AZ

ŞKTC-də Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzi açılıb

Mayın 15-də Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Girnə şəhərində Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzinin açılış mərasimi keçirilib.

SİA xəbər verir ki, mərkəzin açılışı təşəbbüsünü Azərbaycan-ŞKTC Dostluq Cəmiyyəti irəli sürüb.

Tədbirdə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Baş nazir Ünal Üstəl, parlamentlərarası əlaqələr üzrə Azərbaycan-ŞKTC və Türkiyə-ŞKTC işçi qruplarının üzvləri, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak ediblər.

Mərasim iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycan, ŞKTC və Türkiyə uğrunda həyatlarını qurban vermiş şəhidlərin xatirəsini yad ediblər.

Azərbaycan-ŞKTC Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlu mərkəzin açılışını ŞKTC və Azərbaycan xalqlarının yaxınlaşmasına növbəti mühüm töhfə adlandırıb. O, yaxın günlərdə Lefkoşada Heydər Əliyevin abidəsinin ucalacağına ümid etdiyini bildirib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Cavid İsmayıl xatırladıb ki, dünyanın 15 ölkəsində Dövlət Komitəsinin dəstəyi ilə açılmış Azərbaycan Mədəniyyət Mərkəzləri fəaliyyət göstərir. “Əminəm ki, ŞKTC-dəki mərkəz Azərbaycanın beynəlxalq mədəniyyətlərarası əlaqələrin inkişafında daha bir həlqə olacaq”, - deyə Cavid İsmayıl bildirib.

Parlamentlərarası əlaqələr üzrə Azərbaycan-ŞKTC işçi qrupunun rəhbəri Cavanşir Feyziyev Azərbaycan-ŞKTC Dostluq Cəmiyyətinin fəaliyyətini yüksək qiymətləndirib. Deputat Azərbaycan tərəfinin ŞKTC ilə əlaqələrin, o cümlədən mədəniyyət və təhsil sahələrində inkişafına hazır olduğunu bildirib.

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və Baş nazir Ünal Üstəl də mərasim iştirakçılarına müraciət ediblər.

Kipr türklərinin liderləri İlham Əliyevin türk xalqlarının yaxınlaşmasına yönəlmiş siyasətini yüksək qiymətləndirib, Bakı ilə dialoqun inkişafına hazır olduğunu vurğulayıblar.

Daha sonra proqrama uyğun olaraq Ümummilli Lider Heydər Əliyevin büstünün açılışı oldu.

Tədbir iştirakçıları mərkəzin açılışı şərəfinə qırmızı lenti kəsdilər.

“Azərbaycan bizim qəlbimizdə” adlı fotosərginin açılışı oldu.

Daha sonra “Türkiyə-Azərbaycan-ŞKTC əlaqələrinin gələcəyi” mövzusunda konfrans keçirilib.

Qeyd edək ki, Girnədəki Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzinin binasında tədbirlərin, o cümlədən sərgilərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Heydər Əliyev irsinin tədqiqi mərkəzi, kitabxana, incəsənət emalatxanası, Tədqiqatlar və Robotlaşdırılmış Kodlaşdırma Mərkəzi, Azərbaycanın milli rəqsləri dərnəyi, türk dilinin öyrənilməsi şöbəsi fəaliyyət göstərir. Çoxsaylı kütləvi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan 300 nəfərlik meydança da burada yerləşir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
154
8
sia.az

8Mənbələr