AZ

“Hazırda bütün dünyada ənənəvi ailə modeli böhran yaşayır”

“Hazırda

Zahid Oruc: “Onu doğuran səbəblər hər bir siyasi hakimiyyətin qarşısında mühüm tələb və vəzifələr qoyur”

Anar Turan: “Ailələrdə ata və ananın birgəliyi xeyli pozulub”

Bu gün dövlətlər və xalqların qarşısında duran başlıca vəzifələrdən biri təhdid altında olan milli-mənəvi dəyərlər sisteminin qorunmasıdır. Eyni zamanda bu sistemin bir parçası olan ailə modelinin qorunması başlıca şərtlərdəndir.
Qeyd edək ki, 15 may “Ailə Günü” kimi qeyd olunur.
Sosial Tədqiqatlar Mərkəzinin sədri, millət vəkili Zahid Oruc bildirib ki,
çoxmillətli, çoxdinli və mədəni müxtəlifliyi ilə öyünən, daim fərqli sivilizasiyaların uzlaşma məkanı kimi çıxış edən Azərbaycan özünün ən böyük sərvəti-milli varlığını, tarixini, ənənələrini və min illərdir dünya siyasi xəritəsində mövcudluğunu qoruyub saxlayan milyonlarla ailələnin vahid Vətəni kimi çıxış edir: “Böyük mənəvi-ideoloji əhəmiyyəti olan “Ailə Günü”, eləcə də əksər dünya ölkələrində təntənə ilə keçirilən “Analar Günü” və “Atalar Günü" mahiyyət etibarilə bir məqsədəmillətin özülünü, nüvəsini təşkil edən, onun müqəddəs ideallarını fiziki, mənəvi və siyasi cəhətdən gerçəkləşdirməyə qadir olan ailə institutunu inşa etməyə, onu qorumağa və fasiləsiz, arasıkəsilməz vəhdətdə nəsillərarası bağların təminatına xidmət edir. Min illik arzularını gerçəkləşdirən, milli azadlığına qovuşan xalqımızın 90-cı illərdən sonra məruz qaldığı ağır işğal və humanitar böhranın ən böyük zərbəsi məhz Azərbaycan ailəsinə dəymişdi. 30 ildən sonra qazandığımız parlaq Qarabağ Zəfəri ilk növbədə, “qaçqın və məcburi köçkün ailələr” məfhumunu tarixə qovuşdurmaqla, gələcəkdə öz doğma torpaqlarında doğulub böyüyən, öz isti evini, ocağını və şəxsi həyatını qurub-yaradan, bir daha o yurdları tərk etməyən azərbaycanlı ailələr deməkdir. Əslində Vətən müharibəsində parlaq Qələbəni qazanan bir xalqın öz “Milli Ailə günü” olmalıdır. Çünki hərbi uğurumuz həm də ailə institutunun güclənməsi və möhkəmlənməsi deməkdir. Ölkəmizin müdafiə qabiliyyətini formalaşdıran, müasir hərbi texnologiyaları hərəkətə gətirən və sosial rifahı təmin edən qüvvə məhz ailə təsisatıdır. Onun sarsılmazlığı, bütövlüyü və müqəddəsliyi sərhədlərinin qorunması qədər vacibdir”.
Millət vəkili əlavə edib ki, dünyada bərabəri görünməyən azərbaycanlı ailələrin səlnaməyə çevrilən müharibə tarixidir: “Lakin müasir kommunaksiya əsrində ən böyük sual budur: “biz nə qədər parlaq nümunələri kütlkəviləşdirə, tirajlaya, onu simvollara çevirə bilmişikdir”dir. Ulu öndər Heydər Əliyev şəxsi nümunəsi ilə örnək ailə obrazı olduğu üçün deyirdi: “Ailə dəyərləri, ənənələri, milli-mənəvi dəyərlərə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir”. Məhz həmin ideala sadiq qalaraq, gəncliyi Qələbəyə gətirən prezident İlham Əliyev ölkəmizə rəhbərliyi dövründə yetişən nəsillə öyünərək, andiçmə mərasimində deyir, sitat: “Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar milli ənənələrə, mənəvi dəyərlərə sadiq olsunlar. Kimsə onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır. Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlamdır, ənənələr, milli dəyərlər üzərində qurulubdur. Ailə tərbiyəsi hər bir gənc və uşaq üçün əsasdır…Gənclərimizin milli ruhda, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın, hər bir ailənin və dövlətin qarşısında durur”.
Göründüyü kimi, ölkənin Birinci şəxsi kütləvi qırğın silahlarını, son 2 ildə dünyada 200 milyard dollardan çox artan hərbi xərcləri və sürətlə silahlanmalarını, yaxud beynəlxalq terroru təhlükələr kimi ön yerə qoymur, məhz müqəddəs ailə ocağının xarici hücumlardan hifz edilməsini birinci sırada göstərir.
Hörmətli Mehriban xanım Əliyevanın son 20 ildə düşmənlə savaşın bütün səngərlərində Ali Baş Komandanla çiyin-çiyinə olması da Zəfərimizin parlaq qadın obrazıdır. Şəhid ailələri ilə görüşdə övladlarını itirən analara “Birinci sizsiniz” duyğusunun bəxş edilməsi gerçəkdən böyüklükdür, nəciblikdir, fədakarlıqdır. Ona görə də "dövlətin ailə siyasəti" sosial siyasətin aparıcı sahəsi olmaqla ailəni hər zaman hifz etməyə, onun status və rolunu artırmağa yönəlib. Bəli, XXI əsrin 24-cü ilin qlobal böhranlar, az qala 3-cü dünya müharibəsi kimi xarakterizə olunan beynəlmiləl savaşla xarakterizə olunur. Ona görə “Ailə kiçik dövlətdir - dövlət böyük ailədir”, formulu ənənəvi baxışları dəyişdirir, yəni, hakimiyyətləri, idarəetmə orqanlarını xalqsız, onu təşkil edən fərdlərsiz və kiçik sosial qrup olan ailələrsiz təsəvvür etmək qeyri-mümkündür. Əgər ailələrin nizamı pozulursa, dövlətlər ayaqda qala bilmir. Bu aksiomadır. Hazırda bütün dünyada ənənəvi ailə modeli böhran yaşayır. Onu doğuran səbəblər, dəyərlərin aşınması, rəqəmsal işğalın və elektron, virtual həyatın canlı aləmi əvəzləməsi hər bir siyasi hakimiyyətin qarşısında mühüm tələb və vəzifələr qoyur. Müasir Azərbaycan cəmiyyətində də ailədaxili münasibətlər, təsəvvür və baxışlar dəyişiklikliyə uğrayır”.
Z.Orud vurğulayıb ki, XXI əsrin əvvəllərinə qədər ailə institutu - patriarxal və ya ənənəvi, uşaq mərkəzli və ya müasir mərhələlərindən keçib, hazırda postmodern, eyni zamanda natamam və nikahdankənar çoxsaylı alternativ ailə-nikah modellərinə doğru yön alıb: “Dəyərlər sisteminin qərbləşməsi, aqressiv təbliği və mədəni hegemonluğuna nail olması üçün hər cür informasiya hücumları baş verir. Qlobal internet məkanında mənəvi-əxlaqi nihilizmin, sərhədsiz azadlqlıların sürətli təbliği və ifrat ideologiyalı sosial hərəkatlar tüğyan edir. Biz onu antiailə pandemiyası adlandıra bilərik. Ailənin tarixən formalaşan, cəmiyyətin bütövlüyünü təşkil edən "nikah, cinsi və reproduktiv davranış üçlüyün"ə, yəni ailə modelinin klassik-ənənəvi formasını əvəzləməyə iddialı olan alternativ ailə modellərinin formalaşması-rəngli ailə hərəkatlarının miqyaslı təbliğatı gedir.
Müasir Azərbaycan insanı ailəyə bağlılıq, ailə dəyərlərinə ehtiram hissi ilə seçilir. Bir sözlə, nümunəvi ailə obrazlarını bütün ictimai və media platormlarında təqdim və təbliğ etmək Vətəni hərbi səngərdə qorumaq qədər önəmlidir”.
Milli Fikir və İnkişaf Mərkəzinin sədri, araşdırmaçı Anar Turan isə “Xalq Cəbhəsi”nə bildirib ki, Azərbaycan xalqının milli və mənəvi dəyərlərinə qarşı 200 ildir ki, hücum var: “Əvvəlcə rus işğalı, sonra sovet işğalı və 70 illik məcburi ateizm tərbiyəsi, son 20 ildə də ayaq açan Qərb mentalitet təbliğatı xalqımızı öz milli və dini köklərindən ayıra bilməsə də düşüncə tərzində müəyyən boşluqlar yarada bilib. Bu prosesin sürətlənməsində sosla şəbəkələr və televiziyalar da əsas rol oynayır. Çüki milli-mənəvi dəyərlərin qorunmasına həsr olunan təbliğat yetərincə deyil”.
O qeyd edib ki, bu gün boşanmaların, sosial şəbəkələrdə tüğyan edən neqativ görüntülərin əksəriyyəti adət-ənənələrə olan ehtiramın, hörmətin azalmasından irəli gəlir: “Bir ailə qurulursa bir gələcəyin, bir və ya bir neçə gələcək həyatın təməli atılır. Bu bir bəşərin kainatda ən böyük missiyasıdır. Buna ötürücülük də deyirlər. Bu ötürücülük prosesində ata və ana birgə iştirak etməlidir. Təəsüflər olsun ki, son illərdəki statistikalar bunun əksini göstərir. Ailələrdə ata və ananın birgəliyi xeyli pozulub. Bunun da əsasında lüzumsuz səbəblərdən yaranan boşanmalar çoxluq təşkil edir.
Məsələn, bizdə ata-ana övladının təlim-tərbiyəsindən tutmuş, onun fərd olaraq hərtərəfli yetişməsi, təhsil alması və cəmiyyət üçün layiqli şəxs kimi formalaşmasında özünəməxsus rol oynayır. Hər bir valideyn övladının xoşbəxt olmasına çalışır və bu yöndə üzərində böyük məsuliyyət hiss edir. Bunun nəticəsidir ki, bizdə ailədə hər zaman böyük-kiçik yeri tanınıb, böyüyə yüksək hörmət mühiti olub. Sadalanan bu xüsusiyyətlər bir çox ölkələrdə olduqca zəif inkişaf edib. Yaxud da bizim ölkəmizdə olduğu qədər bir-birini tamamlamır, vəhdət halında deyil.
Problem ondadır ki, biz milli dəyərlərimizin qorunmasına kifayət qədər diqqət yetirmirik. Biz elə hesab edirik ki, Qərbdən gələn qloballaşma, kosmopolitizm axınının qarşısında dayanmaq mümkün deyil. Bəzən bunu müasir dəyərlər kimi qələmə veririk və ya mənimsəyirik. Əslində isə tamamylə fərqli məsələlərdir. Əlbəttə milli-mənəvi məsələlər də müəyyən mənada zamana uyğunlaşmalıdır, lakin bu dəyərlərin əsasında dayanan valideyinə, ailə başçısına hörmət etiketlərinə müqəddəs yanaşılmalıdır. Yaponlar dünyanın ən inkişaf etmiş xalqlarından biridir. Bütün sivil inkişaf nümunələrini orada görmək mümkündür. Lakin yaponların ailə dəyərlərinə diqqət yetirsək mühafizəkarlıqlarını necə qoruyub saxladıqlarını müşahidə edə bilərik. Dinimiz İslam da, etnik-mental baxışlarımız da ailə dəyərlərinə müqəddəs yanaşsa da, boşanmalar sürətlə artmaqdadır. Doğrudur, burada sosial məsələlər də müəyyən mənada rol oynasa da, əsas problem təbliğatın zəifliyindən irəli gəlir. Bu işlər gərək hər yerdə təbliğ olunmalıdır. Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi üçün lazım olan ideoloji basis milli-mənəvi dəyərlərimizdir. Bunu prioritetə çevriməliyik və bütün təbliğat ruporlarında, təhsildə, elmdə, informasiya resurslarında önə çıxarmalıyıq. Unutmamalıyıq ki, mədəni-mənəvi kökümüzə qayıdış yolunda, milli mənəviyyatımızın təkcə forma baxımından deyil, həm də məzmun baxımından bərqərar olması uğrunda aparılan mübarizədə mətbuatın, televiziyanın, o cümlədən ictimai təşkilatların, təhsil müəssisələrinin rolu böyükdür”.

Əli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
203
50
xalqcebhesi.az

10Mənbələr