molla Nəsrəddinin məşhur lətifəsində olduğu kimi, yalnız cızılan dairənin içində qəhrəmanlıq edənlərdir. Ən yaxşı halda baş qarışıq olanda bir-neçə dəfə ayaqlarını kənara qoya bilirlər, vəssalam.

Bu ayaq məsələsini elə-belə qabartmadıq. Belə ki, Gültəkin Hacıbəylinin 2019-cu il oktyabrın 19-da, rəhbərliyində təmsil olunduğu “Milli Şura”nın razılaşdırılmamış aksiya keçirdiyi zaman Qərb ölkələrindən birinin Azərbaycandakı səfirliyinin siyasi işlər üzrə müşaviri ilə danışığının audio-yazısı yayılmasını hamımız yaxşı xatırlayırıq. Səsləndirilən audioyazıda G.Hacıbəylinin razılaşdırılmamış aksiyadan əvvəl avropalı diplomatla nahar masası ətrafında söhbət etdiyi, ondan mitinqə kömək etməyi xahiş etdiyi də aydın olurdu. Göründüyü kimi, G.Hacıbəyli kimilər yalnız və yalnız cızılan dairənin içində “qəhrəmanlıq” edənlərdir. Həddindən ziyadə iyrənc, cılız və ikrahdoğurucudur, deyilmi?..

Zahid Rza, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
ikisahil.az

1Mənbələr